İran aprelin 1-də Dəməşqdəki səfirliyinin bombalanmasına 2 həftə sonra İsrail ərazisini bombalamaqla cavab verdi. 1991-ci ildə körfəz müharibəsi gedişində Səddam Hüseynin İsrailə atdığı 39 ədəd “Skad” raketini çıxmaqla 1973-cü il “Youm Kippur” müharibəsindən sonra 50 il ərzində İsrail ərazisi ilk dəfə başqa bir il ölkə tərəfindən hədəfə alındı.
İranın bu gecə İsrailə endirdiyi zərbələrdən çıxan nəticələr :
1. Tehran İsrailin davamlı olaraq İranın içində və region ölkələrində hücumlarını, nəhayət, Dəməşqdəki konsulluğunu vurmasına cavab verdi. Bununla da İsrailin “toxunulmaz” ölkə olmadığını və İsrail ətrafında yaranmış mifi dağıldı.
2. İranın hava zərbəsi “ölçülü” oldu və güman ki, İsrailin arzu etdiyi kimi, böyük müharibəyə səbəb olmadı. Tehran bunun üçün ciddi diplomatik səylər etdi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu həftə Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İraq xarici işlər nazirləri və HƏMAS lideri ilə telefon danışığı aparıb. Bundan başqa Rusiya, Belçika, Hollandiya, Kipr, İngiltərə, Almaniya, Hindistan, Avstraliya XİN rəhbərləri ilə danışıqlar aparıb, ABŞ-a hücumla bağlı xəbərdarlıq edərək faktiki olaraq böyük müharibə riskini aradan qaldırmış oldu.
3. İran İsrailə hava hücumunu özünün “silah paradına” çevirməklə güc nümayişi həyata keçirdi. Yerli və xarici mənbələr ötən axşam İrandan İsrailə doğru 185 kamikadze-PUA, 110 ballistik raket və 36 uzaq mənzilli raket atıldığını qeyd edir. Burda İranın demək olar ki, son illərdə istehsal etdiyti bütün raket və PUA növləri olub.
Ötən gecə İrandan İsrailə “Şahid-136” və onun nisbətən daha kiçik modeli olan “Şahid-131” delta dronları, həmçinin reaktiv motorlu, 2 min kilometr məsafəyə uçmaq qabiliyyətinə malik “Araş-2” kamikadze dronları, 250 kiloqram partlayıcı başlığı daşıyan “Karrar” kamikadze dronları “göndərilib”.
Raket siyahısı da “rəngarəng” olub. Uzaq mənzilli, 2 min km məsafəyə malik 1,5 ton ağırlığında “Xürrəmşəhr-4” raketləri, 2022-ci il istehsalı 1400 km məsafəyə uçan, 13 mach sürəti olan “Fəttah” hipersonik ballistik raketləri, eləcə də onun nisbətən inkişaf etmiş versiyası olan “Fəttah-2” HGV raketi, 2 min kilometr mənzili olan və 650 kiloqram döyüş başlığına malik “Siccil” raketləri, 2 min km uçuş məsafəsi olan “İmad”, “Qadir-F” ballistik raketləri İrandan İsrailə doğru “yola salınıb”.
Bu siyahıdan məlum olur ki, Tehran İsrailə qarşı bütün yeni silahlarını sınaqdan keçirib. Bu bir mənada meydan oxumaq, güc göstərməkdir. Təsadüfi deyil ki, axşamdan bu yana ABŞ və İsrail mediası İranın dron və raket arsenalından yazmaqdadır.
Nəticə etibarı ilə 14 aprel aktı İranın İsrailə cavab vermək iqtidarında olduğunu, hərbi gücünü və regional güc olduğunu nümayiş etdirməyə xidmət etdi. Eyni zamanda bu aksiya mütəxəssislərin hesablamalarına görə, İsrail və onu İran dronlarından mühafizə edən müttəfiqlərinə 1 milyard dollar ziyan vurdu, İsrailin İrana qarşı əks-həmləsinə səbəb verməməklə Tehranı mümkün təhlükədən xilas etdi.
Bu mənada 14 aprel hücumunu Tehranın yaxşı planlanmış hərbi-siyasi gedişi adlandırmaq olar. Başqa deyimlə, İran-İsrail qarşıdurmasının növbəti raundu heç-heçə ilə başa çatdı. Lakin axşamkı hadisə onu göstərdi ki, hər iki ölkə bundan əvvəl bir-birinin ərzisində kəşfiyyat-diversiya və ya 3-cü ölkələrdəki nümayəndəlikləri (İsrail Dəməşqdəki İran konsulluğunu, İran isə Ərbildəki İsrail kəşfiyyat stansiyasını) vurmaq dövrünü arxada qoyub. Növbəti qarşıdurma böyük müharibə ola bilər.