İranda liman partlayışı – səhlənkarlıq, yoxsa diversiya?

  • 29.04.2025
  • 26 baxış

İranın Şəhid Rəcai limanında bazar günü baş vermiş partlayışda ölənlərin sayı 70 nəfərə çatıb. Rəsmi məlumatlara görə, 22 nəfər itkin, 1000 nəfərdən çox yaralı var. Hökuməti partlayışın səhlənkarlıq nəticəsində olduğunu açıqlayıb. Artıq bir neçə nəfərin saxlandığı və məhkəməyə çıxarılacağı barədə xəbərlər yayılıb. 

Fars körfəzi sahilində Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai İranın ən böyük konteyner limanı hesab olunur. Daxili işlər naziri İsgəndər Momeni deyib ki, partlayışa “təhlükəsizlik təlimatlarına əməl olunmaması və səhlənkarlıq” səbəb olub. 50 kilometrdə görünən yanğın nəticəsində ətrafa zəhərli qazlar yayılıb.

Qeyd edək ki, “Ambrey Intelligence” şirkəti partlayışın Çindən gətirilmiş ballistik raketlər üçün bərk yanacağın səbəb olduğu barədə açıqlama verib. 

İran İnqilab Keşikçiləri Korpusu (Sepah) nümayəndəsi isə ABŞ-ın “New York Times” qəzetinə yanğının raket yanacağı istehsalında istifadə olunan sodium perkloratın partlaması səbəbindən baş verdiyini deyib.

Ancaq Müdafiə Nazirliyinin sözçüsü hər iki açıqlamanı təkzib edərək ərazidə hərbi yanacaq və ya hərbi məqsədli yükün olmadığını bildirib. Rəsmi hökumət mediası partlayış və yanğının “alışqan maddələrin” saxlandığı anbarda baş verdiyi və daha sonra konteynerlərə yayıldığını bildirir.

Lakin bütün bunlar Şəhid Rəcai limanında baş vermiş partlayışın arxasında qəsd ehtimalını istisna etmir. Birincisi, hər iki məlumatda partlayışa ballistik raket yanacağı və ya yanacaq hazırlanması üçün materiallardan qaynaqladığı bildirilir. Hökumət mənbələri isə hələ də yanğına səbəb olan materialın adını qeyd etmir. Üstəlik nəzərə almaq lazımdır ki, Qərbin və İsrailin İrana qarşı əsas 3 tələbindən biri ballistik raket istehsalını dayandırmaqdır.

Digər tərəfdən, rəsmi elan olunan “səhlənkarlıq” ehtimalı da partlayışın arxasında qəsd ehtimalını inkar etmir. Mümkündür ki, limanın və oradakı təhlükəli maddələrin mühafizəsi və yerləşdirilməsində səhlənkarlıq edilib. Nəticədə təxribat üçün şərait yaranıb. 

Daha bir şübhəli məqam partlayışın Omanda İran-Amerika danışıqlarının davam etdiyi bir vaxtda baş verməsi idi. Çünki bu hadisədən bir həftə əvvəl İsrail baş nazirinin ofisi İrana qarşı saysız-hesabsız əməliyyatlar barədə açıqlama verdi. Başqa sözlə, hər nə qədər gizlədilsə də, liman partlayışı arxasında diversiya ehtimalı çox yüksəkdir. Ancaq bunun etiraf edilib-edilməyəcəyini zaman göstərəcək.

Digər xəbərlər