Bayden və Netanyahu danışdı - İran vurulacaqmı?

  • 11.10.2024
  • 51 baxış

ABŞ prezidenti Cozef Bayden və İsrailin baş naziri Benyamin Netanyahu arasında gözlənilən telefon danışığı nəhayət baş tutdu. İki liderin sonuncu telefon danışığı avqustda olmuşdu və bəzi müşahidəçilərin fikrincə, İsrailin İrana planlaşdırılan zərbəsi bu danışığın nəticəsində yubanmışdı.

Ağ Evin açıqlamasına görə, Bayden-Netanyahu danışığı 30 dəqiqə davam edib və Baydenin yanında vitse-prezident Kamala Harris də olub. Əsas müzakirə mövzusu İran idi, lakin rəsmi açıqlamalarda bu barədə geniş məlumat verilmir. Yalnız Baydenin İranın oktyabrın əvvəlində İsrailə raket hücumlarını qətiyyətlə pislədiyi və ABŞ-ın İsrailin təhlükəsizliyinə verdiyi dəstəyi bir daha vurğuladığı qeyd olunur. Eyni zamanda, Bayden Livan və Qəzzada mülki hədəflərin qorunması və atəşkəs danışıqlarının davam etdirilməsinin vacibliyini vurğulayıb.

Rəsmi açıqlamalarda bu qeyd olunmasa da, şərhlərdən belə görünür ki, Vaşinqton İsrailin İrana zərbə endirməsinə tam etiraz etmir, lakin bu zərbələrin İranın nüvə və neft obyektlərini hədəfə almasına “yaşıl işıq” yandırmır. Vaşinqton hesab edir ki, nüvə obyektlərinə hücum Tehranın nüvə silahı əldə etmək fəaliyyətlərini sürətləndirə bilər. Hazırkı kəşfiyyat məlumatlarına görə, İran nüvə silahı hazırlamağa hələ başlamayıb. Buna baxmayaraq, İran rəsmiləri, o cümlədən, bu gün ali dini liderin ofisinin müşaviri Rəsul Sanirad, İsrailin nüvə obyektlərinə hücum edəcəyi təqdirdə Tehranın nüvə strategiyasına yenidən baxacağını bildirib. Bir gün əvvəl isə bir qrup iranlı deputat Ali Milli Təhlükəsizlik Şurasına bununla bağlı müraciət edib. Amerikalıların fikrincə, İsrailin bu cür hücumu İran üçün nüvə silahı istehsal etmək üçün bəhanə verə bilər.

Neft obyektlərinə hücum isə qlobal enerji bazarında ciddi problemlərə və Vaşinqtonun maraqlarına zidd olan kəskin qiymət artımına səbəb ola bilər. Buna görə də, Bayden İsrailə neft və nüvə mərkəzlərindən uzaq durmaq barədə xəbərdarlıq edib. Görünür ki, İsrailin oktyabrın 1-dən etibarən İrana cavab tədbirlərini təxirə salması Baydenlə bu telefon danışığı ilə əlaqədardır.

Eyni zamanda, İsrailin müdafiə naziri Yaov Qallant telefon danışığı zamanı İranı “ölümcül, dəqiq və qəfil” cavabla hədələyib. İsrail mediası İrana zərbə planının hazır olduğunu və hərbçilərin qərarı gözlədiyini yazır. İranın xarici işlər naziri Abbas Əraqçi isə Qallantın açıqlamasına cavab olaraq, İranın müharibə istəmədiyini, lakin hər hansı bir ssenariyə hazır olduğunu bildirib.

Son bir gündə baş verənlər göstərir ki, İsrail İrana zərbə endirməyə hazırlaşır, lakin bu zərbə genişmiqyaslı müharibəyə səbəb olmayacaq şəkildə planlaşdırılır. Ekspertlərin fikrincə, İsrailin İranın hərbi obyektlərinə zərbə endirməsi və ya yüksək vəzifəli liderlərinə qarşı sui-qəsd ehtimalı daha yüksəkdir. Qallantın “ölümcül” ifadəsi, ehtimal ki, kiçik, lakin ağır nəticələr doğuracaq gözlənilməz bir zərbəyə işarə edir. Bu zərbələrin İsrail və İran arasında birbaşa müharibəyə səbəb olacağı gözlənilmir, çünki hazırda müharibə Vaşinqtonun planlarına daxil deyil. ABŞ regionda yeni münaqişəyə sürüklənmək istəmir, lakin bu vəziyyət İsrailin qərarından asılı olaraq dəyişə bilər. İsrailin İrana qarşı mümkün hücumu bölgəni ciddi böhrana sürükləyə bilər.

Digər xəbərlər