"Yeni Yaxın Şərq" planı və regionun gələcəyi

  • 09.10.2024
  • 106 baxış

BMT Baş Assambleyasında çıxışı zamanı İsrailin baş naziri Netanyahu Yaxın Şərqi faktiki olaraq ikiyə böldü. “Lənətli” başlığı ilə verilmiş xəritədə İsrailin düşmənləri İran, Suriya, İraq, Yəmən və Livan yer alırdı, ikinci, “Xeyir-dua” başlıqlı xəritədə isə yaşıl rənglə İsrailə dost və ya dost olmağa hazırlaşan Misir, Sudan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniya və Bəhreyn yer almışdı.

Netanyahunun “xəritələrində” Türkiyə yox idi. Ancaq həmin günlərdə parlamentin açılış mərasimində çıxış edən Türkiyə prezidenti bildirdi ki, İsrail Türkiyə torpaqlarına göz dikib, sitat: “Dəclə ilə Fərat arasındakı vətən torpaqlarına göz dikəcəklər. Qarşısında dayanıb poz verdikləri hər xəritədə bunu açıq deyirlər”.

Hazırda Türkiyənin hakimiyyətə yaxın mediası Ərdoğanın bu çıxışından ilhamlanaraq İsrailin Nil və Fərat çayı arasındakı “vəd edilmiş torpaqlara” iddiası haqqında yazır. Əlbəttə, bu əraziyə, başqa bir deyimlə “Bərəkətli hilal” torpaqlarına Türkiyənin də cənub-şərq vilayətləri düşür, amma İsrailin rəsmi olaraq bununla bağlı hər hansı iddiası bu günə qədər olmayıb. Radikal sağçı yəhudilərin dini mətnlərdə Tanrının Musaya vəd etdiyi torpaqlar haqqında yazı və çıxışlar olsa da, dövlət siyasətinə təsir etməyib. 

Yeri gəlmişkən, Netanyahu özü də BMT-dəki çıxışında Fələstini xəritədə göstərməyib. Bu, texniki xəta deyil, İsrailin hazırkı hakimiyyətinin hədəfidir, gələcəkdə Fələstin olmayacaq. Lakin “Tanrının Musaya vəd etdiyi torpaqları” almaq üçün İsrailin nə gücü, nə də potensiyalı yoxdur. Bəs o zaman Netanyahunun elan etdiyi, Ərdoğanın isə qarşı çıxdığı nədir? 

Ərdoğan və Netanyahunun çıxışında üst-üstə düşən yeganə məqam Yaxın Şərqin gələcəyinə olan baxışdır. Hər ikisi Yaxın Şərqin yeni mərhələyə keçəcəyini düşünür və ya ehtimal edir. Netanyahunun arzuladığı “yeni Yaxın Şərqdə” İran və onun peyk dövlətlərinin məğlub ediləcəyinə ümid var, Ərdoğanın hədəfi isə yeni dövrdə Türkiyənin siyasi kursunu müəyyən edir. İranın və proxilərinin olmadığı yeni Yaxın Şərqdə meydanda Türkiyə olacaq. Həmçinin İrandan “boşalan yerlərə” – İraq, Suriya, Fələstin, Yəmən və Livana Türkiyə daxil olmalıdır. Netanyahunun “xəritəsində” Türkiyə olmasa da, Ankara artıq özünü yeni dövrə hazırlayır. Ərdoğanın çıxışını isə ölkə daxilində yeni siyasi kursla bağlı ilk təlimat hesab eləmək olar.

Digər xəbərlər