İran yanvarın 20-dək İsraili vurmağa hazırlaşır

  • 26.11.2024
  • 15 baxış

İran İsrailə cavab zərbəsi hazırlayır. Bu barədə İranın ali lideri Ayətullah Xameneinin baş müşaviri Əli Laricani açıqlama verib.

Laricani İran mediasına deyib ki, İran hərbiçiləri İsrailə cavab üçün bir neçə strategiya hazırlayır. Cavab İsrailin regiondakı təxribatçı siyasətinə aydın mesaj olacaq.

Qeyd edək ki, ötən həftə xarici işlər naziri Abbas Əraqçi də İranın İsrailə cavab verəcəyini bildirmişdi. Ancaq cavabın zamanı hələlik məlum deyil. Bir qədər əvvəl İran rəhbərliyi Qəzzada atəşkəs olarsa İran İsrailə cavab zərbəsindən imtina edəcəyini bildirmişdi. 

Ancaq ötən müddətdə İsrailin Livan və Qəzzada ağır bombardmanları davam etdirdiyi, üstəlik Suriya ərazisindəki İrana bağlı qruplara hava zərbələrini artırması Tehranı İsrailə cavab zərbəsi endirməyə sövq edir. 

Məsələ ondadır ki, hazırkı regional hərbi-siyasi vəziyyət Tehranı hərəkətlənməyə vadar edir. Trampın prezident seçilməsi, ötən həftə Avropa ölkələri ilə Tehran arasında nüvə məsələsində anlaşmanın əldə olunmaması, üstəlik İsrailin Suriyaya zərbələrinin artırması İranı narahat edir. İran hakimiyyəti anlayır ki, İsraili çəkindirmək üçün növbəti addımı atmalıdır. Əks təqdirdə İsrail Qəzza və Livanda müharibəni dayandırıb İrana yönələ bilər. Çünki Netanyahu daha əvvəl də bəyan edib ki, Yaxın Şərqdə İsrailə qarşı müharibə aparan qüvvələrin əsas sponsoru İrandır. Yəni dolayısı ilə İranla məsələni həll edərsə, Yaxın Şərqdə İsrailə qarşı təhdid yaradan ünsürləri aradan qaldıra bilər. 

İsraili İrana hərəkətə keçməyə qoymayan Bayden hakimiyyəti olub. Bayden administrasiyası İranla nüvə sazişini bərpa eləmək və dolayısı ilə İranın hərəkətlərini məhdudlaşdırmaq üçün Tehranla dialoqu vacib hesab edirdi. Bu səbəbdən də demokratlar üçün İranla münaqişə ABŞ üçün ciddi bir nəticə verməyəcək, üstəlik Tehrana Rusiya və Çinə daha çox yaxınlaşacaq, İrana hücum isə ABŞ-ı Yaxın Şərqdə nəticəsiz bir müharibə bataqlığına sürükləyəcək. 

Lakin Tramp beynəlxalq siyasətə fərqli baxır, buna görə də İsrailin hazırkı hakimiyyəti yanvarın 20-dən sonra İranla hesablaşmaya gedəcəyinə ümid edir. Bu ssenari isə Tehranı hərəkətə keçməyə vadar edir. Tramp hakimiyyətə gələnə qədər Tehran İsrailə qarşı çəkindirici güc tətbiq etməlidir. əks təqdirdə yeni müharibəyə hazırlaşmalı olacaq.

Digər xəbərlər