
Bu ilin sonuna qədər Suriya və İsrail arasında hərbi və təhlükəsizlik sahəsində bir çox istiqamətlərdə razılaşmalar əldə olunacaq. Bu barədə Dəməşq hökumətindəki mənbələr məlumat verib. O da bildirilir ki, hazırda Dəməşq və Təl-Əviv arasında fəal danışıqlar aparılır.
Yeri gəlmişkən, gələn həftə Bakıda İsrail və Suriya təmsilçiləri arasında növbəti görüş keçiriləcək. Bakı görüşündə əsas mövzu təhlükəsizlik olacaq.
Bu arada bu həftənin əvvəlində Suriya, İordaniya və ABŞ arasında Suveyda vilayətinin idarəçiliyi ilə bağlı üçtərəfli razılaşma imzalanıb. BU razılaşmaya əsasən, Suriya hökuməti Suveyda vilayətindən hərbi qüvvələri çəkir, yalnız yolda patrulları saxlayır, vilayətin təhlükəsizliyi isə yerli druz komandirə tapşırılır. Dəməşq iyulda druzlara qarşı qətliam törədilməsi ilə bağlı istintaq aparır və günahkarları cəzalandırır, həmçinin BMT müstəqil təhqiqat aparacaq. Bu razılaşma Suveyda vilayətinin Suriya hakimiyyətinə inteqrasiyası kimi təqdim olunsa da, əksini iddia edənlər də var. Çünki bu razılaşma faktiki olaraq İsrailin tələblərini yerinə yetirir.
Bu arada Suriyanın xarici işlər naziri Əsəd Şeybani ABŞ-a ilk səfərini edib və burada dövlət rəsmiləri ilə görüşüb. Şeybani həmçinin BMT Baş Assamnbleyasında iştirak edəcək. ABŞ rəsmiləri ilə görüşdə Suriya XİN rəhbəri Suriyaya sanksiyaları nəzərdə tutan embarqo paketinin ləğv olunması üçün iş aparacaq. Həmçinin ərəb mediasının məlumatına görə, Suriyanın keçici dövlət başçısı Əhməd əş-Şara da BMT Baş Assambleyasında iştirak edəcək və burada çıxış etməsi gözlənilir.
Son həftədə həm Suveyda vilayəti ilə bağlı əldə olunan üçtərəfli razılaşma, həm də Bakı görüşü xəbərləri onu göstərir ki, hazırda Suriya və İsrail arasında barışıq prosesi sürətlə aparılır. Heç şübhəsiz ki, bu işin əsas vasitəçisi ABŞ hökumətidir. Tramp Suriya və İsrail arasında onilliklərə dayanan münaqişəni dayandırmaq və iki ölkə arasında ən azı ilkin razılaşma əldə etməyə çalışır. Suriya üçünsə ABŞ və Aİ iqtisadi yardımlarını əldə etmək, habelə İsraillə qismən atəşkəsə nail olmaqda maraqlıdır. Çünki iyulda baş verənlər, İsrailin Dəməşqin mərkəzini vurması onu göstərdi ki, Suriyanın İsrail qarşısında müqavimət gücü yoxdur, üstəlik ABŞ və Aİ kimi müttəfiqlər İsraillə barışığı tələb edir. Əhməd əş-Şara hökuməti İsraillə barışığa çalışır.