Bəşər Əsədin devrilməsinin ardınca Suriyanın hərbi obyektlərini məhv edən İsrail hərbi qüvvələri paralel olaraq Colan təpələri istiqamətində irəliləyərək yeni əraziləri işğal edib. Colan yüksəklikləri ərazisindəki tampon bölgəni artıq işğal edən İsrail qüvvələri hazırda paytaxt Dəməşqə 25 kilometr məsafədə dayanıblar. Son bir həftə ərzində İsrail ordusu Suriyaya məxsus 5 kənd və qəsəbəni ələ keçirib.
İsrail hökuməti elan edib ki, Colan və Katsrin yaşayış məntəqələrində demoqrafik inkişafı təşviq etmək üçün 40 milyon şekel pul ayıracaq. Bu, Colanda İsrailin möhkəmlənməsi planının tərkib hissəsidir. Ehtimal ki, İsrail ordusu yeni təhlükəsizlik zolağını son bir həftədə ələ keçirdiyi ərazilərdə quracaq.
İsrailin aqressiv ərəb ölkələrində narahatlıqla qarşılanıb. Birləşmiş Ərəb Əmirlikləri, İraq, Qatar və Səudiyyə Ərəbistanı ötən gün bəyanat yayaraq İsrailin Suriyada yeni əraziləri ələ keçirməsini işğal adlandırıb və sərt şəkildə qınayıb. Ötən həftə BMT baş katibi və Türkiyə də İsrailin hərəkətlərini qınayan açıqlama yayıb. Lakin aydın məsələdir ki, qınamalar İsrailə hər hansı təzyiq üçün kifayət etmir.
Qəzzada atəşkəsə hələ də müqavimət göstərən İsrailin yaranmış fürsətdə Suriyanın hərbi infrastrukturunu məhv etməsi və torpaqlarını işğal etməsi işğalçı hərəkətdir. İsrail rəhbərliyi anlayır ki, indiki şəraitdə Suriyanın buna müqavimət imkanları yoxdur, ümumiyyətlə, Suriyanın yenidən ayağa qalxıb İsrailə qarşı çıxa bilməsi ehtimalı çox azdır. Bəşər Əsəddən qalan aviasiya parkı, hava hücumundan müdafiə sistemləri, hətta donanma gəmiləri və texnikası son 8 gün ərzində İsrail aviasiyası tərəfindən məhv edilib.
İsrailin Suriyada yeni ələ keçirdiyi ərazilər isə çox güman ki, ya ümumiyyətlə qaytarılmayacaq, ya da yeni təhlükəsizlik zolağı olaraq tanınacaq. Çünki Suriyada üsyançıların qələbəsindən dərhal sonra açıqlama yayan baş nazir Netanyahu bildirmişdi ki, artıq 1974-cü ildə imzalanmış atəşkəs razılaşması qüvvədən düşüb, İsrail ordusu buna görə də Colan yüksəkliklərindəki tampon bölgəni “yeni bir nizam qurulana qədər” müvəqqəti olaraq nəzarətinə götürür. Lakin Netanyahunun bu açıqlamasından sonra İsrail ordusu ötən bir həftə ərzində irəliləyib və tampon bölgə sərhədlərindən də kənara çıxaraq yeni ərazilər ələ keçirib. Bu da qeyd olunan bəyanatın əhəmiyyətini azaldır.