Həmasa qarşı tərk-silah planı

  • 07.04.2025
  • 22 baxış

Ötən həftə Qəzza zolağının şimalında növbəti dəfə müharibəyə qarşı, əslində isə Həmas əleyhinə aksiya keçirilib. Beyt Lahiyə qəsəbəsində qadın və kişilərin də qatıldığı aksiyada yüzlərlə yerli sakin Həmasdan geri çəkilməyi tələb edib. 

Qeyd edək ki, son həftələrdə Qəzza zolağında bir neçə dəfə Həmas əleyhinə aksiyalar təşkil olunub. Həmas hökumətinin daxili işlər nazirliyi aksiyalarla bağlı xəbərdarlıq edərək ictimai asayişi pozan hərəkətlərə imkan verməyəcəyini bəyan edib. Lakin sonra həftələrdə getdikcə artan aksiyalar onu göstərir ki, proses sistemli şəkildə aparılır. 

Zahirdə bu aksiyalar ilk vaxtlarda həm İsrailə, həm də Həmasa qarşı idi. Aksiya iştirakçıları haqlı olaraq müharibədən yorulduqlarını, tərəflərin sülhə gəlməli olduğunu bildirirlər. Yeri gəlmişkən, bu tip aksiyalar İsraildə də keçirilir. Lakin İsraildə situasiya fərqlidir. Dövlətin legitimliyi müzakirə mövzusu deyil. Qəzzada isə aksiyaların əsas hədəfi Həmasın zolaqdan çıxarılmasıdır. Çünki İsrailin əsas tələbi və Misir başda olmaqla ərəb dövlətlərinin yeni planı Həmassız Qəzzaya nail olmaq, silahlı qrupları zolaqdan çıxardıqdan sonra ərazidə yeni idarəçilik qurmaq və Qəzza ilə bağlı Misirin irəli sürdüyü bərpa planını həyata keçirməkdir. 

Məsələ ondadır ki, Həmas və digər silahlı qrupları Qəzzadan çıxarmaq İsrailin planıdır. Netanyahu müharibə başlayanda elan etdi ki, Qəzza silahlı qruplardan təmizlənəcək. İndi də atəşkəs razılaşmasını pozmaqla İsrail Qəzzaya təzyiq etmək və yerli dinc sakinləri Həmasla qarşı-qarşıya qoymaq, başlarına gələn bəlaların, bombardmanların əsas günahkarının Həmas olduğunu göstərməyə çalışır. 

Ərəb ölkələri isə həm ideoloji səbəblərdən, Həmasın “İxvan” hərəkatına mənsub olması, İranla yaxınlığına görə, həm də faktiki olaraq İsrail-ərəb barışıq prosesini pozmasına görə Qəzzadan çıxarılmasını dəstəkləyir. İsrail silahlı güc vasitəsilə Həması ötən 15 ay ərzində Qəzzadan çıxara bilmədi. Yerdə qalır Həmas və yerli əhalini qarşı-qarşıya qoymaq. Bu məsələdə ərəb dövlətlərinin və xüsusən də Həmasın əsas rəqibi Mahmud Abbas hakimiyyətinin rolu böyükdür. Çünki Qəzzada Həmas tərəfdarları olduğu kimi, Mahmud Abbas, yəni Fəth tərəfdarları da var. və bir də yorucu müharibədən bezmiş, az qala hər gün yaxınlarını itirən dinc sakinlər var. Yəni Həmas indi çətin situasiya ilə qarşı-qarşıyadır.

Digər xəbərlər