Xalqlara bədbəxtlik və fəlakət gətirən vəkalət savaşları

  • 26.10.2023
  • 204 baxış

Dünyanın böyük gücləri Suriyada müharibənin başa çatması üçün bir sıra önəmli məsələlərdə anlaşıblar. Əsas hədəf radikal silahlı qrupların sıradan çıxarılması, ölkədə siyasi anlaşmanın əldə olunması və müharibənin başa çatmasıdır. Əslində çox ciddi bir irəliləyişdir, 6 ildən sonra nəhayət ki, böyük güclər savaşı bitirməyə qol qoyurlar.

Suriyada bunun üçün 6 il lazım oldu. 6 il Suriya dünyanın iki qütbü arasında vəkalət savaşı meydanı oldu. Savaş bu ölkəyə çox baha başa gəldi. BMT İnsan Haqları Komissiyasının 2016-cı ildə açıqladığı məlumata əsasən, müharibə başlayandan bu yana Suriyada 283 min nəfər öldürülüb və ya müharibə şəraitində ölüb. Bunlardan 81 min 436 nəfəri mülki əhali, o cümlədən 10 min nəfəri uşaq, 9 mindən çoxu qadın olub. Eləcə də, 48 min 500 nəfərdən bir qədər çox yerli müxalif silahlı və terrorçu, 47 min nəfər isə əcnəbi silahlı olub. Bundan başqa, 57 min nəfəri Suriya Ordusunun hərbçiləri olmaqla ümumilikdə 102 min nəfərə yaxın hökumət tərəfdarı öldürülüb. Nəzərə almaq lazımdır ki, bu rəqəmlər hər gün artır.

Bütün bunlar 6 illik Suriya vəkalət savaşının canlı insan itkisidir. Bura dağıdılmış, yerlə yeksan edilmiş bir ölkəni, müharibənin acılarını yaşamış, hər cür dəhşətləri, travmanı yaşamış 23 milyonluq bir xalqı da əlavə edəndə çox dəhşətli bir mənzərə alınır. Vəkalət savaşı Suriyaya, suriyalılara baha başa gəldi. Əslində bu cür vəkalət savaşları tarix boyu heç bir xalqa fayda gətirməyib.

Vəkalət savaşlarının tarixi çox qədim dövrlərə gedib çıxır. Hərfi mənada vasitələrlə savaş anlamına gələn vəkalət müharibələrində savaşan tərəflər birbaşa qarşı-qarşıya gəlmir, dəstəklədikləri qruplar vasitəsilə savaşırlar. Məsələn, 7 illik müharibə zamanı Britaniya və Fransa orduları ilə yanaşı Şimali Amerikada hindu tayfaları da hər iki tərəfdən savaşırdılar. Ancaq təbii ki, hindular öz ölkələrində, ancaq müstəmləkə dövlətlərinin marağı üçün bir-birini öldürürdülər.

Sonrakı (və əvvəlki) tarixdə də vəkalət savaşları olub, lakin bu savaşların ən bariz nümunələri 20-ci əsrdə yaşanıb. Vəkalət savaşının ən açıq nümunəsi İspaniya vətəndaş müahribəsi olub. 1936-39-cu illərdə davam edən vəkalət savaşında bir tərəfdə kommunistlər, dünya sosialistləri, digər tərəfdə millətçilər və onları dəstəkləyən dünya gücləri vardı. Hətta məşhur yazıçı Ernest Hemenquey də kommunistlər sırasında İspaniyada Frankoya qarşı savaşdı və gözəl əsərlərini yaratdı. Ancaq vəkalət savaşı ispan xalqına ölüm və dağıntıdan başqa çox şey vermədi, Franko isə 1975-ci ilə (ölənə) qədər hakimiyyətdə qaldı.

Sonrakı dövrdə Vyetnam (1964-75-ci illər) və Əfqan müharibəsi də (1979-89-cu illər) Vyetnamda amerikalıların, Əfqanıstanda isə sovetlərin birbaşa müdaxiləsi olmaqla qismən vəkalət savaşı idi. Hər iki savaş xalqlara böyük qırğın və dağıntılar hesabına başa gəldi.

Vəkalət savaşının son nümunəsi isə Suriya oldu. Suriyanın cənubunda Dəra şəhərində 2011-ci ilin martında divara hökumət əleyhinə şüar yazılması və bunu yazanların sərt cəzalandırılması ilə başlayan olaylar tezliklə rejimdən narazı qüvvələrin silahlı hərəkatına çevrildi. Sonrakı baş verənlər isə bütün dünyanın gözü qarşısında oldu. Bir tərəfdə ABŞ, Avropa, ərəb ölkələri, Türkiyə, digər tərəfdə Rusiya, İran, qismən də Çin olmaqla iki böyük güc Suriyada savaşdı. Bu savaşda öldürülən təkcə əcnəbi sayı 47 min nəfər olub. Bu, özü savaşın miqyasın göstərir. Təbii ki, Suriya müharibəsində xərclənən pullar, sərf olunan silah-sursat, öldürülən insanların dəqiq sayı bilinməyəcək. Amma bir şey aydındır ki, bu savaşın ən böyük zərbəsi Suriya xalqına dəydi, bütün vəkalət savaşlarında olduğu kimi.

İndi isə 6 il ərzində savaşı körükləyən, maliyyələşdirən qüdrətli ölkələr bir araya gəlib onun başa çatması üçün razılığa gəldilər.

Vəkalət savaşlarında hər zaman müharibə ölkəsi və xalqı zərər görür. İspaniyada vətəndaş müharibəsi zamanı xaricdən nə qədər kommunist internasionalçı gəlsə də, ən böyük itkini, ən ağır zərbəni ispan xalqı aldı. Eləcə də, Vyetnamda vyetnamlılar, Əfqanıstanda əfqanlar. Böyük güclərin savaş meydanına çevrilmək xalqlara heç zaman yaxşı nəsə vermədi, verməyəcək də.

Kənan RÖVŞƏNOĞLU

Digər xəbərlər