PYD-yə qarşı Bərzani "kartı"

  • 23.01.2025
  • 21 baxış

Türkiyə Suriya kürdlərinə qarşı İraq kürdü kartından istifadə etməyə çalışır. Ötən həftə Suriya Demokratik Qüvvələri koalisiyasının komandiri və PYD-nin liderlərindən olan Mazlum Abdi İraqa gedərək İraq kürd muxtariyyətinin faktiki lideri, Kürdüstan Demokrat Partiyasının sədri Məsud Bərzani ilə görüşüb.  

Rəsmi açıqlamaya görə görüşdə kürdlərin vəziyyəti, bu ölkədə siyasi keçid perspektivləri və həmçinin Suriyadakı kürd qruplarının birlik mövzuları ələ alınıb. 

Məsələ ondadır ki, Suriyada Bərzaniyə yaxın əsas kürd təşkilatı Kürd Milli Şurası ilə PYD arasında fikir ayrılığı qalır və KMŞ hələ də Suriya Demokratik Qüvvələri koalisiyasına daxil edilməyib. Belə görünür ki, Bərzani Suriya kürdlərinin gələcək taleyində yer almaq istəyir. Bunun üçün əsas vasitələrdən biri də KMŞ-dir. 

İndi PYD-nin də Bərzaniyə ehtiyacı var. Çünki Türkiyə ilə yanaşı rəsmi Dəməşqin SDQ-yə təzyiqlərinin artması PYD-ni regionda təkləməyə xidmət edir. Bu məsələdə SDQ həm də Bərzaninin dəstəyinə ümid edir. Lakin belə görünür ki, Bərzani SDQ-yə dəstək verməkdə maraqlı deyil.

Çünki birincisi, PYD/YPG sol – kommunist ideologiyasına mənsub təşkilatdır, faktiki olaraq Bərzaninin Suriyadakı müttəfiqi ilə rəqibdir. İkincisi, Bərzani Türkiyə ilə müttəfiqdir və görünür ki, Ankara Suriya kürdlərini bölmək və PYD-ni təkləmək üçün Bərzani ilə danışıqlar aparır. Çox güman ki, Ankara PYD-ni Suriyanın şimal-şərqindən qovduqdan sonra bu bölgədəki kürd hakimiyyətini Bərzaninin müttəfiqinə verməyə razılaşıb. Bu halda Suriyada ən yaxşı halda ikinci İraq muxtariyyəti yaranacaq və Ankara kürdlər üzərində nəzarəti təmin edəcək. 

Lakin bu məsələdə əsas maneə ABŞ-dır. Əgər ABŞ PYD ilə ittifaqı davam etdirməkdə maraqlı olsa və kürdlərə dəstəyini davam etdirsə, Bərzani üçün çətin olacaq. Belə görünür ki, Vaşinqton Bərzaniyə görə narahat deyil. Çünki ABŞ Dövlət Departamentinin Yaxın Şərq bürosu açıqlama yayaraq Mazlum Abdi ilə Bərzani arasındakı görüşü müsbət qiymətləndirib və bu dialoqun Suriyada əhatəli siyasi keçid üçün əhəmiyyət daşıdığını qeyd edib. 

Yeri gəlmişkən, Mazlum Abdi bu günlərdə Suiryanın faktiki lideri Əhməd əş-Şara (Colani) ilə görüşüb. Dəməşq şəhərində baş verən görüş müsbət atmosferdə keçsə də, nəticə əldə olunmayıb. İkinci bir görüş planlaşdırılır.

Digər xəbərlər