“Burdan Azərbaycandakı qardaşlarımıza da səslənirik ki, bizi tək qoymayın”
- 15.11.2023
- 127 baxış
Bakıda keçirilən türkman konfransında iştirakçılar arasında Kərkükdən olan hüquq müdafiəçisi və politoloq Mehdi Saadun Cəfər Bayatlı da var idi. Ayaqüstü söhbətimiz zamanı Mehdi Cəfərlə konfrans haqqında düşüncələri, türkmanlarla Azərbaycan arasında əlaqələr, eləcə də İraqdakı fəaliyyətləri barədə danışdıq.
- İlk növbədə bu tədbiri təşkil etmiş Azərbaycan araşdırma mərkəzlərinə təşəkkür edirəm. Çünki mənim fikrimcə bu ilk və ən böyük heyətdir ki, türkmanlar Azərbaycana dəvət edilib və birgə konfrans keçirilir. Nəticə etibarı ilə bu tədbir iki fərqli ölkədə yaşayan xalqı bir araya gətirməyə xidmət edir. Bu böyük bir addımdır. Biz İraqda Azərbaycandan danışanda “can Azərbaycan” deyirik, çünki Azərbaycan bizim ikinci vətənimizdir. Biz bir xalqıq. Hətta bizim dilimizlə Türkiyə türkcəsində şivə fərqi olsa belə, Azərbaycanla o yoxdur, biz burda haradasa elə türkmanca danışırıq. İraqda biz Kərkük, Tel-Afar, Tuz Hurmatı, Taze Hurmatı, Amirli şivəsində danışığımız burada 99 faiz anlaşılır. Bir-birlərini çox rahat şəkildə anlayır. Fikirlərini, dərdlərini çox rahat çatdıra bilir. Bu iki qardaş xalqı bir araya gətirdiyi üçün Azərbaycan dövlətinə və burdakı təşkilatçı qardaşlara çox təşəkkür edirəm.
Bu, həqiqətən də çox mühüm tədbir idi. Biz burada ədəbiyyat, mədəniyyət, fikir və sənət, media kimi mövzularda müzakirələr apardıq. Burdakı panellərdə biz türkmənlərin sənəti, dili, tarixi və buğunu ilə bağlı danışdıq, müzakirələr apardıq.
- Bildiyim qədər siz insan haqları sahəsində çalışırsınız. Hansı işləri görürsünüz, türkmanların haqlarının müdafiəsi istiqamətində.
- Burdakı türkmənlər İraqda fərqli sahələrdə çalışan insanlardır. Mən özüm insan haqlarının müdafiəsi sahəsində çalışıram. Bildiyiniz kimi, İraq türkmanları 2003-cü ildən sonra iki böyük zərbə alıb. Ümumiyyətlə, son 100 ildə İraq türkmanları bir neçə dəfə qətliamlara məruz qalıb. İraqda Bəəs rejimi, kürdlər və kommunistlər tərəfindən Altınkörpü, Kərkük, Tuzhurmatı qətliamları baş verib türkmanlara qarşı. 2003-cü ildə Səddam rejimi devriləndə türkmanlar düşündük ki, bir az nəfəs alarıq. Çünki 2003-cü ildə Səddam rejimi devrilənə qədər türkmanlar üzərində bir basqı var idi. İraq türkmanlarının ana dilində danışması, uşaqlara türkman adı qoymaq qadağan idi. Hətta türkmanlara məxsus torpaqları belə dövlət onların adına qeydiyyata almırdı. TV, radio, qəzet fəaliyyətləri də qadağan idi. Ancaq 2003-cü ildə Səddam Hüseyn devrildikdən sonra bizim İraq respublikasında demokratik sistem tətbiq olundu. Yeni İraq konstitusiyasında türkmanlar ərəblər və kürdlərdən sonra 3-cü etnik qrup olaraq tanındı. Artıq dövlət tərəfindən rəsmi olaraq türkmanların tv, radio və media təsis etməsi, dil, mədəniyyət və sair qurumlar yaradaraq fəaliyyət göstərməsinə icazə verildi.
Ancaq bildiyiniz kimi, 2003-cü ildən sonra İraqda bir neçə böyük müharibə oldu. Bu müharibələr əsasən terror təşkilatları ilə oldu. Bir zamanlar əl-Qaidə, daha sonra PKK, kürd terror qrupları, ardınca “Nəqşibəndi ordusu” və nəhayət, 2014-cü ildə İŞİD İraqa daxil olaraq burada qanlı qırğınlara və terrora səbəb oldu. Bu müharibələr İraqın böyük hissəsini, o cümlədən türkman bölgələrinə böyük zərərlər vurdu.
Bu səbəbdən də bizim fəaliyyətimizin əsas hissəsi 2003-cü ildən sonrakı dövrlə əlaqədardır. Ötən 20 il ərzində türkmanlar böyük qətliamlara məruz qaldı. Türkmanlar həm dilləri və etnik kimliyinə görə zərər görür, həm də inanclarına görə. İŞİD-lə fərqli dini görüşü olduğu üçün türkmənlərin böyük əksəriyyəti zülm və işgəncələrə məruz qaldı, evindən didərgin düşdü.
- Hələ də əsirlikdə türkmanlar var?
- 2017-ci ildə İŞİD-ə qarşı qələbə qazandıqdan bizim əsas fəaliyyətimiz itkin düşmüş, İŞİD-in əlində əsir olan türkmanları axtarıb tapmağa yönəlib. Bizdə olan məlumata görə, hələ də İŞİD əsir düşərgələrində 400-dən çox türkman qadın və qızlarımız var. Bunların bir çoxu Suriya ərazisindəki düşərgələrdədir. Ümumilikdə 1500-dən çox itkin düşmüş türkman var. Ümumilikdə 450 qadın, 120 uşaq və 1000-dən artıq kişi itkinimiz var. Uşaqlar o zaman İŞİD-in əlində keçəndə yaşları 10-dan az idi, ancaq indi onların əksəriyyəti 17 yaşdan çox olan yeniyetmə və gənclərdir. Bu günə qədər 45 nəfərin İŞİD-in əlindən qurtarmışıq. Onların 23-ü qadın, 22-si isə uşaqlardır. Uşaq dediyimiz 15-20 yaş arasındadır. Onlar hamısı Tel-Afarda saxlanılır. İraqda İŞİD terrorundan əziyyət çəkən bütün millətlərin ayrıca təşkilatları olduğu kimi, bizim də təşkilatımız var və biz itkin düşən türkmanların axtarılması, ailələrinə qovuşdurulması, siyahıların hazırlanması və sair işlərlə məşğul oluruq. Həmçinin cəsədlərin axtarılması işi ilə məşğul oluruq. Çünki çoxlu sayda insan İŞİD tərəfindən qətlə yetirilərək kütləvi məzarlıqlarda basdırılıb. Bizim hazırda Tel-Afarda iki açılmamış kütləvi məzarlıq var.
Bildiyiniz kimi, İŞİD iki dəfə kimyəvi silahdan istifadə edib. Birini Suriyada, ikincini isə bizim Taze Hurmatı qəsəbəsində. Taze Hurmatı nahiyəsində hələ də o kimyəvi silahın təsirləri hiss olunur, insanlar arasında xərçəng xəstəliyinin sayı artıb.
Azərbaycan da təəssüf ki, Qarabağda erməni terrorunu yaşayıb, biz bu terrorun izlərini gördük. Terrorun dini, ideologiyası olmaz, terror hər yerdə eynidir.
- İraq türkmanlarının hazırkı durumu necədir? Türkamnların əsas çətinlikləri, problemləri nələrdir?
- Biz İraq türkmanları hər zaman İraqın birliyi və bütövlüyü üçün savaşmışıq. Heç zaman bölücü olmayıb. İraqı öz vətəni bilib və hər zaman İraqın ərazi bütövlüyün uğuruna savaşıb. Bizim türkman gənclərinin yaratdığı 16-cı türkman briqadası İŞİD-ə qarşı mübarizədə digər İraq bölgələrində - Mosul, Anbar, Bağdad kənarında savaşıb. Demək istəyirəm ki, biz türkmanlar İraqda heç zaman bölücü olmamışıq.
Burdan Azərbaycandakı qardaşlarımıza da səslənirik ki, bizi tək qoymayın. Biz bilirik ki. siz bizə çox yaxınsınız, dilimiz, adətlərimiz yaxındır. Eyni düşüncəni paylaşırıq. İstəyirik ki, davamlı bir bağ olsun, gediş-gəliş artsın. Bu gün burada İraqın bütün türkman bölgələrindən nümayəndələr var, amma hamımızın bir düşüncəsi var: Azərbaycanlı qardaşlarımız dəstəyi artırsınlar. Daha əvvəl də dəstək var idi, amma bundan sonra daha da artsın. İraq türkmanlarına dəstəyinizi əsirgəməyin. Necə ki, başqa ölkələr, dövlətlər İraqdakı digər qruplara dəstək olursa, Azərbaycan da o şəkildə İraq türkmanlarının yanında olsun, onları dəstəkləsin. İraq türkmanları bu gün üzməyi bilməyən, suda boğulan birini xatırladır, qardaşlarımızın bizə dəstək olub, boğulmaqdan qurtarmasını istəyirik.
Dediyim kimi, biz hər zaman İraqın birliyi, bütünlüyündən yana olsaq da, İraqdakı siyasət hər zamanı bizə yad baxıb. Türkmanlara yüksək dövlət postlarında təmsilçilik, nazir postları verilməyib, azlıq kimi yanaşıblar. Onun üçün türk dövlətlərinin bizi unutmaması, dəstək verməsini arzu edirik.
Kənan Rövşənoğlu