
Son 2 ay ərzində Suriyanın şimalında kürdlərlə Suriya Milli Ordusu (SMO) arasında toqquşmalarda 603 nəfər dünyasını dəyişib. Mərkəzi ofisi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Evinin (SOHR) yaydığı açıqlamada qeyd olunur ki, dekabrın 12-dən davam edən döyüşlərdə SMO 458, kürdlər, yəni Suriya Demokratik Qüvvələri 90 nəfər itki verib. Həmçinin döyüşlərdə 55 mülki sakin öldürülüb.
Qeyd edək ki, Suriyada Bəşər Əsədin devrilməsi prosesində Türkiyənin Suriyadakı müttəfiqi SMO ölkənin şimal-şərqinə nəzarət edən SDQ (əslində isə PYD/YPG-yə) qarşı hərbi əməliyyatlara başlayıb. Məqsəd PYD/YPG-nin Suriyada hərbi-siyasi hakimiyyətinə son qoymaq olub.
SMO-nun ilk dövrdə hücumları nəticə verib, Hələb şəhərinin şimalında yerləşən Tell Rıfat və Fərat çayından qərbdə yerləşən Menbic rayonu kürdlərdən – SDQ-dən təmizlənib. Ancaq SMO qüvvələrinin Fərat çayının şərq sahilinə keçmək cəhdləri nəticə verməyib, xüsusən də Tişrin su bəndi və Fərat çayı körpüləri üzərində baş verən toqquşmalar uğursuz olub. Türkiyənin hava dəstəyinə rəğmən müxaliflər irəliləyə bilməyib.
SMO-nun hücumlarının uğursuzluğunun başlıca səbəbləri kürdlərin ərazi üstünlüyünə malik olması və ABŞ-ın hərbi-texniki dəstəyi hesab edilir. Bu həm də o deməkdir ki, hazırkı vəziyyət davam etdiyi müddətdə SMO-nun qalib gəlməsi mümkün olmayacaq.
Kürdlərə qarşı vəziyyətin dəyişməsi üçün iki amilin aradan qalxması lazımdır.
Birincisi, ABŞ kürdlərə dəstəyini dayandırır və qüvvələrini Suriyanın şimal-şərqindən çıxarır. Tramp bir neçə dəfə bu haqda danışsa da, hələlik konkret hərəkət yoxdur, əksinə, ABŞ kürdlərə silah və texnika dəstəyini davam etdirir. ABŞ qüvvələri çıxmadığı üçün Türkiyə kürdlərə qarşı hərbi qüvvə göndərə bilmir.
İkinci təsiredici faktor, Dəməşq hökumətinin hərbi əməliyyatlara qoşulması ola bilər. Çünki HTŞ SMO ilə müqayisədə daha döyüşkəndir. Bunu Bəşər Əsədin devrilməsi prosesi də göstərdi. HTŞ əməliyyatlara qoşulsa kürdlər faktiki mühasirəyə düşər və müqavimətləri qırılar. Lakin belə görünür ki, Amerika faktoru Dəməşq hökumətinin də qarşısını kəsir. Ona görə də kürdlərlə dialoqa üstünlük verirlər.
Başqa sözlə, hazırkı şərtlərdə kürd məsələsi ancaq Vaşinqtonun da qatıldığı ortaq razılaşma ilə həll oluna bilər. Bu isə Ankaranı Vaşinqtona qarşı getdikcə daha da məyus və qəzəbli edir.