Seçkilərdən istədiyimiz nəticəni əldə edə bilmədik

  • 29.10.2024
  • 99 baxış

Şimali İraq kürd administrasiyasında bazar günü keçirilən seçkilərin nəticəsi açıqlanıb. Rəsmi rəqəmlərə görə seçkilərdə muxtariyyət sakinlərinin 72 faizi, yəni 2082000 nəfər iştirak edib. kürd muxtariyyətinin yeni seçki qaydalarına əsasən 100 yerlik parlamentdə 95 yer ümumi səsvermə ilə müəyyən olunur, 5 yer isə türkmən, erməni və xristian (süryani) vətəndaşlar arasında bölünür.

12 partiya və 2 seçki koalisiyasının qatıldığı seçkilərin nəticələrinə əsasən Bərzani ailəsinin nəzarətində olan Kürdüstan Demokrat Partiyası birinci olub. Belə ki, KDP 809 min, onun əsas rəqibi, Talabani ailəsinin nəzarətində olan Kürdüstan Vətənpərvərlər İttifaqı (KVİ) Partiyası isə 408 səslə ikinci olub. Yeni Nəsil Hərəkatı isə 291 min səslə üçüncü yerdə qərarlaşıb.

Mandat bölgüsünə əsasən KDP 39, KVİ 23, Yeni Nəsil isə 15 mandat alıb. Digər yerlər isə Kürdüstan İslami Birlik Partiyası (Yekgirtu) 7, Kürdüstan Ədalət Cəmiyyəti Partiyası (Komel) 3, Halvest (Duruş) Hərəkatı 4, Xalq Cəbhəsi 2, Qoran və Kürdüstan İttifaqı Qrupu isə hərəyə 1 mandat alıb.

İlkin nəticələrə əsasən seçkilər türkmənlər üçün uğurlu olmayıb. Belə ki, İraq Türkmən Cəbhəsi və müstəqil türkmən namizədlər seçkilərdə qalib gələ bilməyib.

Bizimlə söhbət zamanı Türkməneli Tələbə və Gənclər Birliyinin Telafer təşkilatının sədri Ziyad Əli Emin oğlu bildirdi ki. seçkilər türkmənlər üçün uğurlu olmayıb. Həmsöhbətimiz bunu türkmənlərin seçkilərdə fəal iştirak etməməsi ilə izah edir. Sitat: “Bildiyiniz kimi, Şimali İraqdakı seçkilər İraqın digər regionlarından fərqli şəkildə keçirilir. Seçkilərin nəticələrindən razı qaldığımızı deyə bilmərəm. Bizim Ərbil və Süleymaniyə bölgəsinə bağlı Kifri rayonunda namizədlərimiz var idi. Koifridəki namizədimiz müstəqil qatılmışdı, Ərbildə isə “Canım Ərbil” blokunda vahid siyahı ilə seçkilərə qatılmışdıq. 12 namizədimiz var idi. Ancaq namizədlərimizin heç biri qazanmadı. Türkmənlərin yalnız az bir qismi seçkilərə qatıldı. Çünki kürd bölgələrində türkmənlərin çox ciddi problemləri var. İraq Türkmən Cəbhəsi türkmənlərin seçkilərdə daha fəal iştirakı üçün bir çox işlər görsə də, nəticə uğurlu olmadı”.

Həmsöhbətimiz deyir ki, hazırda İraqda çox ciddi iqtisadi problemlər olmasa da, Şimali İraqda vəziyyət bir qədər fərqlidir, əhalinin sosial-iqtisadi sıxıntıları var: “Hökumət burada işçilərin maaşlarını vaxtında ödəyə bilmir”.

Ziyad Əli Emin oğlunun sözlərinə görə, İraqda, xüsusən də Şimali İraqda türkmənlər yaxşı təşkilatlanıb, çoxlu sayda dərnək və cəmiyyət yaradıb. Geniş fəaliyyət sahəsinə malikdirlər. müəyyən qədər Telaferdə əhalinin problemləri var: “Türkmənlərin İraqda çoxlu sayda dərnək və birlikləri var. Bizim İraq Türkmən Cəbhəsinin Kərkük, Ərbil, Mosul, Telafer, Kifri və digər rayonlarda qollarımız, dərnəklərimiz var. Şükür Allaha, fəaliyyətlərimiz də gözəl şəkildə davam edir. Türkmən bölgələrində, xüsusən də Kərkük və Telaferdə fəaliyyətlərimiz çox yaxşıdır. İqtisadi vəziyyət də çox pis deyil, yalnız Telaferdə bəzi sıxıntılar var. Telafer böyük bir qəzadır, əhalisi çoxdur, burada işsizlik problemi var, insanlar iş tapa bilmirlər”.

Qeyd edək ki, hazırda daha bir narahatlıq doğuran vəziyyət Kərkükdədir. Belə ki, Kərkük valisi vəzifəsinə mərkəzi hökumət tərəfindən kürd əsilli şəxsin təyin olunması türkmən ictimaiyyətində narazılıqla qarşılanıb. Bundan başqa, İTC-nin təmsilçisi Yavuz Hamid Mahmudun təşkilatın razılığı olmadan Kərkük valisinin müavini vəzifəsinə təyin olunması İTC-də narazılıqla qarşılanıb və oktyabrın 19-da İTC Hamid Mahmudu təşkilat sıralarından xaric edib: “İraq mərkəzi hökumətinin Kərkükə vali təyin etməsi və bundan sonra Yavuz Hamid Mahmudun İTC-nin razılığı olmadan təşkilat adından vali müavini vəzifəsinə seçilməsi türkmən təşkilatları tərəfindən narazılıqla qarşılanıb. Kərkük mövzusunda hələ də sıxıntılarımız davam edir”. 

Digər xəbərlər