ABŞ dövlət kativi Entoni Blinken 7 oktyabrdan bu yana regiona 3-cü səfərini edib. Ötən gün İsrail və ardınca Fələstinə gedərək Mahmud Abbasla görüşən dövlət katibi axşam saatlarında Türkiyə paytaxtına gəlib. Ancaq Blinkeni Ankara Esenboğa Hava limanında Ankara valisinin müavini qarşılayıb.
Səfərin İsveçin NATO üzvlüyü, Fələstin mövzusu və regional məsələlər olduğu elan edilsə də, əsas müzakirə mövzusunun Qəzza müharibəsi olduğu məlumdur. Maraqlıdır ki, Blinkenin səfərindən bir gün əvvəl Türkiyə İsraildəki səfirini “məsləhətləşmələr” üçün geri çağırıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Qazaxıstandan geri qayıdarkən təyyarədə jurnalistlərlə söhbəti zamanı bildirib ki, İsrail baş naziri ilə təmasının olmadığını, ancaq xarici işlər və kəşfiyyat rəhbəri səviyyəsində İsrail və Həmas tərəfi dilə dialoqun davam etdiyini bildirib. Ərdoğan qeyd edib ki, indi Ankaranın əsas məqsədi beynəlxalq ictimai rəyin dəstəyi ilə Qəzzada atəşkəsə nail olmaq, eləcə də Fələstində iki dövlətli həll variantını qəbul edilməsi üçün siyasi-diplomatik prosesin canlandırmaqdır. Yəni Türkiyə Netanyahu ilə əlaqələri durdursa da, ümumilikdə diplomatik danışıqlar qapısını bağlamayıb.
Maraqlıdır ki, Türkiyəyə gəlməzdən əvvəl Blinken də bildirib ki, münaqişənin yeganə həlli iki dövlətli həllə nail olmaqdır. Lakin qarşılanma “jestindən” belə anlaşılır ki, Ankara ABŞ hökumətinin Qəzza müharibəsi ilə bağlı tutduğu mövqedən çox narazıdır. Vaşinqtonun İsrailin Qəzzanı bombalaması əməliyyatına tam dəstək verməsi, ancaq paralel olaraq Fələstində sülh prosesindən danışması birmənalı qarşılanmır.
Lakin hər bir halda ABŞ hazırda münaqişəni dayandırmaq üçün siyasi-diplomatik təsirə malik yeganə ölkədir. İsrail ordusu yalnız Vaşinqtonun təsiri ilə müharibəni dayandıra bilər. Bu mənada Blinkenin regiona səfəri mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, Blinken dünən Əmmanda 5 ərəb ölkəsi nazirləri ilə görüşüb. Blinkenin açıqlamalarından belə oxunur ki, Vaşinqton Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı yeni bir diplomatik proses başladır. Lakin ABŞ dövlət katibinin İsrail, Fələstin və Əmman səfərlərini ilə bağlı pozitiv reaksiyaların olmaması, üstəlik Ankaradakı qarşılanma prosesi, üstəlik Ərdoğan tərəfindən qəbul edilməməsi Bleinkenin regiona səfərinin o qədər də uğurlu olmadığını göstərir.