Türkiyənin Suriyadakı rolu

  • 18.12.2024
  • 27 baxış

Türkiyənin Suriyadakı rolunu ABŞ-ın yeni prezidenti Donald Tramp da qəbul etdi. Ötən gün keçirdiyi mətbuat konfransında Tramp Ankaranın və bilavasitə Ərdoğanın Suriyadakı proseslərin arxasındakı əsas güc adlandıraraq təqdir edib. Açıqlamadan belə qənaət hasil olur ki, Tramp Suriya məsələsində Ərdoğanla dil tapmağa çalışacaq. Hərçənd ABŞ siyasi elitası bunu istəməsə də.

ABŞ-ın yeni prezidentinin açıqlaması Türkiyənin Suriyadakı gücünü ortaya qoyur. Ankara HTŞ-nin əsas dəstəkçisi və son əməliyyatın müəllifi olmasa belə, regiondakı təsiri və nüfuzu sayəsində proseslərin aparıcı gücü olaraq meydana çıxıb. Başqa sözlə, bir il əvvələ qədər Rusiya və İranla Suriya proseslərinin aparıcı tərəfi olan Ankara indi də Qətər, ABŞ, Avropa İttifaqı ilə birlikdə post-çevriliş dövrü Suriyanın əsas aktyoru olaraq meydandadır. 

Türkiyə xarici işlər naziri Hakan Fidan və kəşfiyyat (MİT) rəisi İbrahim Kalının çevrilişdən dərhal sonra Dəməşqə getməsi Türkiyənin Suriyanın yenidən qurulmasında əsas aktyorlardan olduğunu nümayiş etdirirdi. Artıq Dəməşqdə Türkiyə səfirliyi də fəaliyyət başlayıb, yaxında hava nəqliyyatı və dəmir yolu xətlərinin bərpası da gündəmdədir. 

Lakin Türkiyənin Suriya siyasətində prioritet bu ölkədə siyasi keçid prosesinin ağrısız olması ilə yanaşı suverenliyini təhdid edən terror və separatizm təhlükəsini aradan qaldırmaqdır. Başqa sözlə, indi Türkiyə bir tərəfdən, İsrailin Suriya ərazisinə davam edən hücumlarını dayandırmaq, bu ölkədə siyasi keçid prosesini həyata keçirməyə çalışmalı olacaq. Bu isə o qədər də asan deyil. Çünki İsrail yalnız milli maraqları əsas götürür və beynəlxalq təşkilatların, habelə digər dövlətlərin siyasi və hərbi təzyiqini qəbul eləmir. Suriya proseslərinin əsas aktyoru kimi indi İsrailin işğal siyasətini durdurmaq Türkiyənin üzərinə düşür. Bu səbəbdən də xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanı, Misir, BƏƏ kimi ölkələrin ittifaqını yaratmağı təklif edib. 

Kürd məsələsi isə yəqin ki, gələn aydan etibarən Tramp və Ərdoğan arasında ciddi bir mübahisə mövzusu olacaq. Çünki Trampdan fərqli olaraq ABŞ establişmenti kürd məsələsində həssas davranır. Tramp Ərdoğanla dil tapsa belə, Vaşinqtondakı siyasətçiləri, o cümlədən Konqresdəki respublikaçıları kürd məsələsində razı salmalı olacaq. Bu isə o qədər də asan olmayacaq.

Digər xəbərlər