Öcalanın PKK-ya silahı buraxmaq çağırışı

  • 04.03.2025
  • 21 baxış

Abdullah Öcalan fevralın 27-də PKK üzvlərinə silahı buraxmaq çağırışı etdi. 

Kürd (DEM Partiyası) deputatlarla görüşdən sonra açıqlanan 350 sözdən ibarət olan müraciətdə Öcalan məsuliyyəti öz üzərinə götürüb PKK üzvlərini tez bir zamanda qurultay keçirərək təşkilatı buraxmağa və silahı yerə qoymağa çağırır. 

Qeyd edək ki, PKK (Kürd Fəhlə Partiyası) 1980-ci illərin əvvəllərində Abdullah Öcalan tərəfindən yaradılıb. Təşkilat Türkiyədə terror aktları, silahlı hücumlar törədib. Livanda gerilla düşərgələrində təlim keçən PKK üzvləri Türkiyə ilə yanaşı İraq və Suriyada fəaliyyət göstəriblər. 

Abdullah Öcalan 1999-cu ildə Keniyada həbs olunaraq Türkiyəyə gətirilib və həmin il məhkəmə onun barəsində edam qərarı verib. Ancaq Avropa İttifaqına üzvlük prosesi çərçivəsində edam hökmü ömürlük həbslə əvəzlənib və Öcalan İmralı adasında həbsxanaya salınıb. 

Yeri gəlmişkən, bu ilk barışıq prosesi deyil, Öcalan 2013-15-ci illərdə AKP hökumətinin başlatdığı barışıq prosesində hökumətlə əməkdaşlıq edib. Ancaq bu proses sonradan dayanıb. 

Ötən ilin oktyabrında MHP sədri Devlet Bahçeli Öcalana müraciət edərək PKK-ya silahı buraxması çağırış etməsini, bunun əvəzində parlamentdə onun cəzasının yüngülləşməsi müraciətinə baxıla biləcəyini bildirib. Öcalan çağırışa müsbət reaksiya verib. Bundan sonra siyasi proses başlayıb və DEM Partiyasının heyəti İmralı adasına gedərək Öcalanla görüşüb. 27 fevralda sayca 3-cü görüş olub və Öcalanın çağırışı yayılıb.  

Öcalanın çağırışı Türkiyəyə nə verə bilər? PKK 40 ildən sonra silahı yerə qoyacaqmı? Yoxsa 2013-15 təcrübəsi təkrar oluna bilər? Bu suallar hələlik açıq qalıb. Üstəlik, hökumətin Öcalanın çağırışı ilə bağlı “yol xəritəsi” açıqlanmayıb. 

Müxalifət bu prosesin Ərdoğanın yenidən prezident seçilmək və daxili ictimai rəyi manipulyasiya etmək cəhdi hesab edir. Çünki bundan əvvəlki cəhd məhz eyni şəkildə olmuşdu. 

Digər tərəfdən, hazırda İraq, Suriya və Türkiyənin dağlarına gizlənən silahlı terrorçuların hökumətə təslim olması inandırıcı görünmür. Çünki bu şəxslərin bir çox qanlı cinayətlərdə iştirak edib, ikincisi isə PKK içərisindəki qruplar fərqli xarici dövlətlərin təsiri altındadır.

Baxmayaraq ki, PKK artıq Öcalanın bəyanatını dəstəkləyib və silahı yerə qoya biləcəyini açıqlayıb. Lakin şərtlə. Hansı ki, indiki mərhələəd bu şərtləri yerinə yetirmək çox çətin ola bilər. Bunlardan biri də Öcalanın PKK-nın özünü buraxacağı qurultaya qatılması və canlı müraciət etməsidir. Halbuki qanunvericilik belə buna imkan vermir. 

Lakin istənilən halda Öcalanın bu çağırışı Türkiyədə 40 ildən çoxdur davam edən terrora son qoymaq üçün növbəti bir fürsət olaraq dəyərləndirilməli, tarixi fürsət əldən verilməməlidir.

Artıq hökumət, eləcə də bu prosesin təşəbbüskarı MHP sədri Devlet Bahçeli Öcalanın çağırışı və PKK-nın buna reaksiyasını təqdir edən açıqlama veirb. Belə görünür ki, hakimiyyət bu prosesi uzatmaq və danışıqları davam etdirməyə çalışacaq. Ancaq necə deyərlər, hələlik proses başlanğıc nöqtəsindədir, tam olaraq işləməsi və reallaşması üçünsə hələ çox zamana ehtiyac var. 

Digər xəbərlər