
İraqın türkmanlar yaşayan Altınköprü rayonunda 3 gün davam edən etiraz aksiyaları keçirilib. İraq Türkmən Cəbhəsi, Türkməneli Tələbə və Gənclər Birliyi və türkmən vətəndaş cəmiyyəti təşkilatlarının təşkil etdiyi aksiya türkmanların yerli idarəçilikdən təcrid olunmasına etiraz məqsədi daşıyıb.
Kərkük vilayətində yerləşən Altınköprüdə yerli türkmənlər dövlət vəzifələrinə yaxın buraxılmır. Yerli fəallar bildirir ki, 20 ildir bu siyasət davam edir və bölgədə demoqrafik nizam məqsədli şəkildə pozulur. Hətta tarixi Altınköprü adı belə Pirde olaraq dəyişdirilib və rəsmi yazılarda Pirdə olaraq qeyd olunur.
Kərkük Təhsil İdarəsinin Altınköprü ərazi müdiri Xalid Köprülü yerli mediaya bildirib ki, onların əsas istəkləri bölgədə dövlət postlarına təyinatlarda türkman əhali də nəzərə alınmasıdır.
Qeyd edək ki, İraqın türkmən bölgələrində demoqrafik struktur uzun illərdir dəyişdirilməyə çalışılır. Daha əvvəl, 1950-70-ci illərdə Kərkük vilayətində neft və qaz ehtiyatları kəşf edildikdən sonra İraq hakimiyyəti əraziyə ərəb əhalini köçürməyə başlayıb. Eyni zamanda kürdlər də müstəqil şəkildə Kərkükə yerləşməyə çalışıb və nəticədə ərazinin yerli sakinləri olan türkmanların sayı azalıb.
1991-ci ildə ABŞ-İraq müharibəsindən sonra isə kürdlərin Kərkük və ətrafına köçü sürətlənib. 2003-cü ildə İraqın ABŞ tərəfindən işğalı zamanı kürdlər bölgədə daha da güclənib.
Nəhayət, 2014-cü ildə İŞİD-in Mosul və İraqın şimal ərazilərini ələ keçirməsi minlərlə türkmən əhalinin həm ölkə xaricinə, həm də daxilində köçkün düşməsinə səbəb olub. İŞİD məğlub edildikdən sonra isə ərazi kürd peşmərgələrinin nəzarətinə keçib.
Yerli türkman fəalların iddiasına görə, daha əvvəl mərkəzi hakimiyyətin türkman torpaqlarını müsadirə edib ərəbləri yerləşdirirdi, İŞİD-dən sonra isə kürdlər boşalmış türkman kənd və qəsəbələrinə yerləşməyə çalışıb.
Məhz son 100 ildə aparılan siyasət nəticəsində bir zamanlar türkman şəhəri kimi tanınan məntəqələrində indi türkmanların sayı kürd və ərəblərdən azdır. Bu səbəbdən də son seçkilərdə türkmanlar bələdiyyələrdə çox az səs qazana bildilər. Üstəlik türkman səsləri ərəb və kürd partiyaları arasında bölündüyü üçün daha da azaldı və nəticədə türkman şəhərlərinin əksəriyyətində bələdiyyələrdə kürd və ərəblər daha çox üzv seçdirə bilib. Türkmanlar isə 3-cü etnik qrupa çevrilib və daha da zəifləyib.