Misir-İsrail münasibətləri niyə gərginləşir?

  • 29.01.2024
  • 120 baxış

Misir və İsrail arasında münasibətlər getdikcə daha da gərginləşir. İsrail hakimiyyətinin Misirin təklif etdiyi atəşkəs və sülh razılaşmasından imtina etməsi, İsrailin Qəza və Misir arasındakı sərhəddə yerləşən “Filadelfiya oxu” adlanan təhlükəsizlik zonasına nəzarəti almaq istəməsi, eləcə də Qəzza zolağına yardım maşınları məhdud şəkildə buraxması Qahirəni qəzəbləndirir. 

Misir prezidenti Əbdülfəttah əs-Sisi ötən gün çıxışında bildirib ki, Qəzza sərhəd-keçid məntəqəsindən yardım yüklərinin məhdud sayda keçməsinin səbəbkarı İsraildir. 

İsrailin Kanal 13 telekanalının yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netanyahu Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefonla danışmağa cəhd etsə də, Qahirədən rədd cavabı alıb. Belə görünür ki, Netanyahu artıq misirlilərin səbr kasasını daşdırır. 

Məsələ ondadır ki, Misir 1978-ci il “Kemp Devid” razılaşması ilə İsraili tanıyıb və artıq 45 ildir ki, iki ölkə, ümumilikdə Yaxın Şərq regionunda mövcud münasibətlər sistemi məhz bu razılaşma üzərində bərqərar olub. Vaxtaşırı baş verən gərginlik və silahlı toqquşmalar zamanı da Misir əsas vasitəçi rol oynayıb. Bu səbəbdən də hər nə qədər ərəb aləmində Misirə qarşı “Kemp Devid”ə görə tənqidlər olsa da, Qahirə vasitəçi rolu ilə bunu yumşaltmağa çalışıb.

Lakin 7 oktyabrda başlayan müharibədən sonra İsrailin həddən artıq sərt reaksiyası, dinc əhalinin məhv edilməsi, Qəzza zolağına yardımın buraxılmaması Misirin bu günə qədər olan mövcud vasitəçi rolunu zədələyir. İsrail hökumətinin getdikcə daha da qəddarlaşması, Misirin vasitəçilik təkliflərini rədd etməsi Qahirəni çətin vəziyyətdə qoyur. Çünki coğrafi olaraq Qəzzaya ən yaxın ölkə olaraq Misir həm də fələstinlilərin müdafiəsində mənəvi məsuliyyət daşıyır. Bu səbəbdən də indi rəsmi Qahirə dünyanın gözü qarşısında, xüsusən də ərəb ictimai rəyinin, ölkə vətəndaşlarının ciddi təzyiqi altındadır. 

Hələlik Vaşinqton Qahirənin daha sərt tutumunun qarşısını alsa da, Netanyahu hökumətinin hərəkətləri Qahirəni getdikcə daha çox narazı salır.

Digər xəbərlər