Livanda atəşkəs niyə mümkün olmur?

  • 05.11.2024
  • 38 baxış

Livanda ABŞ-ın təklif etdiyi atəşkəs layihəsini İsrail baş naziri Netanyahu rədd edib. Ötən həftə ABŞ prezidentinin xüsusi təmsilçisi Amos Hoxşteyn tərəfindən Livan rəsmiləri ilə razılaşdırılmış atəşkəs layihəsini İsrail hökumətinə təqdim etmişdi. 

Livan parlamentinin sədri Nəbih Berri ərəb mediasına bildirib ki, İsrail bu təklifi rədd edib və güman ki, növbəti atəşkəs danışıqları ABŞ-da keçiriləcək 5 noyabr seçkilərindən sonraya qalacaq.

Qeyd edək ki, mətbuata sızan məlumatlarda ABŞ-ın təklif etdiyi layihədə Hizbullahın Litani çayından şimala çəkilməsi və İsrail-Livan sərhədinə Livan ordusunun qüvvələrinin yeridilməsi, BMT sülhməramlı qüvvələri UNFİL qüvvələrinin sərhədə qaytarılması və İsrail ordusunun bir həftə ərzində Livan ərazisini tərk etməsini nəzərdə tuturdu. 

Lakin göründüyü kimi, Netanyahu seçkilər öncəsi Baydenə və demokratlara belə bir jest etmək istəməyib. Bu həm də o deməkdir ki, İsrail baş naziri seçkilərdə Donald Trampın qələbə qazanacağına çox ümid edir. Əgər Tramp qazanarsa çox güman ki, Netanyahunun hərbi əməliyyatları davam etdirməsi üçün “yaşıl işıq” yandıracaq. Əks təqdirdə, yəni Kamala Harris seçiləcəyi təqdirdə Netanyahu Vaşinqtonun tələblərinə boyun əməli olacaq. Demokratlar isə atəşkəsdə israr edir. Bu səbəbdən də Netanyahu ən azı aralıq müddətdə müharibəni davam etdirmək və məqsədinə yaxınlaşmaq üçün Vaşinqtonun seçkiqabağı atəşkəs təşəbbüsünü rədd edib. 

Qəzza və Livanda hərbi əməliyyatlar davam edir. İsrail aviasiyası Livanın cənub hissəsini və paytaxtı Beyrutu vurur. Eləcə də Qəzzada yaşayış məntəqələri bombalanır. Ötən gün ilk dəfə İsrail xüsusi təyinatlıları Livanda sahil desant əməliyyatı keçirərək rəsmi mənbələrdə gəmi kapitanı olaraq keçən şəxsi qaçırıblar. İsrail mənbələri bu şəxsin Hizbullahın dəniz qüvvələrinin komandanlarından olduğunu bildirir.

Bu əməliyyat göstərir ki, İsrail ciddi müqavimətə rəğmən Livanda hərbi əməliyyatları davam etdirməkdə israr edir. Çünki ABŞ-dakı seçkilərin nəticələri hələ məlum deyil, Kamala Harris isə bir daha bəyan edib ki, seçiləcəyi təqdirdə Qəzzada atəşkəs üçün çalışacaq.

Digər xəbərlər