İslam Respublikasının növbəti prezidenti

  • 28.05.2024
  • 83 baxış

Prezident İbrahim Rəisi hələ torpağa tapşırılmasa da, İranın növbəti prezidenti ilə bağlı müzakirələr artıq başlayıb. Doğrudur, İranda prezident ölkənin birinci şəxsi deyil, lakin hazırkı dini liderin 85 yaşının olması və bu posta prezidentlikdən gəldiyi üçün prezidentin kimliyi maraq doğurur. Yeri gəlmişkən, mərhum Rəisinin də adı dini lider postuna namizədlər arasında hallanırdı.

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək. Ona qədər isə vitse-prezident Məhəmməd Möhbər prezidentin səlahiyyətlərini icra edəcək. Möhbər eyni zamanda seçkini təşkil edəcək parlament spikeri və ali məhkəmə sədrinin də daxil olduğu 3 nəfərlik heyətin üzvüdür. 

68 yaşlı Möhbərin özünün də adı prezidentliyə namizədlər arasında hallanır. Ötən gün Ermənistan baş naziri Paşinyanla görüşündə Möhbər deyib ki, İranın qonşularla münasibətləri əvvəlki qaydada davam edəcək. Bu açıqlama Möhbərin prezidentliyə həvəsi kimi yozulub. Çünki 40 günlük müvəqqəti prezident əvəzedicisinin ölkənin gələcək siyasəti ilə bağlı əmin danışması mümkün deyil. Lakin dini liderə sadiq və yaxın şəxs olan Möhbər patronu İbrahim Rəisi kimi itaətkar kadrdır, seçkilərə qatılması üçün dini liderin razılığını alacaq. 

Digər potensial namizədlər isə aşağıdakı şəxslərdir.

1. Parlamentin spikeri Məhəmməd Baqir Qalibaf. Sepah generalı Qalibaf mühafizəkar qrupun parlaq nümayəndəsidir. Tehran meri olub və bir neçə dəfə prezidentliyə namizədliyini sınayıb. Maraqlıdır ki, İran mediasında ilk gündən onun namizədliyi hallanır. 

2. Əli Laricani. Daha əvvəl xarici işlər naziri və parlament spikeri postunu tutmuş Laricani dini liderin yaxınında yer alırdı. Qardaşı Sadiq Laricani isə ali məhkəməyə rəhbərlik edirdi. Lakin son illərdə Laricani qardaşların ulduzu sönüb. Əgər dini elita bu dəfə “yaşıl işıq” yandırarsa əsas namizədlərdən biri Əli Laricani olacaq. 

3. Səid Cəlili. Təhlükəsizlik Şurasının keçmiş katibi, nüvə danışıqları qrupunun rəhbəri Səid Cəlili mühafizəkar qanadın nüfuzlu simalarındandır. Rəisi kimi Məşhəd qrupundan hesab olunur. Hazırda Sistemin Məsləhətini Müəyyən edən Şuranın üzvüdür.  

Əlbəttə, bunlar adı bu və ya digər formada namizəd kimi hallanan şəxslərdir. Seçkidə kimin iştirakına isə 12 nəfərdən ibarət “Keşikçilər Şurası” qərar verəcək. Şura üzvlərinin 6 nəfərini dini lider, digər 6 nəfərini isə Ali Məhkəmə təyin edir. Bu da həm də o deməkdir ki, növbəti prezidentin mühafizəkar qanaddan olma ehtimalı yüksəkdir. Ancaq son qərarı “Şura” və onu idarə edənlər verəcək.

Digər xəbərlər