İranda kritik seçkilər

  • 29.02.2024
  • 97 baxış

Martın 1-də İranda parlament və Xubreqan (Mütəxəssislər) Məclisinə seçkilər keçiriləcək. 290 yerlik parlament üçün 15200 nəfər namizəd, 88 yerlik Xubreqan üçünsə 144 namizəd yarışacaq.

Qeyd edək ki, İranda 61 milyon 172 min 298 nəfər səsvermə hüququna malikdir. Onlardan 30,9 milyon kişi, 30,22 milyon nəfər isə qadındır.

12-ci çağırış parlament və 6-cı çağırış Xubreqan seçkiləri ilə bir sıra diqqət cəlb edən məqamları qeyd edək. 4 il əvvəl keçirilən seçkilərdə mühafizəkarlar parlamentdə yerlərin böyük əksəriyyətini götürüb. Bu dəfə də onların qələbəsi qaçılmaz görünür. Mühafizəkar qruplar vahid siyahıda birləşib. İslahat cəbhəsində isə bölünmə var, bir qrup boykot tərəfdarı kimi çıxış etdiyi halda ikinci bir qrup seçkilərə getməyə çağırış edir. O cümlədən eks-prezident Həsən Ruhani əhalini seçkilərdə fəal iştirak edib hakimiyyəti tənqid edən namizədlərə səs verməyə çağırıb. Bu da seçkinin boykot olunacağı ilə bağlı xarici mediada aparılan təbliğatın nəticəsiz olacağını göstərir.

Hakimiyyəti əsas narahat edən seçici fəallığıdır. Hakimiyyətin əsas dayağı, İnqilab Keşikçiləri Korpusu, nüfuzlu müctəhidlər xalqa müraciət edərək səsvermədə fəal iştiraka səsləyiblər. Çünki İslam inqilabı tarixində ilk dəfə 2020-ci il seçkilərində əhalinin iştirakı 50 faizin altına düşüb. Hazırkı rəy sorğuları isə bu dəfə daha passiv iştirakın ola biləcəyini göstərir. Bu səbəbdən də dini lider və digər nüfuzlu şəxslər xalqı seçkilərdə iştiraka və Qərbin təbliğatına “cavab verməyə” səsləyib.

Beləliklə, İranda 1 mart seçkisinin əsas mövzusu seçki aktivliyi olacaq. Əgər mühafizəkar cinah seçici aktivliyinə nail olarsa o zaman qarşıdakı dövrdə hakimiyyətdə mövqelərini daha da gücləndirmiş olacaq. Əks təqdirdə seçici passivliyi İran daxilində siyasi qeyri-sabitliyi daha da dərinləşdirəcək.

 

 

Digər xəbərlər