Bazar günü əl-Qaidənin Ərəbistan yarımadası filialı (AQAP) lideri
Xalid Batarfinin ölüm xəbəri yayılıb. Batarfinin hansı səbəbdən və necə öldüyü
haqda məlumat yoxdur. Ancaq sahə üzrə ixtisaslaşmış media orqanları AQAP-ın
yeni liderinin Yəmən əsilli Səəd bin Atif əl-Əvlaki olduğunu yazır.
Qeyd edək ki, Batarfi haqqında elə də çox məlumat yoxdur. Əldə olan
bilgilərə əsasən Batarfi 40 yaşlarında olub, 2020-ci ildə AQAP-ın bundan əvvəlki
lideri Qasim ər-Rayminin ABŞ ordusu pilotsuz təyyarələri tərəfindən öldürülməsindən
sonra təşkilata yeni lider olaraq seçilib. Yeri gəlmişkən, ər-Raymi özü də sələfi
Nəsr əl-Vuheyşinin 2015-ci ildə yeni amerikalıların həyata keçirdiyi dron
hücumu nəticəsində öldürülməsindən sonra təşkilata rəhbər seçilmişdi.
Bazar günü öldürülən Batarfi isə daha əvvəl AQAP-ın şəriət məhkəməsi
hakimi və qruplaşmanın rəsmi sözçüsü vəzifəsini icra edib. ABŞ 2018-ci ildə
Batarfini “qlobal terrorçu” elan edərək onun başına 5 milyon dollar mükafat təyin
etmişdi.
AQAP-ın yeni lideri Səəd bin Atif əl-Əvlaki yəmənlidir və AQAP-ın
Şura Məclisinin üzvüdür. Əvlaki də amerikalılar tərəfindən axtarılan
terrorçular siyahısında yer alır. Onun başına ABŞ Dövlət Departamenti tərəfindən
6 milyon dollar mükafat təyin olunub.
Qeyd edək ki, əl-Qaidənin ən güclü qollarından biri olan Yəmən əl-Qaidəsi
və ya tam olaraq “Ərəb yarımadası əl-Qaidəsi” yalnız Yəməndə deyil, bütövlükdə
Ərəbistan yarımadasında fəaliyyət göstərir. Ancaq təşkilatın əsas hərbi gücü Yəməndədir.
Daha əvvəl fəaliyyət göstərməsinə baxmayaraq 2009-cu ildə Səudiyyə Ərəbistanı və
Yəmən əl-Qaidə qruplaşmalarının birləşməsi nəticəsində daha da böyüyüb.
Qruplaşmanın ilk lideri Nasir əl-Vuheşyi 2015-ci ilin iyununda Amerika Birləşmiş
Ştatlarına məxsus pilotsuz təyyarənin həyata keçirdiyi hücum zamanı öldürülüb.
Bundan əvvəl 2014-cü ildə isə qruplaşmanın daha bir lideri Məhəmməd Səid əş-Şabani
öldürülüb. 2015-ci ilin məlumatlarına əsasən Yəmən əl-Qaidəsinin bu ölkə ərazisində
4 minə yaxın silahlı döyüşçüsü var.
2017-ci ilin noyabrında isə ABŞ ordusunun aviazərbələri nəticəsində Yəmən
əl-Qaidəsinin daha bir lideri Mücahid əl-Adani və onun 4 silahdaşı öldürülüb.
Qeyd edək ki, 1998-ci ildə yarandığı ehtimal olunan AQAP və ya Yəmən əl-Qaidəsinin
əsas qurucusu və ideoloqu əl-Qaidənin ikinci lideri, bir neçə il əvvəl
Əfqanıstanda öldürülmüş Əyman əz-Zəvahiridir. Yəmən əl-Qaidəsinin digər əl-Qaidə
qruplarından fərqi onun Yəməndə savaşda iştirak etməsi və müəyyən bölgələrə nəzarət
etməsidir. Bu səbəbdən də bəzi media orqanlarında bu qruplaşmanı “Əl-Qaidənin
sonuncu qalası” da adlandırırdılar.
2015-ci ildə Yəmən əl-Qaidəsi Fransa paytaxtında “Şarli Hebdo”
jurnalının redaksiyasına hücumu həyata keçirib. Jurnalın redaksiyanın hücum edən
terrorçular 12 nəfəri öldürmüşdü. Bu hadisə bütün dünyada geniş rezonans
doğurmaqla yanaşı Yəmən əl-Qaidəsini bir daha yada saldı. Çünki hücumu həyata
keçirənlər Yəməndə əl-Qaidə düşərgələrində təlim keçdiyi məlum olmuşdu. Qeyd edək
ki, qruplaşma 2009-cu ildə ABŞ-da terror aktı planlaşdırıb, ancaq terror aktı ifşa
olunub. Bundan sonra Vaşinqton Yəmən əl-Qaidəsinə qarşı hücumları artırıb.
Daha sonra ABŞ hökuməti Yəməndə əl-Qaidə ilə mübarizə məqsədilə əməliyyat
qüvvələri göndərib. Məhz bu dövrdə terrorçuların ABŞ hərbçilərinə, hətta
helikopterlərə hücumu qeydə alınıb. 2011-ci ildə isə Yəmən əl-Qaidəsinin əsas
liderlərindən olan ABŞ vətəndaşı Ənvər əl-Əvlaki ABŞ ordusu pilotsuz təyyarələrinin
hücumu nəticəsində öldürülüb.
2012-ci ildə Yəmən inqilabından sonra əl-Qaidə bu ölkədə yaranmış
xaos nəticəsində xeyli güclənib. Hətta paytaxt Sənada hökumətə qarşı mitinqdə əl-Qaidə
üzvü kamikadzenin özünü partlatması nəticəsində 47 nəfər ölüb. İnqilabdan sonra
Yəmənin nəzarətsiz bölgələrində təlim düşərgələri quran əl-Qaidə üzvlərinin
sayını artırıb. 2014-cü ildə şiə-zeydi husilərin mərkəzi hökuməti ələ keçirməsi
ilə Yəməndə vətəndaş müharibəsi daha da alovlanıb. Bu zaman husilərə qarşı
savaşan əsas qruplardan biri də əl-Qaidə olub. Ancaq qruplaşma husilərlə
müharibə aparan devrilmiş prezident Mansur Hadiyə dəstək verməyib, özləri
ayrıca fəaliyyət göstərib. Bu dövrdə əl-Qaidə ilə bəzi yerli qəbilələr arasında
ittifaq bağlanması haqda xəbərlər yayılıb. Eyni zamanda Yəmən ordusundakı
zeydilərə hücumlar artıb.
Hazırda Yəməndə vətəndaş müharibəsi davam etdiyi üçün əl-Qaidə
yaranmış boşluqdan faydalanaraq gücünü və tərəfdarlarının sayını artırıb. Eyni
zamanda 2014-cü ildə İŞİD də Yəmənə yerləşib və hücumlar həyata keçirib. Vətəndaş
müharibəsi davam etdiyi müddətdə, köklü sülh əldə olunmadıqca Yəməndə əl-Qaidənin
mövcudluğunu qoruyub saxlayacağı ehtimal olunur.