Noyabrın 27-si səhər saatlarından etibarən İsrail və Hizbullah arasında atəşkəs razılaşması qüvvəyə minib. Atəşkəs razılaşmasına əsasən İsrail ordusu 60 gün ərzində Livan ərazisini tərk edəcək. Eyni zamanda bu müddət ərzində Hizbullah İsrail-Livan sərhədindən 30 kilometr şimala, Litani çayından yuxarıya çəkilməlidir.
İsrail ordusu yaydığı açıqlamada qüvvələrin hələlik Livanda olduğunu və buna görə də Livan sakinlərinin hələlik evlərinə qayıtmamağa çağırıb. Boşaldılan bölgələrlə bağlı məlumatı İsrail tərəfi elan edəcək.
Hizbullahın tərk etdiyi əraziyə isə 5 min nəfərdən ibarət Livan ordusu birləşmələri yerləşəcək. Hizbullah isə Litani çayından Livan-İsrail sərhədinə qədər olan 30 kilometrlik zolaqdan çıxacaq. Atəşkəs haqda açıqlama verən ABŞ prezidenti Bayden deyib ki, Hizbullah razılaşmanı pozarsa İsrailin özünümüdafiə haqqı olacaq. Livan atəşkəsinin təminatçısı isə ABŞ olacaq.
Ötən ilin oktyabrından bu yana İsrailin Livana həyata keçirdiyi bombardmanlarda 3823 nəfər ölüb, 15850 nəfər yaralanıb, ölkəyə 8,5 milyard dollar ziyan dəyib. Təkcə son gündə İsrail bombardmanlarında 55 nəfər ölüb, 160 nəfər yaralanıb.
Hizbullah isə ötən gün İsrailə 250 raket atıb, bunların bir hissəsi Təl-Əvivə düşüb. Hizbullahla toqquşmalarda 200-ə yaxın hərbçi və 47 mülki sakin ölüb. 60-80 min arası israilli isə sərhəddəki evlərini tərk edib.
Hizbullah və İsrail arasında toqquşma Qəzzada müharibədən bir gün sonra başlayıb, Hizbullah Qəzzada Həmasa dəstək vermək üçün İsrailə zərbələr endirib. Ancaq bu ilin sentyabrında İsrail-Hizbullah qarşıdurması şiddətlənib. İsrailin zərbələri nəticəsində Hizbullahın baş katibi Həsən Nəsrullah da daxil olmaqla təşkilatın rəhbərliyi, komandirləri öldürülüb. Ancaq Hizbullah rəhbərliyinin sıradan çıxması və İsrail ordusunun hava üstünlüyünə rəğmən oktyabrın 1-dən bu yana davam edən quru əməliyyatlarında Litani çayına qədər əraziləri Hizbullahdan ala bilməyib.
İsrail baş naziri Netanyahu Hizbullahla atəşkəsdən sonra İrana yönələcəklərini deyib. Bu da o deməkdir ki, müharibə digər cəbhələrdə davam edəcək. Xüsusən də son bir ayda Suriya ərazilərinə hava zərbələrini artıran İsrail buradakı İran hərbi birlikləri və Suriya ordu qüvvələrini davamlı olaraq bombalayır. Bu səbəbdən də Netanyahunun Suriya istiqamətində yeni “cəbhə açması” ehtimalı yüksək olaraq qalır.