ABŞ-ın yeni prezidenti Donald Tramp olacaq. Seçkinin nəticələrinə əsasən Donald Tramp səslərin çoxunu əldə edib. Seçki prosedurana əsasən, seçilmiş nümayəndələr yeni prezidentin kimliyini müəyyən edəcək, yanvarın 20-də isə yeni prezident and içib fəaliyyətə başlayacaq. Artıq Tramp və tərəfdarları qələbəni bayram edirlər.
ABŞ-da prezident seçkiləri dünyanın diqqət mərkəzindədir, çünki planetin müxtəlif nöqtələrində baş verən hərbi-siyasi proseslərə birbaşa və ya dolayısı ilə Vaşinqtonun təsiri var.
Bu mənada Yaxın Şərqdə davam edən müharibəyə də ABŞ prezidentinin kimliyinin ciddi təsiri olacaq. Hazırkı demokrat ABŞ administrasiyası ilə İsrail rəhbərliyi arasında soyuq münasibətlərin olduğu bəlli idi. Bəs Trampın dövründə necə olacaq?
Əvvəlcə onu qeyd edək ki, Tramp bundan əvvəlki 4 illik prezidentliyi dövründə Yaxın Şərqdə bir neçə kəskin siyasi qərarlara imza atıb.
1. 2017 və 2018-ci ilin aprelində ABŞ müttəfiqləri ilə birlikdə Suriya hökumət qüvvələrini bombalayıb. Nə ondan əvvəl, nə də sonra ABŞ Suriya ilə qarşıdurmaya getməyib.
2. 2017-ci ilin dekabrında ABŞ prezidenti Qüds (Yerusəlim) şəhərini İsrailin paytaxtı kimi tanıyıb və səfirliyini bu şəhərə köçürüb. Paralel olaraq 1967-ci ildə İsrail tərəfindən işğal edilmiş Suriyanın Colan təpələrini İsrail ərazisi olaraq tanıyıb.
3. 2019-cu ildə ABŞ İran İnqilab Keşikçiləri Korpusunu (Sepah) terror təşkilatı kimi tanıyan qərar qəbul edib və 2020-ci ilin yanvarında Sepahın xaricdə əməliyyatları idarə edən generalı Qasim Süleymanini Bağdad hava limanında öldürmək əmri verib. Cavabında İran İraqdakı ABŞ hərbi bazalarını bombalayıb.
4. Trampın müşaviri və kürəkəni Cared Kuşner Fələstin münaqişəsinin yeni həll planını irəli sürüb və 2020-ci ilin sentyabrında İsrail BƏƏ və Bəhreynlə münasibətləri yaratma sazişi imzalayıb.
5. 2019-cu ildə prezident Tramp Suriyadakı hərbi qüvvələrini çıxaracağını elan edib, ancaq bu qərarı reallaşdıra bilməyib.
6. 2020-ci ilin fevralında Qətərin paytaxtı Doha şəhərində ABŞ və Taliban arasında razılaşma əldə olunub və bu razılaşmaya əsasən ABŞ əsgərləri Əfqanıstanı (prezident artıq Bayden idi) tərk edib, Taliban yenidən Əfqanıstanda hakimiyyəti ələ keçirib.
İndi isə Tramp yenidən Ağ Evə qayıdır. Keçmiş təcrübəyə əsasən demək olar ki, regionu yeni “sürprizlər” gözləyir.