Ərəb ölkələrinin yeni Qəzza planı

  • 18.02.2025
  • 49 baxış

Yaxın Şərqə ilk səfəri çərçivəsində İsrailə gələn ABŞ dövlət katibi Marko Rubio İsrail baş naziri Netanyahu ilə görüşdən sonra Həmasın siyasi və hərbi imkanlarının ortadan qaldırılmasına çağırış edib. 

Rubio Netanyahu ilə birgə mətbuat konfransında bildirib ki, Həmas hərbi güc və hökumət olaraq qala bilməz, aradan qaldırlmalıdır.

İsrailin baş naziri də onun fikrilərini təsdiqləyərək deyib ki, Həmasın hərbi gücü və Qəzzadakı siyasi hakimiyyətini aradan qaldıracaqlar. 

Maraqlıdır ki, oxşar mövqe ərəb dövlətlərindən gəlib. Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt deyib ki, Həmas Fələstin muxtariyyəti ilə razılaşaraq Qəzzada hakimiyyəti təhvil verməlidir. Əbu Qyetin fikrincə fələstinlilərin maraqları Həmasın Qəzzadan çəkilməsini tələb edirsə, Həmas buna əməl etməlidir. O yaxında Mahmud Abbas hökumətinin Qəzzanın idarəçiliyini üzərinə götürəcəyini deyib.

Adını açıqlamayan Misir dövlət rəsmisi isə yerli əl-İxbariyyə kanalına deyib ki, Həmasın Qəzzanın idarəçiliyində yer almayacaq. Belə görünür ki, Misirin Trampın Qəzza planına qarşı hazırladığı ərəb planı amerikalıları və israilliləri sakitləşdirmək üçün Həmasın Qəzzada hakimiyyətdən imtina etməsi və zolağın fələstinlilərlə birlikdə inşa edilməsini nəzərdə tutur. Əlbəttə, bu plandan amerikalıların və İsrailin də məlumatı var. Lakin belə görünür ki, İsrail və ABŞ Həmasın hakimiyyətdən çəkilməsi deyil, hərbi və siyasi güc olaraq məhv edilməsində israr edir. Lakin o da aydındır ki, indiki halda Həmasın çəkilməsi ərəb hakimiyyətləri üçün Qəzzanın köçünün qarşısını almaq üçün yeganə “arqument” olaraq qalır. 

Belə görünür ki, Həmas Qəzza əhalisinin ümumi mənafeyi naminə zolağın idarəçiliyindən çəkilməyə razılaşıb. Lakin bu o demək deyil ki, Həmas Qəzzanı tamamilə tərk edəcək. Bu, təşkilatın prinsiplərinə ziddir. Münaqişə başa çatmadığı və Fələstin dövləti yaranmadığı üçün Həmasın silahı buraxması mümkün deyil. 

Maraqlıdır ki, ABŞ prezidenti Qəzza atəşkəs razılaşmasının ikinci mərhələsinin baş tutması üçün İsrail hökumətinə təzyiq edir. Bu səbəbdən də Netanyau hökumətinin planın ikinci hissəsi üçün danışıqlara qoşulacağı gözlənilir. Ancaq Qəzzanın silahsızlaşdırılması, yəni Həmasın zolaqdan çıxarılması mövzusu hələ də açıq qalır. Bununla bağlı nə ərəb hökumətlərinin, nə də ABŞ və İsrailin hansı qərarı verəcəyi məlum deyil.

Digər xəbərlər