Misirin "başı üzərində" qara buludlar

  • 26.12.2024
  • 5 baxış

Misir prezidenti Əbdülfəttah əs-Sisi video müraciət yayaraq, Suriyada baş verənlərin Misir üçün potensial təhlükə yaratdığı ilə bağlı xəbərdarlıq edib. Yayılan kadrlarda ordunun hər cür təhlükələrə qarşı hazırlığı əks olunur. 

İki gün əvvəl sosial mediada Misirin bir sıra şəhərlərində hökumət əleyhinə etirazları əks etdirən kadrlar yayılıb. Doğrudur, daha sonra kadrların 2019-cu ilə aid olduğu, Misirdə hər hansı etiraz aksiyasının olmadığı təsdiqlənib. Lakin əvvəlcə saxta aksiya xəbərləri, ardınca isə prezidentin video müraciəti onu göstərir ki, Misir ətrafında narahatlıq var. Misir hakimiyyəti bu təhlükəni gördüyü üçün qabaqlayıcı addımlar atır. 

Məsələ ondadır ki, Suriyada bu ay baş verənlər, Bəşər Əsədin devrilməsi və hakimiyyətin islamçıların, əsasən də “Müsəlman Qardaşlar” (“ixvan”) hərəkatına ideoloji bağlılığı olan HTŞ-nin əlinə keçməsi ən çox Misiri qorxudur. Çünki 2013-cü ildə hazırkı prezident Əbdülfəttah əs-Sisi məhz “ixvan” hakimiyyətini – prezident Məhəmməd Mursini devirərək hakimiyyətə gəlib. çevrilişə etiraz edən 3 mindən çox “Müsəlman qardaşları” tərəfdarı isə güllələnib, həbs edilərək edama məhkum edilib. 

İndi isə Suriyada “ixvan” xəttində olan qüvvələr hakimiyyəti ələ keçirib və bu, Misirə istər-istəməz təsir edəcək. Misir islamçılarının yenidən hərəkətə gəlməsi və bu məsələdə Suriyadakı həmkarlarından birbaşa dəstək alması ehtimalı yüksəkdir. Bunu prezident Sisi də yaxşı bilir. Üstəlik hazırda Misirin qərb qonşusu Liviyada və cənub qonşusu Sudanda vətəndaş müharibəsi davam edir və bu da Misir üçün təhlükəni daha da artırır. 

Maraqlıdır ki, bir neçə gün əvvəl İsrailin kəşfiyyat rəhbəri Misirə gedərək prezident Sisi ilə görüşüb və iddialara görə ona dəstək sözü verib. Lakin İsrail güclü Misirlə dost olmaqla yanaşı, sayı 100 milyondan çox olan güclü orduya malik Misirin daxildə iğtişaşlar və vətəndaş müharibəsinin baş verməsi, dövlətin zəifləməsidən razı qala bilər. Çünki Suriyada eyni ssenari nəticəsində İsrail demək olar ki. Suriyanın bütün hərbi infrastrukturunu məhv etməklə bu ölkədən gələcək təhlükəni birdəfəlik aradan qaldırıb. Oxşar ssenarinin Misirdə baş verməsi riski yüksəkdir. 

Bu mənada hər nə qədər İsrail ətrafında təhlükəsizlik halqası yaratmış olsa da, Misirdə iğtişaşların baş verməsi riski yüksəkdir.

Digər xəbərlər