
İsrail hökuməti Suriyadan hərbi qüvvələrini İsraillə sərhəddən çıxarmağı tələb edib. Baş nazir Netanyahu deyib ki, İsrail HTŞ hökuməti hərbi qüvvələrinin Suriyanın cənubunda yerləşməsinə imkan verməyəcək. O deyib ki, yəhudi ordusu İsrail qəsəbələrini qorumaq üçün Hermon dağı və ətraf ərazilərdə qalacaq.
Qeyd edək ki, İsrail ordusu ötən il dekabrda Bəşər Əsədin devrilməsindən sonra Suriya ərazilərinə daxil olaraq Colan təpələrindəki tampon ərazini işğal edib və Herman dağında hərbi baza qurub. Hermon dağından Dəməşq şəhərinə hava yolu ilə 20 kilometr məsafə olduğu təxmin edilir.
Ötən ilin dekabrında 500-dən artıq hava hücumları təşkil edən İsrail Suriyanın keçmiş hakimiyyətindən qalan bütün hərbi texnika və silahları, o cümlədən, təyyarələr, tanklar və hava hücumundan müdafiə qurğularını məhv edib.
İndi isə İsrail baş naziri Netanyahu və müdafiə naziri Katz Dəməşqdən silahlı qüvvələrini Dəra və Suveyda rayonundan çıxarmağı tələb edib. Bu da daha əvvəl proqnozlaşdırılan İsrailin Suriyadakı druzlarla bağlı və ümumiyyətlə, işğal planını yenidən yada salır. Xatırladaq ki, Bəşər Əsəd devrildikdən sonra mediada İsrailin druzlarla gizli əməkdaşlıq etdiyi və gələcəkdə Suriyada druz muxtariyyətinin yaradılmasına çalışdığı haqda xəbərlər yayılmışdı. Üstəlik ilk həftələrdə Dəməşqlə druzlar arasında dialoq qurulsa da, sonradan druz icması Dəməşqin yeni hökuməti ilə dialoqu dayandırıb və dini, mədəni haqlar tələb edib.
Suriyanın yeni hakimiyyətində, xüsusən də orduda radikal islamçı qrupların druzları “dindən çıxmış” və kafir olaraq gördüyü, digər dinlərə və islam təriqətlərinə qarşı sərt addımlar atdığı Suriyada bir neçə dəfə narazılıqlara səbəb olub. Görünür ki, İsrail durzlar, eləcə də digər etnik və dini qruplarla radikal islamçılar arasındakı narazılıqdan istifadə edərək Suriyanın cənubunu silahsızlaşdırmağa çalışacaq.
Digər tərəfdən, Əhməd əş-Şaranın İsrailin Suriya ərazilərini işğal faktı ilə barışmayacağı ilə bağlı açıqlamaları, son zamanlar region ərəb ölkələri və Türkiyə ilə sürətli yaxınlaşması İsraili narahat edir. Yeri gəlmişkən, Şara artıq Misirdə keçiriləcək Qəzza toplantısına dəvət edilib və Suriyanın keçid hökuməti Həmasa ölkə ərazisində fəaliyyət imkanı yaradıb. Bütün bunlar İsraili narahat etməklə yanaşı Suriya ərazilərini işğal altında saxlamaq üçün bəhanəyə çevrilib.