Livan İsrail ordusu üçün “bataqlığa” çevrilə bilərmi?

  • 30.10.2024
  • 59 baxış

İsrail mediası son bir həftədə Livan və Qəzzada baş verən döyüşlərdə 27 əsgər və zabitin öldüyünü, təkcə son iki sutkada isə 88 hərbçinin yaralandığını yazır. 

Sabah İsrailin Livana quru əməliyyatının başlamasının 1 ayı tamam olur. Ancaq ordu qüvvələri hələ ki Litani çayına, yəni şərti olaraq “mavi xətt” adlanan Livanın cənubundakı 30 kilometrlik zolağı nəzarətə götürə bilməyib. Ordu qüvvələri çox zəif irəliləyir, xüsusən də yaşayış məskənlərində Hizbullahın güclü müqaviməti ilə rastlaşır. İsrail ordusunun hücum qrupuna rəhbərlik edən polkovnik Yaniv Malka oktyabrın əvvəlində BBC-yə müsahibəsində ordunun zəif irəliləməsini müqavimət və çoxlu sayda bomba-tələlərlə izah etmişdi. Onun dediyinə görə demək olar ki, hər yerdə bu cür tələlər var.

İsrailli hərbi analitiklər Livan cəbhəsində İsrail ordusunun gündəlik ortalama 5 hərbçi itirdiyini və çoxlu sayda əsgərin yaralandığını bildirir. Əgər İsrail rəhbərliyi ordunun Litani çayının şimalına çıxmasında israr edərsə, o zaman bu əməliyyat indiki sürətlə bir neçə ay vaxt və çoxlu sayda canlı qüvvə itkisi demək olacaq. üstəlik ordu irəlilədikcə cəbhə xətti genişlənir və bu da itkilərin artması riski deməkdir. Yəni nəticə etibarı ilə Livanda hücum əməliyyatı davam etdikcə itkilərin miqyası da genişlənəcək.

Digər tərəfdən, Qəzzadan fərqli olaraq Livan blokadada deyil, Hizbullah daha hazırlıqlı və arxa cəbhədən daha çox dəstək almaq imkanına malikdir.  

Ərəb mediası yazır ki, hazırda Livanda insanlar ümidini məhz buna bağlayıb. Yəni yalnız müharibənin uzanması və itkilərin sayı səbəbi ilə İsraili 2006-cı ildə olduğu kimi dayanmağa sövq edə bilər. Çünki Qahirə danışıqlarında İsrail hökumətinin atəşkəs təklifini yenidən rədd etməsi göstərir ki, Netanyahu hakimiyyəti hər hansı kənar siyasi təsir və ya əsir dəyişikliyi kimi səbəblərlə atəşkəsə getmək, müharibəni dayandırmaq fikrində deyil. 

Digər bir amil isə ABŞ-dakı seçkilərdir ki, hələlik Netanyahu Vaşinqtonun tələblərini eşitməzliyə vura bilir.

Digər xəbərlər