
Bazar günü - sentyabrın 21-də Böyük Britaniya hökuməti Fələstin dövlətini
tanıdığını elan edib. Baş nazir Kir Starmer sosial mediada yayılan videomüraciətdə
bildirib ki, Yaxın Şərqdə artan dəhşətə son qoyulması və Fələstin münaqişəsinin
iki dövlətli həll yolunu qoruyub saxlamaq üçün “Fələstin dövlətini tanıma
zamanının gəldiyini” və Britaniyanın Fələstin dövlətini tanıdığını elan edib.
Böyük Britaniyanın ardınca Kanada və Avstraliya hökumətləri də Fələstin
dövlətini tanıdıqlarını elan edib.
Qeyd edək ki, adıçəkilən dövlətlər və habelə Fransa bu ilin iyul
ayında elan etmişdi ki, əgər sentyabra qədər İsrail Qəzzada atəşkəs elan edib
sülh prosesini başlatmasa, o zaman sentyabrda BMT Baş Assambleyasının gedişində
Fələstin dövlətini tanıyacaqlar.
Yeri gəlmişkən, Britaniya, Kanada və Avstraliyanın ardınca
Portuqaliya da Fələstin dövlətini tanıdığını elan edib. İndi sırada Fransa var.
İsrail hökuməti isə iyulda olduğu kimi, bu qərara sərt reaksiya verib. İyulda baş nazir Netanyahu tanıma qərarının “Həmasa dəstək” olduğunu demişdi. Ancaq qərar qəbul edən ölkələr bunun Həmasa heç bir halda dəstək mahiyyətində olmadığı, əksinə, tanımanın həm də İsrailin özünün düşdüyü vəziyyətdən çıxması üçün yeni fürsət yaratdığını qeyd edir.
Baş nazir Netanyahu dyeib ki, onlar Fələstin dövlətinin yaranmasına imkan verməyəcəklər. Çünki bu tanıma "Həmasa hədiyyədir".
Xatırladaq ki, 2012-ci ildə Fələstin muxtariyyəti BMT-nin müşahidəçi
üzvü seçilib. Ümumilikdə isə 20-ci əsrin 80-ci illərinin sonlarından etibarən
başda müsəlman ölkələri olmaqla BMT üzvü bir çox dövlət Fələstinin müstəqilliyini
tanıyıb. Son illərə qədər 140-dan çox dünya ölkəsi Fələstin dövlətinin müstəqilliyini
tanımaq barədə qərar verib. Ötən ilin may və iyun aylarında isə İspaniya,
Norveç, İrlandiya, Sloveniya, Ermənistan kimi dövlətlər də Fələstini müstəqil
dövlət olaraq tanımaqla bağlı qərar qəbul edib.
Hazırda BMT-nin 193 üzv ölkəsindən 150-dən çoxu Fələstin dövlətini
tanıyır. Fələstini rəsmi olaraq tanıyan ölkələr BMT-nin 1947-ci il Fələstin və
İsrail dövlətlərinin yaranması haqqında qətnaməsinə və həmçinin münaqişənin həlli
ilə bağlı sülh danışıqları prosesinin fəallaşmasına yardım məqsədi ilə bu
addımı atdıqlarını bildirir. Çünki Fələstin dövlətinin hələ də rəsmi olaraq
tanınmaması həm də sülh prosesini əngəlləyir.
Həmçinin İsraillə yanaşı ABŞ, Almaniya, Yaponiya, Cənubi Koreya,
İtaliya və daha bir çox ABŞ müttəfiqi ölkələr Fələstin dövlətini tanımaqdan
imtina edir. Bundan başqa ABŞ BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Fələstin
dövlətinin tanınması məsələsini səsverməyə çıxarılmasını əngəlləyir. Vaşinqton
və İsrailin əsas arqumenti Fələstindəki silahlı qrupların tanınmadan İsrailə
qarşı istifadə edəcəyi, habelə Fələstin dövlətinin yalnız İsrail və Fələstin
arasında sülh sazişindən sonra elan olunmasını təklif edir. İsrail hesab edir
ki, yekun sülh sazişi olmadan Fələstin dövlətinin tanınması danışıqlar
prosesini pozacaq. Halbuki 1990-cı illərin əvvəllərində İsrail və Fələstin
arasında iki dövlətin yaradılması və sülh danışıqlarının davamı ilə bağlı
razılıq əldə olunmuşdu. Lakin İsrail baş naziri İshaq Rabinin ölümündən sonra
sülh prosesi dayanmış və sonrakı dövrdə isə silahlı qarşıdurma daha da dərinləşmiş,
Həmas, İslami Cihad kimi silahlı qruplar daha da fəallaşaraq siyasətin mərkəzinə
yerləşmişdi.
İsrail İranın cavab zərbələrinə HAZIRLAŞIR
Lakin 2023-cü ilin oktyabrında başlayan növbəti müharibə dünyada
İsrailə münasibəti dəyişdi. İsrail hakimiyyətinin, xüsusən də Qəzza zolağına
qarşı qeyri-bərabər və həddən artıq güc istifadəsi dünyada İsrailə qarşı ciddi
etirazlara səbəb oldu. Bir sıra dünya ölkələri, o cümlədən Cənubi Afrika
İsrailin Qəzzada müharibə cinayəti və soyqırımı iddiası ilə Beynəlxalq Cinayət
Məhkəməsinə müraciət etdi. BCM isə Həmas liderləri ilə yanaşı İsrailin baş
naziri və müdafiə naziri barəsində həbs qərarı çıxardı və İsraili müharibə
cinayəti törətməkdə ittiham etdi. Keçən həftə isə BMT araşdırma komissiyası
hazırladığı hesabatda İsrailin 2023-cü ilin oktyabrından bu yana Qəzzada 5
epizodun 4-də soyqırımı cinayəti törətdiyi əksini tapmışdı. Bundan başqa,
İsrailin İordan çayının qərb sahili – Fələstin muxtariyyəti ərazisinə, Livan,
Suriya, İran və Qətərə hücumu nəticə etibarı ilə İsrail hakimiyyətinə qəzəbin
artmasına səbəb oldu. Xüsusən də Qəzzada tətbiq olunan zorakılıq və dinc
insanların ölümü dünyada, ələlxüsus da Avropa və Amerikada etirazlara səbəb
oldu. Faktiki olaraq Netanyahunun bu addımı İsrailə qarşı mənfi münasibətin
artmasına səbəb oldu.
Xüsusən də Böyük Britaniyanın Fələstin dövlətini tanıması barədə qərarının
çox səs-küyə səbəb olmasının bir neçə səbəbi var.
1. Tarixi aspekt. Böyük Britaniya 1917-ci ildə Birinci Dünya Müharibəsinin
gedişində Fələstin ərazisini işğal edərək Osmanlı İmperiyasından alıb. Bundan
sonra Fələstinə yəhudi köçü sürətlənib və sonrakı 30 il ərzində vəziyyət nəzarətdən
çıxıb və 1948-ci ildə İsrail dövlətinin yaranması ilə nəticələnib. Dolayısı ilə
tarixi baxımdan Fələstin-İsrail münaqişəsi Britaniya İmperiyası ilə bağlıdır.
2. Siyasi aspekt. Böyük Britaniya həm Qərb dünyasının aparıcı siyasi
mərkəzi, həm də ingilisdilli ölkələr üzərindəki siyasi-ideoloji təsiri
baxımından əhəmiyyətli ölkədir. Britaniya uzun illər, yəni faktiki olaraq bu
günə qədər İsrailin ən böyük dəstəkçisi və müdafiəçisi rolunu oynayıb.
Britaniyanın Fələstin münaqişəsi ilə bağlı qərarı heç şübhəsiz ki, Qərb
dünyasında Fələstin dövlətinin tanınması prosesini sürətləndirəcək.
3. Bu qərar ilk növbədə İsrail dövlətini xilas etməyə xidmət edir.
İngiltərə baş nazirinin də qeyd etdiyi kimi, Fələstin dövlətini tanıma qərarı əslində
İsrail dövlətinin maraqlarına xidmət edir. Netanyahu hökumətinin, xüsusən də
son bir ildə bütün regionu bürüyən aqressiv siyasəti faktiki olaraq İsrailin öz
maraqlarını təhdid edir və İsrailin beynəlxalq aləmdə və regionda təklənməsinə
aparır. Fələstin dövlətinin tanınmaması və Qəzzada davam edən soyqırımın
fonunda sülh prosesinin tamamilə sıradan çıxması münaqişənin həllini daha da çətinləşdirir.
Fələstin İsrail ilə danışıqlarda ABŞ-ın vasitəçiliyindən imtina etdi
Nəticə etibarı ilə bu qərarlar Netanyahu hökumətinə təzyiq edərək
sülh prosesinin önünü açmaq və münaqişənin nəhayət dinc siyasi danışıqlar
masasında həlli üçün qapıları aralamağa xidmət edir. Çünki Netanyahu hökumətinin
apardığı militarist və aqressiv millətçi siyasət nəticə etibarı ilə İsraili təkləməyə
və Yaxın Şərqdə sonu görünməyən böhran və müharibəyə aparır. Bundan yeganə
çıxış yolu isə İsrail hökumətinə təzyiq etməkdir. Hazırda davam edən müharibə
isə dünyanın vicdanı üçün ağır imtahana çevrilib.