Suriya kürdləri Dəməşqə sığınmağa qərar verdi

  • 24.02.2025
  • 47 baxış

Suriya Demokratik Qüvvələri (SDQ) keçid hökuməti silahlı qüvvələrinə inteqrasiya edəcək. Artıq SDQ hərbi qüvvələrinin komandiri Mazlum Abdi Əhməd əş-Şaranı Suriya prezidenti seçilməsi münasibətilə təbrik edərək kürd ərazilərinə dəvət edib. 

Ərəb mediasının yazdığına görə, SDQ komandanlığı, o cümlədən, siyasi qolu olan Suriya Demokratik Şurası və kürd muxtariyyəti rəhbərliyinin birgə toplantısında SDQ-nin hərbi və təhlükəsizlik qüvvələrinin Suriya hökumət qurumlarına inteqrasiyası, həmçinin “muxtariyyət” ərazisində Suriya hökumətinin fəaliyyətə başlaması, eləcə də “milli suverenlik və sabitliyi dəstəkləmək” məqsədi ilə əcnəbi döyüşçülərin SDQ sıralarından ixrac edilməsi barədə qərar qəbul olunub.

SDQ komandirlərindən Əbu Ömər əl-İdlibi bildirib ki, qərara əsasən SDQ hərbi qüvvələri Suriya Müdafiə Nazirliyinin tabeliyində ayrıca bir korpus və ya Şərq Regionu Komandanlığının tərkibində yer alacaq.

Dəməşqlə SDQ arasında inteqrasiya mövzusunda gizli danışıqlar apardığı haqda məlumatlar bir neçə həftə əvvəl yayılmışdı. Hazırkı qərar göstərir ki, birləşmə Dəməşqlə razılaşdırılıb. Hələlik Türkiyənin bu şəkildə birləşməyə münasibəti bəlli deyil. Çünki hazırkı birləşmə faktiki olaraq kürdlərin silahlı gücünü qorumaqla Suriya ordusuna inteqrasiyasını nəzərdə tutur. 

Kürdlərin bu qərarı ilk növbədə onları Dəməşqlə toqquşmadan qoruyur. Məsələ ondadır ki, Türkiyə hakimiyyəti əş-Şara hökumətini kürdlərə qarşı hərbi güc tətbiq etməsini istəyirdi. Ankarada Ərdoğan və əş-Şaranın birgə açıqlamasında da bu mövzuya işarə edilmişdi. Çünki dekabrın 12-dən bu yana Türkiyənin müttəfiqi olan Suriya Milli Ordusunun kürdlərə qarşı hücumları nəticə verməyib. Bu səbəbdən də Ankara HTŞ, yəni keçid hökumətinin kürdlərə qarşı hərbi güc tətbiq etməsini istəyirdi. Lakin bu həm də ABŞ-la toqquşma demək idi. Görünür bu səbəbdən də həm kürdlər, həm də Dəməşq birləşməyə gedib. 

Bu birləşmə hazırda Milli Konqresə hazırlaşan Əhməd əş-Şara üçün böyük bir uğurdur. Çünki Suriya keçid hökuməti üçün hazırda prioritet ölkənin ərazi bütövlüyünü təmin etmək, bütün hərbi-siyasi qrupları mərkəzi hökumətə tabe etməkdir. Kürdlər isə bu məsələdə kilid rola malik idilər. Çünki ən böyük nəzarətsiz zona kürdlərdədir. Başqa sözlə, hazırkı vəziyyət həm əş-Şaraya, həm də kürdlərə sərf edir. Ancaq Ankaranın buna qarışı hansı addım atacağı hələ bəlli deyil.

Digər xəbərlər