
Suriyanın cənubundan yenidən gərginlik artıb. Dəməşq cənubunda Ceramana rayonunda yerli druzlarla ətraf bölgə sakinləri arasında baş verib.
Suriya televiziyasının məlumatına görə, ötən gün hadisələr sünni qəsəbəsi əl-Məlixa və digər qəsəbələrdən silahlı şəxslərin druzların yaşadığı Ceramana şəhəri ətrafına toplanması ilə başlayıb.
Suriya Müdafiə Nazirliyi əraziyə əlavə qüvvələr göndərib. Nazirlik gərginliyə Məhəmməd Peyğəmbəri (s) təhqir edən səs yazısı və ardınca sosial mediada nifrət çağırışlarının yayılması ilə başladığını qeyd edib. Hazırda gərginlik olan yaşayış məntəqəsi ətrafında təhlükəsizlik dəhlizi yaradılıb və hadisənin araşdırılması üçün istintaq başladılıb.
Sosial şəbəkələrdə yayılan səs yazısında druz liderlərindən birinin Məhəmməd Peyğəmbəri (s) təhqir etdiyi iddia olunub və bu şayiə sürətlə yayılaraq qisas çağırışlarına səbəb olub.
Təbii ki, hazırda druzlarla münasibətlərinin gərgin olduğu bir vaxtda bu cür şayiə (doğru və ya saxta olmasından asılı olmayaraq – red.) xüsusən də radikal islamçılar arasında böyük ajiotaja səbəb olub. Baş verənlərə Dəməşqə tabe olmaqdan imtina edən və həm də “bidət əhli” hesab etdikləri druzları cəzalandırmaq üçün fürsət olaraq baxan radikallar dərhal hərəkətə keçib və bununla da hadisələr nəzarətdən çıxıb.
Halbuki soyuq başla baxdıqda bu hadisənin planlı təxribat olduğunu hər kəs anlayardı. Bunlar bir qədər də martda ələvilərə qarşı baş verənləri xatırladır.
Birincisi, druzlar müsəlmandır və İslam Peyğəmbərini (s) təhqir etməz, çünki daha əvvəl belə şeylər olmayıb. Demək ki, bu səs yazısını yayanların məqsədi təxribat yaratmaq olub.
İkincisi, Suriyada hakimiyyətindəki hansısa qruplara bu provokasiya sərfəli olub, bu hadisədən druzları cəzalandırmaq üçün istifadə edib. Çünki əks halda adi bir şayiə nəticəsində silahlanmış şəxslərin druz şəhərinə hücum təşkil etməsi mümkün deyildi.
Bu hadisə iki mühüm xəbərdarlıq edir.
1. Hakimiyyət daxildə və xaricdən olan bölücü təxribatlara qarşı ayıq-sayıq olmalı, xarici kəşfiyyatların ölkədə bölücülük və yeni silahlı qarşıdurma yaratmaq cəhdlərinə qarşı hazırlıqlı olmalıdır.
2. Vətəndaş müharibəsi zamanından qalma əsasən əcnəbilərdən ibarət radikal islamçı silahlılar Suriyada daxili sabitlik üçün əsas təhdidlərdən biri olaraq qalır. Dəməşq bu qruplar cilovlamalı olacaq. Əks təqdirdə çoxkonfessiyalı Suriyada bu cür provokasiyalar davam edəcək.