Pakistanın idmançı baş naziri

  • 29.11.2023
  • 95 baxış

Pakistanda keçmiş baş nazir İmran Xanın məhkəməsi davam edir. Keçmiş baş nazirin məhkəmə prosesi İslamabaddakı Federal Məhkəmə Kompleksində keçiriləcək. Xanın dinləmədə iştirakı keçmiş baş nazirin bu ilin avqustunda həbs olunduqdan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxışı olacaq. İmran Xan və keçmiş xarici işlər naziri Qureşi Federal Təhqiqat Agentliyi tərəfindən 1923-cü ildə qəbul edilmiş “Xarici İşlər Nazirliyinin diplomatik kodundan siyasi məqsədlər üçün istifadə etməklə” Dövlət Sirləri Aktını pozmaqda ittiham olunur. 

Xatırladaq ki, keçmiş kriket çempionu İmran Xan 2018-ci ildən 2022-ci ilə qədər Pakistanın baş naziri vəzifəsini tutub. Onun lideri olduğu Pakistan Ədalət Hərəkatı (Pakistan Tahrike İnsaf, qısa adı PTİ – K.R.) seçkilərdə ən çox səs qazanan partiya olub.

342 yerlik Pakistan parlamentinin aşağı palatasında 272 mandat ümumi səsvermə ilə əldə olunur. 70 mandat isə qadınlara və dini azlıqlara ayrılan kvotadır. Qanuna əsasən hökumət qurmaq üçün partiya və ya koalisiyaya minimum 172 mandat lazımdır. İmran Xanın hərəkatı ümumi seçkilərdə 116 mandat qazanıb və daha sonra müstəqillərin (9) və azlıqların (33) səsi ilə 158 mandat əldə edib. Parlamentdə ikinci ən çox səs alan partiya isə ümumilikdə 64 səs alıb. Beləliklə, koalisiya quraraq 172 lazımı səs alan İmran Xan Pakistanın baş naziri olub.

Lakın onun hakimiyyəti 4 il davam edə bilib. Bu il martın sonlarında müxalifət hökumətə qarşı etiraz aksiyaları keçirib. Müxalifət ölkədəki iqtisadi vəziyyətin pisləşməsi, sürətli bahalaşma və korrupsiyanı əsas gətirərək baş nazirin istefa verməsini tələb edib. Ancaq baş nazir İmran Xan bu aksiyaların xarici, daha dəqiqi Qərb ölkələrinin işi olduğunu deyərək istefa verməkdən imtina edib. Ancaq daha sonra hakim koalisiyadan 13 deputat ayrılaraq müxalifətə keçməsi ilə iqtidar üçün lazım olan mandat sayını itirən İmran Xan parlamentin buraxılması üçün prezidentə müraciət edib. Prezident Arif Alvi isə aprelin əvvəlində hökuməti buraxıb. Qarşıdakı 3 ay ərzində yeni seçkilər keçirilməsi, bu dövrdə isə keçid hökumətinə İmran xanın rəhbərlik etməsi qərarlaşdırılıb. Lakin müxalifət Ali Məhkəməyə müraciət edərək prezidentin qərarını ləğv etdirib və nəticədə İmran xan postunu itirməli olub. Yenidən toplanan parlament isə müxalifət partiyalarının geniş koalisiyasını qurub, keçmiş baş nazir Nəvaz Şərifin qardaşı, Pakistan Liqası Partiyasına başçılıq edən Şahbaz Şərif baş nazir seçilib.

Baş nazir postundan getsə də, 69 yaşlı İmran Xan təslim olmayıb. Ötən müddətdə Pakistanın bütün regionlarını gəzən İmran Xan mitinqlər təşkil edərək hökuməti və onun devrilməsində rolu olan qurumları, o cümlədən ordunu tənqid edir.

Belə görünür ki, yeni hökumət dövründə Pakistanın iqtisadi və sosial-siyasi həyatında ciddi dəyişikliklər olmadığı üçün İmran Xanın dəstəyi artır. İyul ayında onun partiyası əyalət seçkilərində qalib gəlib, oktyabrın 16-da isə Pakistan parlamentinə keçirilən aralıq seçkilərdə 8 yerdən 6-nı qazanıb.

Görünür ki, bu gözlənilməz uğurları İmran Xanın rəqiblərini narahat etdiyi üçün baş nazirə qarşı siyasət qadağası tətbiq olunması gündəmə gəlib. Lakin bu qadağanın nə qədər uzun ömürlü olacağını Ali Məhkəmə müəyyən edəcək. Əgər yüksək məhkəmə MSQ-nın İmran xana qarşı siyasət qadağasını ləğv eləsə, o zaman Pakistanın növbədənkənar seçkilərə getmək ehtimalı yüksəlir.

İmran Xana qarşı seçki qadağasına səbəb olan ittiham isə onun baş nazir olduğu dövrdə verilən bəzi hədiyyələri satmasıdır. Daha doğrusu, satdığı hədiyyələr və əldə olunan gəliri bəyan etməməsidir. Keçmiş baş nazirin ümumilikdə 100 min dollarlıq hədiyyəni satdığı iddia olunur. Bunların arasında 1 ədəd “Rolex”, 1 üzük və bir cüt köynək qol düyməsi var.

İmran Xan isə verdiyi ifadədə ona verilən hədiyyələrdən 4-nü satdığını və bununla bağlı bəyannamə verdiyini bildirib. Pakistan qanunlarına görə vəzifəli şəxslər onlara verilən hədiyyələri vəzifədən gedərkən dəyərinin 50 faizini ödəməklə özlərinə götürə bilərlər. Ancaq bu zaman bəyan etmələri vacibdir.

İmran xan isə 100 min dollar dəyərində hədiyyələri qanuni olaraq yarı qiymətinə satın aldığını və daha sonra ikiqat baha qiymətə satdığını verdiyi yazılı ifadədə etiraf edib.

Ancaq bir çoxlarına görə, istefadan 6 ay sonra, aralıq seçkiləri ilə eyni dövrə təsadüf edən siyasət yasağı qərarı daha çox sifarişlidir. Rəqibləri İmran Xanın yenidən hakimiyyətə qayıtmasından narahatdır. İmran Xan isə iqtidara qayıtmaqda işarar edir. Əgər proses bu şəkildə davam edərsə növbəti seçkilərdə və ya növbədənkənar seçkilərdə keçmiş baş nazirin partiyasının yenidən qalib gəlməsi ehtimalı yüksəkdir.

Lakin Xanın indi çox qüdrətli rəqibləri var. Xüsusən də ordunun ona qarşı olması İmran Xan üçün ciddi minusdur. Bir çoxlarına görə Xanın Moskva səfərindən dərhal sonra hədəfə çıxması Pakistan hakimiyyəti, xüsusən də ordu içərisindəki Qərbyönlü qüvvələrin sifarişi olub. İmran Xan da dolayısı ilə buna işarə edərək sifarişçi olaraq Vaşinqtonu göstərir. Oda var ki, Pakistanın hazırkı hökuməti ilə ABŞ arasında münasibətlər soyuyub. Çünki Şahbaz Şərif hökuməti Rusiya ilə əlaqələrini qoruyub saxlayıb. Üstəlik Pakistan Çinlə sürətlə yaxınlaşır. Bu səbəbdən də bu günlərdə ABŞ prezidenti Co Bayden Pakistanın nüvə silahına sahib olması faktını qeyd edərək bunu təhlükə adlandırdı. Yəni başqa sözlə, İmran Xana qarşı ABŞ maneəsinin daxili siyasətdə alət olası ehtimalı azalır. Bu da İmran Xan üçün əlverişlidir.

Bir sözlə, hələlik şans keçmiş baş nazirdən yanadır. Ancaq seçkilərə qədər sürprizlər də ola bilər. Pakistan şərq ölkəsidir, Şərqdə hər an gözlənilməz hadisələr baş verə bilər.

Digər xəbərlər