Bakıda türkman günləri

  • 31.10.2023
  • 148 baxış

30 oktyabrda Bakıda ilk dəfə “İraq türkmanları və Türk dünyası: Tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda mədəniyyət, təhsil, elm, incəsənət, media və siyasət sahəsində olan çoxlu sayda İraq türkməni iştirak edirdi. 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə İraq və Azərbaycanla yanaşı, Türkiyə və Avropadan gəlmiş türkman təmsilçilər də iştirak edirdi. 

Tədbir açılış mərasiminin ardınca 6 ayrı panellər şəklində davam etdirildi. Müxtəlif sahələr üzrə azərbaycanlı və türkman nümayəndələr panellərdə fəal şəkildə iştirak etdilər. qeyd edəkki. Açılış mərasimində Azərbaycan və İraq türkman deputatlarla yanaşı İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Maki Ressan əl-Mamori iştirak edirdi. 

Müvəqqəti işlər vəkili konfransın keçirilməsini alqışladı və bunun ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirdi. Eyni zamanda İraq prezidentinin Azərbaycana səfər edəcəyi və planlaşdırılan əməkdaşlıq addımlarından danışdı. Səfir bildirdi ki, onlar Azərbaycan və İraq arasında birbaşa təyyarə reyslərinin həyata keçirilməsini dəstəkləyirlər. 

Qeyd edək ki, tədbirə səfirin dəvət edilməsi və mərkəzi İraq hökumətini tədbirə dəstək verməsi həm təşkilatçılıq baxımından uğurlu addım, həm də Azərbaycanın İraq türkmənləri əlaqələrinin inkişafının gələcəyi baxımından mühüm addımdır. Çünki məlum olduğu kimi, bir qayda olaraq dövlətlər onların daxilindəki milli azlıqlara başqa dövlətlərin maraq göstərməsini heç də həmişə xoş qarşılamır, ən azı şübhə və ehtiyat edirlər. Lakin görünür ki, Azərbaycanın türkmən icması ilə əməkdaşlığı Bağdadda da maraqla qarşılanıb. 

Qeyd edək ki, konfrans çərçivəsində gün boyu 6 panel təşkil olundu. “Azərbaycan və İraq türkmanları arasında mədəni əlaqələr: Dünən, bu gün, sabah”, “İraq türkmanlarının Türk dünyasında yeri. Azərbaycanın və Türkiyənin nümunəsində”, “İraq türkmanları bu gün”, “İraq türkmanlarının mədəni-mənəvi irsi və Azərbaycan”, “İraq türkmanlarının söz sənəti ümumtürk ədəbiyyatının nümunəsi kimi”, “İraq türkmanlarının mətbuatı və Azərbaycan. Gələcəyə baxış” mövzularda keçirilən panellərdə həm yerli türkmən mövzusu tədqiqatçıları, həm də İraqdan, eləcə də Türkiyə və Avropa türkmən fəallar çıxış etdilər. Eyni zamanda çıxışlardan sonra keçirilən sual-cavab hissəsində maraqlı və aktual mövzular gündəmə gətirildi. 

Məlum oldu ki, hər kəs, xüsusən də İraq türkmanları Azərbaycanla əlaqələrin inkişafında, Azərbaycan dövlətinin türkmanlara daha çox diqqət ayırmasını istəyir. Eyni zamanda türkmanlar nümayəndələri ilə Türk Dövlətləri Təşkilatının iclaslarında iştirakı arzulayırlar. Bundan başqa, İraq türkmanları daha əvvəl tətbiq olunan İraq türkman tələbələrinin Azərbaycan universitetlərində təhsil təqaüdü verilməsini təklif edirlər. Tələbə təqaüdləri hər iki xalq arasında mədəni və sosial sahədə əlaqələrin güclənməsinə xidmət edən ən mühüm faktorlardan biri hesab olunur. 

Konfransda çıxış edən türkman tədqiqatçılar Bakıda olduqları müddətdə Azərbaycan danışıq dilinin İraqda türkman bölgələrinin yerli şivələri ilə çox yaxınlıq təşkil etdiyini, hətta Bakıda fərqli türkman bölgə şivələri ilə qarşılaşdıqlarını bildirdilər. Bir müddətdir Azərbaycanda olan türkman əsilli tədqiqatçı Səlcuk Bacalan Azərbaycan danışıq dilinin İraq türkman danışıq dili ilə yaxınlığı haqqında misallar qeyd etdi. Onun sözlərinə görə, burada söhbət etdiyi insanlarla anlaşmada heç bir çətinlik yaşamır, hətta fərqli türkman bölgələrində danışıq dilində işlənən ayrı-ayrı sözləri burada eşidərkən heyrətlənib.   

Söhbət etdiyimiz media, sənət və elm xadimi türkmənlər tədbir haqqında yüksək fikirlər söyləyir, bu cür tədbirlərin davamlı olması və iki xalq arasında əlaqələrin inkişafına xidmət edəcəyini dedilər. tədbirin gedişində fasilə zamanı söhbət etdiyimiz Kərkükdə nəşr olunan “Türkməneli” qəzetinin baş redaktoru, yazıçı və tarixçi Necat Kevseroğlu uzun illərin jurnalisti kimi ölkəmizdə də yaxşı tanınır. Eyni zamanda N.Kevseroğlu İraq türkmənlərinin son onilliklərdə apardığı mədəni və siyasi hüquqlar uğurunda mübarizənin önündə olan şəxslərdən biri və mühüm tarixi-ictimai proseslərə şahidlik etmiş qələm adamıdır. 

Bizimlə söhbətində N.Kevseroğlu ilk növbədə bu tədbirin davamlı olmasını arzuladı: “İlk növbədə bu tədbiri təşkil edən dostlara İraq türkmənləri adından təşəkkür edirəm. Təbii ki, bu cür beynəlxalq tədbirlərdə iki coğrafiyaya yayılan tək böyük türk milləti arasında çox gözəl əlaqələr müzakirə olundu, danışıldı. Burada insanlarımız çox geniş bilgi aldı, Azərbaycan türkləri ilə İraq türkmənləri arasında tarixi, mədəni əlaqələr haqqında ətraflı məlumatlar aldıq, çox gözəl çıxışlar oldu. Bunun üçün bir daha təşəkkür edirəm. Bir iş başlayıbsa onun davamı da çox gözəl şəkildə olacaq”. 

- Nicat bəy, ilk dəfədir Azərbaycanda türkmanlara həsr olunmuş bu cür geniş bir tədbir təşkil olundu. Bəs buna qədər media sahəsində əlaqələr necə idi? Azərbaycan mövzusu Türkmən mediasında işıqlandırılırdı? 
- İlk növbədə mən Qənirə Paşayevanı xatırlatmaq istəyirəm. Azərbaycan və İraq türkmanları arasında əlaqələrin möhkəmlənməsində böyük xidmətləri olan dəyərli millət vəkili Qənirə xanım bu yaxınlarda Allahın rəhmətinə qovuşdu. Onun vəfatı bizi çox üzdü, İraqda onun haqqında yazılarımız dərc olundu. İraqdakı türkmən böyüklərimiz, elm, mədəniyyət, siyasət  adamları başsağlıqlarını yazdılar. Mən özüm də bir yazı yazdım. 

Bundan əvvəl Bakıya gələndə 11 gün Bakıda qaldım və bütün universitetləri, ümumilikdə şəhəri gəzdim və qayıtdıqdan sonra “11 gün Azərbaycanda” adı ilə silsilə yazılar yazdım. Qeyd edim ki, bu günə qədər İraq Türkman eli ilə Azərbaycan arasında mədəniyyət, incəsənət və media sahəsində gözəl əlaqələr olub.

- Azərbaycan mediası ilə əməkdaşlıq əlaqələriniz varmı? 
- Bəli, vardır. Azərbaycanda dərc olunan “Mədəniyyət” qəzeti ilə əməkdaşlıq edirik, bizim yazılarımız burda dərc olunur. Onların yazılarını biz orda qəzetimizdə dərc edirik. Bütün saylarımızda Azərbaycandan olan yazar və şairlərin əsərlərinə yer veririk. Ancaq bu kifayət deyil, arzu edirik ki, əlaqələrimiz daha da inkişaf etsin. 

Qeyd edək ki, tədbirdə həmçinin İraq türkmanlarından ibarət ilahilər qrupu da iştirak edirdi. Onlar türkman ləhcəsində milli və dini mahnılar ifa etdilər. 

Kənan Rövşənoğlu

Digər xəbərlər