Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu il mayın 8-9-da Vaşinqtona planlaşdırılan səfəri qeyri-müəyyən müddətə təxirə salınıb. Səfərin ləğvi ilə bağlı rəsmi açıqlamanın olmadığını nəzərə alsaq, bu qərarın səbəblərini ancaq təxmin etmək olar. ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, hazırda səfərlə bağlı plan yoxdur.
Aprelin 26-da isə ABŞ-nin Türkiyədəki səfiri Cef Fleyk jurnalistlərə açıqlamasında səfərə hazırlıqların davam etdiyini bildirərək, səfərin tarixi ilə bağlı rəsmi açıqlamanın səfərdən az əvvəl açıqlanacağını qeyd edib. Bu tarix uzun müddətdir ki, məlum deyil. Maraqlıdır ki, bununla bağlı rəsmi açıqlama yoxdur.
Tərəflər razılaşarsa, bu, Cozef Baydenin Oval kabinetin yeni sahibi olduğu 2021-ci ilin yanvarından bəri Ərdoğanın ABŞ-yə ilk rəsmi səfəri olacaq. Əks halda, noyabr ayına təyin edilmiş prezident seçkilərini nəzərə alsaq, ABŞ dövlətinin hazırkı rəhbəri bütün fəaliyyəti dövründə türkiyəli həmkarını Ağ Evdə qəbul etməyən ilk prezident kimi ölkə tarixinə düşmək riski daşıyır.
NATO-nun yaranmasının 75-ci ildönümü ilə bağlı iyulun 9-11-də Vaşinqtonda Türkiyə Prezidentinin də iştirak edəcəyi sammitin keçiriləcəyi də məlumdur. Müşahidəçilər bu tədbirdə Ərdoğanla Bayden arasında görüş ehtimalının yüksək olduğunu qeyd edirlər. Bu, yenə də Ağ Evdəki rəsmi qəbuldan əhəmiyyətli dərəcədə aşağıdır.
ABŞ səfərinin tarixçəsi
Türkiyə dövlət başçısının ABŞ-yə planlaşdırılan səfəri ilə bağlı xəbərlər martın ikinci ongünlüyündə, yəni bələdiyyə seçkiləri ərəfəsində mətbuatda yayılmışdı. Seçkilərdən sonra isə Türkiyə mediasında səfərin vaxtı açıqlanmışdı. Lakin aprelin 20-də Türkiyədə bəzi media orqanları Prezident Ərdoğanın ABŞ-yə səfərinin təxirə salındığı xəbərini yaydı. Səfərin təxirə salındığı aprelin 25-də rəsmi olaraq təsdiqlənsə də, bunun səbəbi açıqlanmayıb. Qeyd edək ki, hadisələrin bu istiqamətdə inkişafı ilk dəfədir ki, baş verir. Bəzi yerli media orqanları təşəbbüsün Ankaradan gəldiyini iddia ediblər.
Sonuncu dəfə Ərdoğan və Bayden arasında görüş 2023-cü ilin iyul ayında Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən NATO sammiti çərçivəsində baş tutub. Məhz bu sammitdə Türkiyə uzun müddətdən sonra İsveçin NATO üzvlüyünə “yaşıl işıq” yandırıb. Bundan sonra ABŞ-Türkiyə münasibətləri bir qədər yumşalıb. Bayden hətta Konqresə məktub göndərərək onu F-16 qırıcılarının Türkiyəyə satışına maneə yaratmamağa çağırıb, nəticədə, ABŞ hökuməti bu ilin əvvəlində Ankaraya həmin qırıcıları satmağa razılaşıb.
Digər tərəfdən Qəzzada davam edən müharibə fonunda və Türkiyənin bölgədəki əhəmiyyəti nəzərə alınaraq, Vaşinqtonla Ankara arasında dialoqun dərinləşməsi qeydə alınıb. Dövlət katibi Blinken regiona səfəri çərçivəsində bir neçə dəfə Türkiyəyə gəlib və burada türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Türkiyənin İsrailə münasibətlərinin gərginləşdiyi bir vaxtda, Ankaranın İsrailə ticarət embarqosu tətbiq etməsi fonunda Prezident Ərdoğanın Vaşinqton səfəri xüsusi maraq doğurur.
Kimdir müqəssir?
Hər iki ölkə mətbuatının yazdığına görə, Ərdoğanın Vaşinqton səfəri texniki səbəblərə görə təxirə salınıb. Yəni heç bir tərəf səfərin ləğvi və ya mümkünsüzlüyündən danışmır. Bəs o zaman Türkiyə-ABŞ sammitinin təxirə salınmasının səbəbi nədir? Bu gün ekspert birliyində bir neçə versiya müzakirə olunur.
Vaşinqtonda yaşayan türkiyəli ekspertlərin irəli sürdüyü iddialara görə, söhbət səfərin statusundan gedir. Bildirilir ki, Türkiyə tərəfi guya amerikalı həmkarlarından Prezident Ərdoğana yüksək səviyyəli dövlət səfəri çərçivəsində qəbul tələb edib, bundan imtina edilib və nəticədə, səfər qeyri-müəyyən müddətə təxirə salınıb. Adətən, Vaşinqton yalnız ən mühüm müttəfiqlərini və ya xüsusi qonaqlarını bu səviyyəli tədbirlərlə qarşılayır. Bu zaman gələn qonağın şərəfinə posterlər, bayraqlar asılır, fəxri qarovul dəstəsi düzülür və Ağ Evdə fəxri nahar verilir və sair.
Başqa bir versiyaya görə, Vaşinqton Ankaradan Moskva ilə münasibətlərinə yenidən baxmağı, xüsusən ondan aldığı “S-400” hava hücumundan müdafiə batareyalarını üçüncü ölkəyə təhvil verməyi tələb edib. Guya Ankaranın bu şərti qəbul etməkdən imtina etməsi, səfərin ən azı bu tələb yumşaldılana qədər təxirə salınmasına səbəb olub. Bu ehtimalı gücləndirən versiya səfər ertələndiyi günlərdə Türkiyənin müdafiə naziri Yaşar Gülər gözlənilmədən bildirdi ki, Türkiyə Rusiyadan aldığı S-400 HMM sistemlərini 3-cü ölkəyə, o cümlədən Ukraynaya vermək fikrində deyil.
Nəhayət, Qəzzadakı müharibə ilə bağlı bir versiya da var. Türkiyənin son vaxtlar İsrailə qarşı bir sıra sərt tədbirlər həyata keçirdiyi məlumdur. Belə ki, aprelin əvvəlində İsrailə 50 növ malın ixracına qadağa qoyulub, üç həftə sonra - Vaşinqton səfəri ləğv edildikdən və ya təxirə salındıqdan sonra yəhudi dövləti ilə tədarük və ticarət əlaqələri tamamilə dayandırılıb. Bəzi məlumatlara görə, Qəzza zolağındakı müharibə Vaşinqtonda baş tutmayan görüşdə planlaşdırılan müzakirə mövzularından biri olub. Baxmayaraq ki, Vaşinqtondan buna müsbət reaksiya verilməyib.
Bu versiyalardan hansının olduğunu demək çətindir. Lakin bir şey məlumdur ki, Vaşinqton görüşü indi həm Türkiyə hakimiyyəti, həm də Ağ Ev üçün ciddi əhəmiyyət kəsb edir. Bu mənada Ərdoğanın Vaşinqton səfərinin tamamilə təxirə düşdüyünü demək olmaz, amma rəsmi səfərin nə zaman baş tutacağı ilə bağlı açıqlama da verilmir. Bu isə səfərin baş tutub-tutmayacağı sualını açıq saxlayır.
Yekun
Türkiyə-ABŞ münasibətlərinin son illərdə rəvan olmadığı hər kəsə məlumdur. Hər nə qədər rəsmi müttəfiqlik və qarşılıqlı əlaqələr qorunub saxlanılsa da, Türkiyənin son illərdə ABŞ-nin maraqlarına uyğun olmayan addımları, Rusiya ilə yaxınlaşma, Şərqi Aralıq dənizi böhranı, eləcə də Vaşinqtonun İsrail siyasəti, Suriya kürdlərinə dəstəyi və Vaşinqtonda Türkiyə hakimiyyətinə qarşı sərt tənqidi ritorika iki ölkə münasibətlərində “yaralı nöqtələr”dir.
Ən son olaraq Prezident Ərdoğan ABŞ-nin İsrailə 26 milyard dollarlıq yardımını tənqid edərək Vaşinqtonun İsrailə yardımlarının problemin həllinə kömək etmədiyini bildirməsi Ankara və Vaşinqton xəttində hələ də ciddi soyuqluğun olduğunu göstərir.
9 may səfərinin ləğv edilməsi həm də onu göstərir ki, Ankara hazırkı Ağ Ev administrasiyası ilə problemlərin həllinə o qədər də ümid bəsləmir. O, noyabr seçkilərindən sonra yeni prezidentlə daha rahat dil tapacağına ümid edir. Amma hər halda, bu, kövrək də olsa, münasibətləri yaxşılaşdırmaq üçün bir fürsətdir. Çünki yeni prezidentin kimliyi yalnız seçkilərdən sonra məlum olacaq.
Fakt odur ki, Vaşinqton və Ankara münasibətlərində ciddi problemlər var. Bunların bir səfərlə aradan qaldırılması mümkün deyil. Bu mənada hətta baş tutacaq Vaşinqton səfərinin iki ölkə münasibətlərində son illərdə yığılıb qalmış problemləri həll edəcəyini düşünmək sadəlövhlük olardı. Son illərin təcrübəsi onu göstərir ki, Türkiyə Qərb tərəfindən ona verilmiş rolu davam etdirmək istəmir. Əksinə, regionun fəal oyunçusu kimi çıxış etmək istəyir. Vaşinqtonun isə Ankara ilə bağlı öz baxışları var. İki ölkə münasibətlərinin yenidən qurulması, başqa sözlə, “restart” edilməsinə ehtiyac var. Bunun üçün isə indi nə Ankara, nə də Vaşinqton hazır deyil.