yanvarın 15-də axşam saatlarında Qəzzada atəşkəs, nəhayət, əldə
olundu. Qətərin paytaxtı Dohada ABŞ, Qətər və Misirin nümayəndələri eyni
binada, lakin ayrı-ayrı otaqlarda İsrail və Həmas nümayəndələri ilə atəşkəs mətnini
razılaşdırdılar.
Qeyd edək ki, 3 mərhələli atəşkəs mətni hələ ötən ilin mayında ABŞ
prezidenti Cozef Bayden tərəfindən elan olunub.
Buna əsasən, atəşkəsin 1-ci mərhələsi 6 həftə - 42 gün davam edəcək.
Bu mərhələdə hərbi əməliyyatlar dayanacaq, Həmas girovları mərhələli şəkildə
azad etməyə, İsrail isə hərbi qüvvələrini zolaqdan çəkməyə başlayacaq. Növbəti
həftə isə Həmasın daha 4 girovu azad etməsi müqabilində İsrail qəzzalıların
zolağın şimal hissəsinə dönüşünə icazə verəcək. Birinci mərhələdə eyni zamanda
İsrail Qəzzaya humanitar yardım buraxacaq.
2-ci mərhələdə girovların qarşılıqlı olaraq azad edilməsi davam edəcək.
İsrail ordusu zolağı və həmçinin Misir-Qəzza sərhədindəki “Filadelfiya dəhlizini”
tərk edəcək. Ancaq Qəzzanın şərq və şimal hissəsində, yəni İsraillə sərhəddə
800 metrlik təhlükəsizlik zolağı yaradılacaq.
İsrail və Həmas arasında müvəqqəti atəşkəs: girovlar və fələstinli məhbusların azad edilməsinə başlanıb - BBC
News Azərbaycanca
Həmçinin 2-ci mərhələdə İsrail 1000 fələstinli girov və məhkumu, Həmas
isə Qəzzada qalan 34-ü ölü olmaqla, 94 girovu təhvil verəcək.
3-cü mərhələdə isə Qəzzada evlərini tərk etmiş bütün fələstinlilərin
evlərinə qayıtması və zolağın yenidən inşası nəzərdə tutulur. Bu prosesin
tamamlanması ABŞ prezidenti Baydenin dediyi kimi, “illər tələb edə” bilər.
Qəzzada atəşkəsin baş verməsində ABŞ-ın hər iki prezidenti, həm
Bayden, həm də Tramp ciddi səylər göstərib. Hətta belə görünür ki, hər iki
prezident İsrailin baş naziri Netanyahuyə ciddi təzyiq ediblər.
Atəşkəs Qəzza və İsraildə insanlar arasında sevinclə qarşılansa da,
xüsusən də İsrail siyasətçilərinin prosesə münasibəti fərqlidir. Xüsusən də,
radikal sağçı hökumət üzvləri, o cümlədən maliyyə naziri Smotriç və təhlükəsizlik
naziri Ben Qvir atəşkəsi fəlakət kimi qiymətləndiriblər. Baş nazir Benyamin
Netanyahu isə sazişdən bir sutka keçməmiş artıq Həması ittiham edib.
Qeyd edək ki, əldə olunmuş razılığa əsasən İsrail hökuməti bu gün təsdiqlədikdən
sonra atəşkəs sazişi 19 yanvardan qüvvəyə minəcək. Ancaq İsrail Baş nazirinin
ofisi Həması atəşkəs sənədinin bəzi maddələrindən kənara çıxmaqda ittiham edərək,
sazişin bütün maddələrini qəbul etdiyini vasitəçilərə bildirənə qədər hökumət
kabinetinin sazişi təsdiqləməyəcəyini açıqlayıb.
Həmas isə bəyan edib ki, razılaşmaya sadiqdir. Həmas siyasi bürosunun
üzvü İzzət ər-Raşak bəyan edib ki, onlar əldə olunan razılaşmaya sadiqdirlər.
Bu arada İsrail prezidenti İshaq Hersoq da Netanyahuya çağırış edərək atəşkəs sənədini
təsdiqləməyə çağırıb.
Məsələ ondadır ki, razılaşma çox kövrəkdir və Livan təcrübəsi göstərir
ki, hər an pozula bilər. Elə atəşkəsdən sonra İsrail ordusunun Qəzzanı
bombalaması nəticəsində 70 nəfərin ölməsi onu göstərir ki, İsrail hakimiyyəti
barışa elə də həvəsli deyil. Hökumət atəşkəsə sadəcə, məcbur qalıb.
Xüsusən də ABŞ prezidenti Donald Tramp və Netanyahu arasında son
qalmaqal İsrail baş nazirini müəyyən qədər geri çəkilməyə, könülsüz də olsa atəşkəsə
razılıq verməyə məcbur edib. Trampın bir neçə gün əvvəl professor Cefri Sachsın
Netanyahunu təhqir etdiyi videonu paylaşması göstərdi ki, ABŞ prezidenti İsrail
baş naziri ilə o qədər də isti münasibətlərə malik deyil. Artıq Netanyahunun
Trampın inauqurasiya mərasiminə qatılmayacağı məlum olub.
Digər tərəfdən həm beynəlxalq ictimai rəy, həm də İsraildə, xüsusən də
yaxınları Qəzzada girov olan vətəndaşlar hökumətə atəşkəsə getməsi üçün təzyiq
göstərirlər. Lakin o da aydındır ki, hazırkı atəşkəs Netanyahu və onun sağçı
komandasını məmnun etmir.
Birincisi, ona görə ki, atəşkəs sazişinin tərəfi Həmasdır. Bu,
İsrailin faktiki olaraq Həması tərəf kimi qəbul etməsi mənasına gəlir. Hər nə qədər
saziş birgə qəbul olunmasa belə. İsrailin terror təşkilatı adlandırıb 15 ay əvvəl
məhv etmək üçün müharibəyə başladığı təşkilatla atəşkəs sazişi imzalaması
Netanyahu hökuməti üçün qəbuledilməzdir.
İkincisi, Qəzzanın gələcək idarəçiliyinin kimin əlində olacağı
sualıdır. İsrail hakimiyyəti Qəzzanı özü idarə etmək istəyir. Rəsmi elan
olunmasa da, İsrail hakimiyyətinə yaxın mənbələr hökumətin yerli fələstinlilərdən
ibarət yeni Qəzza idarə orqanı yaratmağı düşündüyünü bildirir. Lakin indiki
halda Qəzzada Həmas hakimiyyəti qalır və İsrailin planı pozulur.
Nəhayət, Həmasın özünün taleyidir. İsrailin hazırkı hakimiyyəti
2023-cü il oktyabrın sonunda Qəzzaya quru əməliyyata başlayanda elan etmişdi
ki, əsas hədəf Həmas, İslami-Cihad kimi qruplaşmaları fiziki olaraq məhv etmək
və Qəzza zolağını “terror təşkilatlarından təmizləməkdir”.
Lakin 15 ay davam edən müharibənin nəticəsində Həmas sıradan çıxmadı.
Bu günə qədər də Qəzza zolağında İsrail ordusuna müqavimət göstərir. İki gün əvvəl
ABŞ dövlət katibi Entoni Blinken də bildirdi ki, Həmas müharibədə verdiyi itkiləri
kompensasiya edib. Təşkilatın liderlərini itirməsinə baxmayaraq hərbi gücünü
qoruyub saxladığını deyən dövlət katibi dolayısı ilə müharibənin İsrailə uğur gətirmədiyini
etiraf edib. Hərbi tədqiqat institutları bildirir ki, Həmasın ötən müddətdə Qəzzada
olan 23 taborunun əksəriyyəti hələ də döyüş qabiliyyətini qoruyub saxlayır, bir
hissəsi isə ümumiyyətlə tam olaraq yerindədir. Digər tərəfdən, Həmas ideoloji təşkilatdır
və bu tip hərbi əməliyyatlar onu tamamilə sıradan çıxara bilməz.
Nəticə etibarı ilə İsrail və Həmas arasında razılaşma, adından
göründüyü kimi, atəşkəs sənədidir. Atəşkəs isə bir qayda olaraq uzun müddət
davam etmir, xüsusən də Yaxın Şərq münaqişələrində. Bu mənada baş nazir
Benyamin Netanyahu əməliyyatdan əvvəl vəd etdiyinin əksinə, Qəzza zolağını
silahlı qruplardan təmizləyə bilməyib. Bunun əvəzində İsrail Qəzza müharibəsində
çox ciddi itkilər verdi, eyni zamanda həyata keçirdiyi ağır bombardmanlar və
hücum əməliyyatları nəticəsində minlərlə dinc insanın, uşaq və qadının ölümünə
səbəb oldu. Buna görə də dünyada sərt qınaqla üzləşdi.
Bu mənada güman etmək olar ki, atəşkəs qüvvəyə minsə belə Netanyahu
hökuməti ilk fürsətdə atəşkəsi pozmağa və hərbi əməliyyatları yenidən bərpa etməyə
çalışacaq.