İsrail ordusu Qəzza zolağının cənub qismində quru əməliyyatlarına başlayıb. 3 gün davam edən bombardmandan sonra ordu qüvvələri Qəzza zolağının təxminən mərkəz hissəsində İsrailin Kissufim şəhəri istiqamətindən zolağa daxil olublar. Kissufim magistralı ilə irəliləyən İsrail ordusunun Qəzzanı şimaldan cənuba birləşdirən Səlahəddin magistralına çıxıb.
Hazırda ordunun əl-Qərara şəhərinin şimalına çıxdığı görünür. Ərəb mənbələri hazırda Həmas silahlıları ilə şiddətli toqquşmaların baş verdiyini bildirir. İsrail ordusu sözçüsü də “üz-üzə döyüşlərin” getdiyini bildirib.
İsrailin quru əməliyyatının ikinci fazasına başlaması onu göstərir ki, ordu və baş nazir Benyamin Netanyahunun daxil olduğu əməliyyatları davam etdirməyin tərəfdarı olan qrup qalıb gəlib. O da məlum olur ki, Qətərdə olan müzakirə heyəti, cümlədən Mossad rəhbəri geri çağırılıb.
Ancaq İsrailin əməliyyatları Qəzzanın cənubuna doğru genişləndirməsi bir sıra ciddi narahatlıqlar doğurur. Əvvəla mülki əhali itkisinin kəskin artmasına səbəb olacaq. Çünki hazırda Qəzza əhalisinin böyük əksəriyyəti cənuba sığınıb və İsrail ordusu cənubu bombalamağa başlayıb. Ötən bir sutka ərzində ölü sayı daha 300 nəfər də artaraq 15 500-ü keçib. BMT-nin məlumatına görə, hazırda Qəzzanın 2,3 milyon əhalisinin 80 faizi evlərini tərk edib.
Üstəlik İsrail ordusu onların cənuba doğru getməsini tələb edir. Bu isə Misiri yeni qaçqın ordusu ilə təhdid etməkdir. Xatırladaq ki, bir neçə həftə əvvəl Misir və İordaniya xəbərdarlıq edib ki, növbəti qaçqın ordusunun Qəzzadan çıxarılması hər iki ölkənin İsraillə müqavilələrə yenidən baxmasına səbəb ola bilər.
Başqa sözlə, müharibənin daha da şiddətlənməsi həm mülki əhali arasında itkilərin faciəvi şəkildə artmasına, həm də cənuba qovulan əhalinin növbəti köçə məcbur edilməsinə səbəb olur ki, bu da İordaniya və Misirlə münasibətləri zərbə altında qoyur. Eyni zamanda bu, Vaşinqtonun sülh təşəbbüslərinə olan ümidi azaldır. İsrail isə qərarlıdır, Təl-Əviv Həmas liderlərinin cənuba sığındığını və əməliyyatın davam edəcəyini bildirir. Başqa sözlə, tarana gedir. Bu hərəkət Qəzzada ən yaxşı halda dəhşətli insan fəlakətinə, ən pis halda isə müharibənin digər ölkələrə sıçraması deməkdir.