
ABŞ prezidenti Donald Tramp sentyabrın 23-də Nyu-Yorkda BMT baş qərargahında Fələstin toplantısı keçirib. Toplantıda Trampla yanaşı Türkiyə, Qətər, İordaniya, Pakistan və İndoneziya liderləri, habelə Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri qatılıb.
Gözlənildiyi kimi, ABŞ prezidenti “əhəmiyyətli iclas” adlandırdığı görüşdə Həmasın girovları azad etməsini və Qəzzada müharibənin bitməsini istədiyini deyib. Və eyni zamanda Avropa ölkələrinin Fələstin dövlətini tanınmasını isə tənqid edib.
Aydın məsələdir ki, ABŞ prezidentinin “əhəmiyyətli iclas” adlandırdığı toplantıya ərəb dövlətlərini yığmasının əsas səbəbi İsrailə dəstək və Avropanın Fələstin dövlətini tanıması barədə qərarına cavab məqsədi daşıyıb.
Çünki dünən Böyük Britaniya hökumət mənbələri Trampın Avropa ölkələrinin Fələstin qərarına cavab olaraq İsrailin İordan çayının qərb sahilindəki yaşayış məntəqələrini tanımağa hazırlaşdığı barədə məlumat veriblər. Hansı ki, İsrail rəhbərliyi də oxşar açıqlama yayaraq Fələstin muxtariyyəti ərazisini tamamən ilhaq edib Fələstin dövlətinə imkan verməyəcəyini bildirib.
“Times of Israel” nəşri yazıb ki, Netanyahu sentyabrın 29-da Ağ Evə edəcəyi ziyarət zamanı Trampa Fələstin ərazisini ilhaq planını müzakirə edəcək. Yəni faktiki olaraq Tramp Fələstin məsələsində İsrailin yanında yer aldığını və beynəlxalq aləmin İsrailə təzyiqini neytrallaşdırmaq üçün sərt addımlar atacağını göstərir.
Ümumilikdə 2025-ci il BMT Baş Assambleyası tarixə Fələstin müzakirələri ilə düşəcək. BMT-nin 80 illik yubileyinə təsadüf edən Baş Assambleyanın gedişində əsas çıxışlar Yaxın Şərq münaqişəsinin həllinə həsr olundu. Və təbii ki, əsas diqqət çəkən Avropa və ABŞ arasında Fələstin münaqişəsi ilə bağlı qarşıdurma oldu. Böyük Britaniya Baş Assambleyanın başlamasına bir gün qalmış Fələstin dövlətini tanıdı, Fransa isə Nyu-Yorkda Fələstin mövzusunda beynəlxalq konfrans keçirərək Fələstin dövlətini tanıdı.
ABŞ prezidenti isə açıq şəkildə Fələstin məsələsində İsrailin və əslində İsrailin radikal sağçı hökumətinin yanında yer aldı, faktiki olaraq dünyaya meydan oxudu. Baş verənlər bir daha göstərdi ki;
1. Dünyada beynəlxalq hüquq və ədalət sistemi işləmir.
2. Müsəlman ölkələri, xüsusən də ərəb dövlətlərinin bu münaqişənin həllində ciddi rolu yoxdur.
3. Fələstin-İsrail münaqişənin həlli beynəlxalq hüquq və ya vasitəçilərdən deyil, Fələstində milli birlik və silahlı gücdən asılıdır.