Suriyanın yeni dövlət başçısı Əhməd əl-Şara, yəni Əbu Məhəmmdə əl-Colani olacaq. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Dəməşq səfəri və ardınca atılan addımlar bu ehtimalı təsdiqləyir.
Ötən həftə Colani ABŞ heyəti və Livan druzları ilə görüşən Colaninin başına qoyulan 10 milyon dollar mükafat ləğv olunub.
Fidanla görüşdən sonra isə Colani yeni nazirlər təyin edib. Əsəd Həsən əş-Şibani xarici işlər, Əbu Həsən əl-Hamavi olaraq tanınan HTŞ silahlı güclərinin komandiri Murhaf Əbu Qəsra isə müdafiə naziri təyin olunub. Qadınlarla iş üzrə nazir Aişə əl-Dibs olub. Aişə əl-Dİbs və Əsəd Həsən əş-Şibani Türkiyədə təhsil alıb, bu ölkədə yaşayıblar.
Görüş və təyinatlar Suriya hakimiyyətinin HTŞ-nin nəzarəti altında və Türkiyənin və Qətərin dəstəyi ilə aparıldığı aydın olur.
Belə görünür ki, Suriyanın yeni hakimiyyəti HTŞ, əslində isə geniş mənada “Müsəlman Qardaşlar” (İxvan) olacaq. Bilindiyi kimi, əl-Qaidə və Nigeriyadan Pakistana qədər bir çox ölkələrdə fəaliyyət göstərən silahlı cihad təşkilatları, o cümlədən, Həmas, İŞİD, ən-Nusra – HTŞ, “İxvan” şinelindən çıxıb. Son hadisələr, HTŞ-nin daha çox Türkiyə və Qətərlə yaxınlaşması da bunu təsdiq edir. Türkiyə və Qətər “ərəb baharı” zamanı Yaxın Şərqdə “ixvan” hərəkatlarını dəstəkləyib. Misirdə “Müsəlman Qardaşlar”, Yəməndə İslah partiyası, Liviyada Tripolidə yerləşən Milli Saziş hökuməti və Liviya İslam Mübarizə Qrupu da “ixvanın” Yaxın Şərqdə hərbi-siyasi mübarizə aparan təşkilatları idi.
Lakin Yaxın Şərqdə əsasən ərəb monarxiyaları “ixvanı” özünə qarşı təhdid olaraq görür. Yeri gəlmişkən, Misirdə Məhəmməd Mursi hökumətini devirən marşal Əbdülfəttah əs-Sisiyə, Liviyada Milli Saziş Hökumətinə qarşı vuruşan Xəlifə Həftərə əsas dəstəyi də məhz körfəz ərəb hakimiyyətləri verirdi.
Suriyada “ixvanın” qalib gələrək hakimiyyəti ələ keçirməsi “ixvana” qarşı olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini narahat etməyə başlayıb. Artıq Suriyada “Ceyş əl-İslam” kimi BƏƏ və Səudiyyə Ərəbistanına yaxın təşkilatlarla HTŞ arasında soyuqluq yarandıöı haqda xəbərlər var. Güman ki, həm hakimiyyətin “ixvban” tərəfindən ələ keçirilməsi, həm də Türkiyənin Suriya üzərində nüfuz qazanmasından narahat olan bu ölkələr və o cümlədən, Misir Suriyada təsirlərini gücləndirmək üçün açıq fəaliyyətə keçəcəklər.