1 mart seçkiləri İranda gözlənildiyi kimi, sönük keçdi. 2020 parlament və 2021-ci il prezident seçkilərində 50 faizin altına düşən seçici fəallığı bu dəfə bir qədər də geriləyərək 40 faizin altına düşdü. Hər halda hakimiyyət 40 faiz, müxaliflər, eləcə də Qərb mediası 34 faiz seçici fəallığı olduğunu yazır.
İran hakimiyyəti də seçkilərə namizədləri xüsusi “süzgəcdən” keçirib buraxdığı üçün diqqəti nəticələrdən daha çox seçici fəallığı mövzusuna yönəltmişdi. Ölkənin ali dini lideri, din xadimləri və Sepah komandanlığının ardıcıl müraciətlərinə rəğmən seçici fəallığı ötən seçkilərlə müqayisədə bir qədər də geriləyərək 40 faizin altına düşdü. Halbuki ölkə rəhbərliyi seçici fəallığını az qala milli məsələ kimi, Qərbə cavab olaraq qiymətləndirirdilər.
Seçkilərin sönük keçməsinin iki əsas səbəbini qeyd etmək olar:
1. Mövcud rejimdən və ölkədəki sosial-iqtisadi və siyasi vəziyyətdən narazı olan kütlənin passiv etirazı. Bu, ənənəvi müxalif kütləvidir, bundan əvvəlki seçkilərdə də hər zaman boykot və etiraz xəttini tutub. Onların sayı böyük deyil.
2. Əsas narazılıq mənbəyi “islahat” qanadının seçkilərə buraxılmaması. Konstitusiya Keşikçiləri Şurası (Şurayi Negahban) əksər “islahatçı” şəxsin, o cümlədən keçmiş prezident Həsən Ruhaninin namizədliyini rədd etməklə ümumi seçki prosesinə olan inamı zədələyib. Nəticədə islahat qanadına yaxın nüfuzlu şəxslər, o cümlədən, keçmiş prezident Məhəmməd Xatəmi seçkiləri boykot çağırışı elədi.
Hakimiyyət içərisindəki ultramühafizəkar qanad və ordu (Sepah) dövlətin bütün kilid nöqtələrini əllərində saxlamaq üçün seçki sisteminə nəzarəti əlində saxlamağa çalışır, bu isə etirazlara səbəb olur. Nəticədə seçicilərin bir çoxu passiv etirazı seçdilər. Bir qismi isə məntəqələrə gedərək boş bülletenləri qutuya atdılar.