Qəzzada atəşkəs qarşısındakı maneələr

  • 15.01.2025
  • 40 baxış

ABŞ prezidenti Cozef Bayden Qəzzada atəşkəsin çox yaxın olduğunu deyib. Dünən Trampın xüsusi təmsilçisi Stiv Witkof İsrail rəsmiləri ilə keçirdiyi görüşlərdən sonra Netanyahu Dohaya danışıq heyəti göndərməyə qərar verib. 

Heyətdə Mossad direktoru David Barnea, Şin-Bet (Şabak) direktoru Ronen Bar və İsrail ordusunda əsir və girovlarla bağlı qrupun komandiri Nitzan Alonla yanaşı Netanyahunun siyasi müşaviri Ofir Falic də olub.

İsraildə, həm də Fələstində bir çoxları Qəzzada atəşkəsin imzalanacağına ümid etsə də, bir çoxları bu optimizmi bölüşmür. Ərəb mediasında yer alan şərhlərdən belə görünür ki, İsrail baş naziri ciddi-cəhdlə atəşkəsin olmamasına çalışır. Netanyahunun “son anda” atəşkəs sənədinə yeni şərtlər əlavə etməsi, Dohaya israrla öz nümayəndəsini göndərməsi və cəbhədə baş verənlər atəşkəsə ümidləri şübhə altına alır.

Məsələ ondadır ki, ötən gün İsrail ordusu bəyan edib ki, Qəzzanın şimalında baş verən döyüşlərdə 5 hərbçi ölüb, 10 nəfər isə yaralanıb. Həmçinin İsrail ordusu Qəzzada xidmət edən briqadanı “itkilərin artması” səbəbi ilə dəyişməyə qərar verib. 

Bu gecə isə İsrail ordusu Həyata keçirdiyi bombardmanlar nəticəsində Qəzzada 53 fələstinli dünyasını dəyişib. Bu xəbərlər onu deməyə əsas verir ki, hazırda Qəzza zolağında gərgin döyüşlər davam edir, yeni qüvvələrin gətirilməsi isə İsrail hakimiyyətinin müharibəni davam etdirməyə hazırlaşdığını göstərir. 

Belə görünür ki, İsrailin baş naziri yanvarın 20-nə, yəni Tramp fəaliyyətə başlayana qədər atəşkəs prosesini pozmaq və bununla da Trampı Fələstinə qarşı sərt addımlara sövq etməyə çalışır. Çünki iki gün əvvəl yeni seçilmiş ABŞ prezidenti bildirdi ki, əgər Həmas atəşkəsə razılaşmasa onları çox sərt cəza tədbirləri gözləyir. Netanyahuya isə indi heç bir halda müharibəni bitirmək sərfəli deyil. 

Xüsusən də son addımlar, yəni Dohaya nümayəndə heyəti göndərdikdən sonra Qəzzada baş verən ağır bombardmanlar və bölgəyə yeni qüvvələrin göndərilməsi barədə qərar onu göstərir ki, atəşkəs baş tutsa belə davamlı olmayacaq. İsrailin hazırkı hakimiyyəti Suriyada ciddi şəkildə irəliləyərək yeni əraziləri işğal etdiyi bir vaxtda Qəzzada Həmasla masaya oturub onu legitimləşdirmək istəmir Bu səbəbdən də Qəzzanı tamamilə nəzarətə götürənə qədər müharibəni davam etdirməyə çalışacaq.

Digər xəbərlər