Türkiyə-Çin əlaqələrində yumşalma

  • 06.06.2024
  • 62 baxış

Türkiyənin xarici işlər naziri Hakan Fidan çinli həmkarı Wang Yinin dəvəti ilə Çinə 3 günlük səfər edib. Səfər Pekinlə yanaşı Urumçu və Kaşğar kimi uyğurların sıx yaşadığı bölgələri də əhatə edir. 

Fidan Pekində eyni zamanda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, həmçinin Siyasi və Hüquqi işlər komissiyasının sədri Chen Wenqing tərəfindən qəbul edilib. Eləcə də “Dəyişən dünyada nizamında Çin-Türkiyə əlaqələri” başlıqlı çıxış edib. həmçinin Fidan uyğurların yaşadığı Urumçi və Kaşğar şəhərlərinə səfər edib, burda yerli əhali ilə görüşüb. 

Fidanın 3 günlük səfəri və keçirdiyi görüşlərin coğrafiyası iki ölkə münasibətlərində yeni bir səhifə açmaq cəhdi kimi yozula bilər. Səfər geniş bir zaman - 3 gün - əhatə edir, görüşlər Çinin aparıcı siyasi şəxsləri və ən əsası uyğur bölgəsini də əhatə edir. Belə görünür ki, hər iki tərəf barışığa hazırlaşır.

Məsələ ondadır ki, Ərdoğanın hakimiyyətdə olduğu dövrdə Türkiyə-Çin münasibətlərində müəyyən yumşalma olsa da, 2019-cu ildə Ankaranın Çini uyğun türklərinə qarşı “sistemli assimilyasiya” həyata keçirməkdə və müsəlmanları xüsusi düşərgələrdə saxlamaqda ittiham etdikdən sonra münasibətlər daha da pisləşib. 

Üstəlik son illərdə Suriyada vuruşan radikal islamçı uyğurlar mövzusu Pekin-Ankara münasibətlərində ciddi çat yaradıb. Hazırda Suriyanın şimalında 3 ən böyük radikal islamçı təşkilatdan biri uyğurlarıdan təşkil olunmuş 15 min üzvü olan Türküstan İslam Partiyasıdır. Pekin bu qruplaşmanı özünə qarşı ciddi təhlükə olaraq gördüyü üçün terror təşkilatı siyahısına əlavə edib, hətta TİP üzvlərini yaxalamaq üçün Suriyaya hərbi nümayəndə heyəti göndərib.

Ancaq Hakan Fidanın səfəri onu göstərir ki, Pekin və Ankara aradakı buzları əritməyə çalışır. Fidan Suriyadakı hərbi vəziyyəti mükəmməl şəkildə bilən və buradakı prosesləri Türkiyənin mənfəətinə çevirməyi bacaran biri kimi görünür ki, Çinlə soyuqluğu aradan qaldırmağa çalışır. Mümkündür ki, Ankara barışıq üçün Pekinə uyğur mövzusunda bəzi öhdəlikləri vəd edib. 

Hakan Fidan bildirib ki, Türkiyə Çinin ərazi bütövlüyü, siyasi suverenliyini dəstəkləyir və “daxildə qarışıqlıq yaratmağa çalışan hadisələri dəstəkləmir”. 

Yeri gəlmişkən, Fidan 2012-ci ildən sonra Uyğur vilayətinə səfər edən ən yüksək rütbəli Türkiyə dövlət rəsmisi olub. Güman ki, Ankara Çinlə münasibətləri qaydaya salmaqla “orta dəhliz” üçün Pekinin dəstəyini almaq istəyir. Bundan başqa Türkiyənin Mərkəzi Asiyaya “acılımı” qarşısında əsas maneə Rusiya və Çindir. Bu mənada son bir ildə həm Azərbaycan. Həm də Türkiyə Mərkəzi və Orta Asiya ilə bağları gücləndirir, eyni zamanda Pekinlə dialoqu dərinləşdirmyə çalışır. Fidanın səfəri bu istiqamətdə ilk yüksək səviyyəli təmasdır, ancaq Çin dövlət başçısını Türkiyəyə dəvət etməsi onu göstərir ki, münasibətlər daha yüksək səviyyədə görüşlərə çevriləcək.

Digər xəbərlər