İsrail Hizbullahın müharibəyə qoşulmaması üçün Livana təzyiq edir

  • 13.12.2023
  • 121 baxış

Livan Hizbullah qruplaşması İsrailin Hizbullah qüvvələrinin Livanın cənubunda Litani çayının şimalına çəkilməsi ilə bağlı tələbini rədd edib. 
Qeyd edək ki, İsrail rəhbərliyi Livanın cənubunda artan gərginlik fonunda Livanı təhdid edərək Hizbullah qüvvələrinin 1701 saylı qərara əməl edərək Litani çayının şimalına – sərhəddən təxminən 25-30 kilometr şimala - çəkilməsi üçün 48 saat vaxt verib. Verilən vaxt sabah bitir.
Hizbullah İcra Şurasının sədr müavini Şeyx Əli Dumuş bildirib ki, İsrailin Livana öz iradəsini yeridəcək vəziyyətdə deyil. Eyni zamanda o, Livan müqaviməti (Hizbullah) İsrailin bu ölkənin suverenliyinə zərər vurmasına imkan verməyəcəyini bildirib.
Livanın cənubunda isə gərginlik sürətlə artır. İsrail və Hizbullah hər gün qarşılıqlı olaraq hərbi obyektləri vururlar. Hazırda dünyanın bütün diqqətini üzərinə çəkərək Qəzzada ağır müharibə aparan İsrailin Livanla bağlı verdiyi ultimatum Livanla sərhəddə vəziyyətin hər an nəzarətdən çıxa biləcəyi riski ilə bağlıdır.
Məslə ondadır ki, son illərdə ciddi siyasi-iqtisadi sarsıntılar keçirən Livanda sosial-iqtisadi vəziyyət fəlakət həddindədir. Ölkədə siyasi sistem işləmir. prezident seçmək növbəti dəfə mümkün olmayıb, hətta baş qərargah rəisini seçmək üçün siyasi qüvvələr qərar gələ bilmir. 2020-ci il Beyrut limanı partlayışından sonra məlum oldu ki, defoltun Astanasında olan bu ölkəni xilas etmək üçün xarici yardım da yetərli deyil. 
Bu səbəbdən də hazırkı münaqişə vəziyyətində yerli siyasi qüvvələr Hizbullaha təzyiq edərək İsraillə müharibəyə getməməsini istəyirlər. Çünki bu günə qədər 4 dəfə İsrail ordusu tərəfindən bombalanıb dağıdılan Beyrutun növbəti dəfə özünə gəlməsi mümkün deyil. Bu səbəbdən də siyasi qüvvələrin Hizbullah üzərində müharibəyə getməməklə bağlı təzyiqi var. Buna görə də İsrail rəhbərliyi maksimum dərəcədə təzyiq etməklə Hizbullahı sərhəddəki əməliyyatları dayandırmağa, dolayısı ilə şimalda təhlükə riskini azaltmağa çalışır. Hətta mümkündür ki, 48 saatın tamamında təhdid məqsədi ilə İsrail aviasiyası Beyrutu bombalasın, lakin ümumilikdə indiki vaxtda İsrailin iki cəbhədə vuruşması hərbi və iqtisadi cəhətdən ölkə üçün ağır yük ola bilər.

Digər xəbərlər