İsrail doğrudanmı İrana hücuma hazırlaşır?

  • 14.02.2025
  • 62 baxış

ABŞ kəşfiyyatının hazırladığı hesabata əsasən İsrail İranın nüvə və hərbi obyektlərinə hücuma hazırlaşır. Bu barədə ABŞ mediası yazır. 

Hesabatda qeyd olunur ki. keçmiş prezident Cozef Baydenin hakimiyyətinin sonlarına doğru İsrailin İrana hücum riski daha da artıb. Həmçinin daha bir hesabatda Tramp prezident kimi fəaliyyətə başladıqdan sonra İsrailin İrana hücum hazırlığının artdığı qeyd olunur. Sənəddə qeyd olunur ki, İsrail İranın nüvə obyektlərinə gözlənilməz və ağır zərbələr endirməklə İslam Respublikasının nüvə fəaliyyətlərini ciddi ölçüdə zəiflətməyi planlayır. 

Həmçinin amerikalı kəşfiyyat analitiklərinə görə, Trampın İsrailin İrana zərbələrinə dəstək vermə ehtimalı yüksək olduğu üçün Netanyahu hökuməti ABŞ hökumətinə təzyiqi artıra bilər. Çünki bu hücumda İsrailə ABŞ silah və bombalarına ehtiyacı olacaq. 

Hesabatın ABŞ mətbuatı vasitəsilə ictimailəşdirilməsi yeni taktika deyil və adətən bu cür “məlumat sızdırılması” siyasi təzyiq vasitəsi olaraq istifadə edilir. 

ABŞ kəşfiyyatının İsrailin İrana hücuma hazırlaşması barədə xəbərdarlığı iki məqsəd daşıya bilər. 

1. ABŞ kəşfiyyatı İsrailin hücum ehtimalı ilə bağlı həm İranı, həm də beynəlxalq ictimaiyyəti məlumatlandırır. Bu bir mənada daha əvvəl də olduğu kimi, İsraili çəkindirməyə xidmət edir. Həm də İran hücum haqda məlumatlı olur, gizlilik və gözlənilməzlik ehtimalı düşür. 

2. ABŞ hakimiyyəti İrana xəbərdarlıq edərək danışıqlar masasına qayıtmağa çağırır və dolayısı ilə xəbərdarlıq edir ki, əgər Amerika olmasa və ya Amerika istəsə İsrail İrana hücum edəcək. Çox güman ki, bu, bir neçə gün əvvəl İran dini lideri Ayətullah Xameneyinin Amerika ilə danışıqları qadağan edən çıxışına cavabdır. Tramp iranlıları danışıqlara bu şəkildə “dəvət” edir. 

Daha əvvəl də bu haqda yazmışdıq ki, Trampın Yaxın Şərqdə ABŞ-ın əvvəlki qüdrətini geri qaytarmaq, Çin və Rusiyanın bu həssas regiona təsirini dayandırmaq üçün İranla danışıqlara getməsi lazımdır. Üstəlik, indi İranın danışıqlara getməsi üçün şərait daha uyğundur. Tehran rəsmi olaraq nüvə silahı əldə etməyəcəyini elan edib, Suriya itirilib, proksi qüvvələr zəifləyib, hakimiyyətdə Qərblə danışıqlara meyilli “islahatçılar”dır. 

Ancaq ABŞ-İran danışıqları qarşısında əsas maneə yenə də hər iki ölkədə və o cümlədən İsraildəki qatı mühafizəkarlardır.

Digər xəbərlər