Trampın Yaxın Şərq siyasəti necə olacaq?

  • 21.01.2025
  • 20 baxış

ABŞ-ın 47-ci prezidenti Donald Trampın prezident kimi fəaliyyətə başlaması təkcə ABŞ-da deyil, bütün dünyanın diqqətindədir. Çünki hazırda planetin bütün nöqtələrində baş verən proseslərə ABŞ-ın birbaşa və ya dolayısı ilə təsiri var. Bu mənada yeni prezidentin Yaxın Şərq siyasəti və bu qaynar bölgə ilə bağlı düşüncələri maraq doğurur.

Yeri gəlmişkən, prezident Trampın ilk imzaladığı 78 sənəd keçmiş prezident Baydenin qərar və sərəncamlarını ləğv edib. Bunlardan biri də İordan çayının qərb sahilində fələstinliləri qətlə yetirən radikal yəhudi məskunlara qarşı tətbiq olunan sanksiya idi. 

Tramp həmçinin Ağ Evdə mətbuat nümayəndələri üçün qısa açıqlamalar verib və bu zaman Qəzzadakı atəşkəsə də toxunub. O deyib ki, Qəzzadakı atəşkəsin davamlı olacağına inanmır. Eyni zamanda Həmasın çox zəiflədiyini düşündüyünü deyib. 

Qəzzada çox dəhşətli dağıntıların olduğunu deyən D.Tramp buranın fərqli bir şəkildə yenidən inşa edilməsinə dəstək verə biləcəyini deyib. 

Trampın bu iki açıqlaması göstərir ki, o, əvvəlki prezidentliyi dövründə qəbul olunan “İbrahim razılaşmaları”nı yenidən işə salacaq. Bu plan fələstinliləri qeyri-bərabər sülhə məcbur etmək və qarşılığında Fələstin ərazilərinin iqtisadi inkişafını, habelə ərəb ölkələri və İsrail arasında barışığı nəzərdə tutur. Həmçinin bu plan Fələstin və Qəzzadakı Həmas kimi silahlı qruplara təzyiqi nəzərdə tutur. Lakin o da aydındır ki, Tramp Qəzzada atəşkəsin baş tutması üçün Netanyahu hakimiyyətinə ciddi təzyiq göstərib və yeni müharibənin başlamasında maraqlı deyil. 

Trampın dövründə həmçinin İranla münasibətlərin necə olacağı sualı əsas narahatlıq mənbəyi olaraq qalır. ABŞ prezidentinin inauqurasiyaya qədər etdiyi çıxışlardan (inauqurasiyada İran mövzusuna toxunmadı) belə aydın olur ki, Tramp İranla birbaşa hərbi qarşıdurmaya getmək, müharibə etmək fikrində deyil, lakin İranın nüvə proqramını dayandırmaq üçün sanksiyalardan istifadə edəcək, həmçinin daxildə və xaricdəki müxalif qrupları dəstəkləməyə davam edəcək. 

Eyni zamanda güman etmək olar ki, Yəmən və İraqda ABŞ-İran qarşıdurması şiddətlənəcək. ABŞ husilərin Yəməndə güc olaraq qalmasına qarşı addımlar atacaq. Həmçinin İraqı İranın təsirindən çıxarmaq üçün bu ölkədə fəaliyyətini daha da gücləndirəcək. Çünki İraq böyük neft-qaz ehtiyatlarına malik regionun perspektivli ölkəsidir.

Digər xəbərlər