Martın 1-də İranda keçiriləcək parlament seçkilərində qeydə alınan namizədlərin sayı 15220 nəfərə çatıb. Yarı rəsmi Tasnim internet saytının məlumatına görə, artıq Keşikçilər Şurası (İranda Konstitusiya və qanunlara rəy verən 12 nəfərdən ibarət ali orqan) namizədlərin böyük əksəriyyətini təsdiqləyib.
Yeri gəlmişkən, 1 mart seçkilərində 290 nəfərlik parlament üzvləri ilə yanaşı 88 nəfərlik “Mütəxəssislər Məclisi (Xubreqan) üzvlərini də seçiləcək. Din xadimlərindən təşkil olunan bu məclis isə ölkənin birinci şəxsi olan dini lideri seçir.
Maraqlıdır ki, daha əvvəl namizədlikləri rədd olunanların təxminən yarısı da təkrar müraciət etdikdən sonra qeydə alınıb. Bu isə İran hakimiyyətinin seçkilərə xüsusi əhəmiyyət verməsinin göstəricisidir. İki gün əvvəl dini lider də çıxışında xalqı seçkilərdə fəal olmağa, İranda “İslam və respublikanın olmasını istəməyən hegemon güclərə cavab verməyə” səslədi.
Görünür ki, İran hakimiyyəti seçkilərdə cəmiyyətin bütün qruplarının iştirak etməsi, kütləvi fəallıq istəyir. Çünki son illərdə İranda baş verən etirazlar cəmiyyətdə kəskin bölünmə əlamətləri ilə müşahidə olunmuş və bu da İslam Respublikası elitasını ciddi narahat etməyə bilməz. Bu səbəbdən də indi İran hakimiyyəti üçün seçkilərdə bütün təbəqələrin iştirakı və parlamentdə bütün siyasi qüvvələrin təmsilçiliyi, beləliklə daxildəki bölünmənin azalmasına çalışır. Həm etnik qruplar - ərəblər, kürdlər, bəluclar və sair. – arasında narazılıqlar, həm də Məhsa Əmini etirazları göstərdi ki, İran cəmiyyəti içərisində kəskin qruplaşma var və bu hər an partlayışa çevrilə bilər. Bundan yeganə qaçış yolu parlamentdə siyasi müxtəlifliyi zənginləşdirmək, fərqli qrupların təmsilçiliyinə, “mühafizəkar” qanadın bütün hakimiyyət qollarını ələ keçirdiyi görüntüsündən qaçmaqdır. Çünki qarşıdakı illər həm xarici təzyiqlər, həm də dini liderin əvəzlənməsi ehtimalı (hazırkı dini liderin 84 yaşı var) ölkə daxilində birliyi daha da zəruri edir.