Suriyada baş verən silahlı toqquşmaların pərdəarxası

  • 06.03.2025
  • 18 baxış

Suriya hökuməti asayişi bərpa etməkdə getdikcə daha çox çətinlik çəkir. Ölkənin şimal-qərbində və cənubda druz rayonlarında silahlı toqquşmalar artır. 

Ötən gün Müdafiə Nazirliyinin daha iki əməkdaşı Laziqiyyə şəhərində Bəşər Əsəd tərəfdarları tərəfindən pusquya salınaraq öldürülüb. Hökumət qüvvələri ərazidə əməliyyat-axtarış tədbirlərinə start verib. Son həftələrdə demək olar ki, silahlı hücumlar dayanmayıb. 

Cənubda druz rayonlarında da toqquşmalar baş verir. Ötən gün Dəməşq ətrafında druzların yaşadığı Ceramana rayonunu girişində postda silahlılar Müdafiə Nazirliyinin iki əməkdaşını şəhərə buraxmayıb. Baş verən atışmada 1 hökumət məmuru öldürülüb, digəri isə yaralanıb. Əraziyə Suriya Müdafiə Nazirliyinin əlavə qüvvələri göndərilib. 

Doğrudur, druz icması günahkarların cəzalanması üçün Dəməşqlə əməkdaşlıq edəcəyini bəyan edib. Lakin eyni zamanda əraziyə hərbi qüvvələrin göndərilməsi gərginliyin daha da artmasına səbəb olub. Aydın məsələdir ki, axtarış-əməliyyat tədbirləri zamanı itkilər və gərginlik daha da artacaq. 

İsrail baş nazir Netanyahu deyib ki, onlar Suriya hakimiyyətinin druz icmasına qarşı zorakılığına sakit qalmayacaqlar. 

Əlbəttə, İsrailin əsas hədəfi 700 mindən bir qədər çox druz icmasının Suriyada muxtariyyət əldə etməsi və bununla da faktiki olaraq Dəməşqlə İsrail arasında bufer zona yaranmasıdır.  

Yeri gəlmişkən, Netanyahu kürdləri də dəstəkləyib. Əlbəttə, İsrail üçün ümdə məsələ Suriyada qeyri-sabitliyin davam etməsi, nəticədə İsrailin Suriyada işğal etdiyi ərazilər əlində qalmasıdır. 

Lakin burda Dəməşqin yeni sahiblərinin də günahları var. Əhməd əş-Şara hakimiyyətinin radikal qərarları, digər etnik və dini qrupları nəzərə almaması, yaxud da daha çox özünə yaxın qruplarla işləməsi milli birlik üçün ciddi maneə olaraq alır. Suriyada birlik üçün daha bir maneə isə silahlı qüvvələrdə təmsil olunan radikal islamçı ideologiyaya mənsub şəxslərdir, bu şəxslər xüsusən də etnik və dini azlıqlarla tez-tez münaqişəyə girir. 

Aydın məsələdir ki, indi Suriyanın yeni hakimiyyəti ölkədə birlik və bütünlük yaratmaq üçün bütün etnik və dini-məzhəbi qruplara qucaq açmalı, milli barışıq istiqamətində əməli işlər görməlidir ki, hazırkı həssas mərhələni rahat şəkildə keçə bilsin. Əks təqdirdə mərkəzdən qaçma meyilləri daha da artacaq və daxildə birlik yaratmaq mümkün olmayacaq.

Digər xəbərlər