Livan əməliyyatının ikinci mərhələsi başladı

  • 24.09.2024
  • 54 baxış

İsrail ordusu ötən həftənin sonundan başlayaraq Livan ərazisini bombalamağa davam edir. Cümə günü İsrail aviasiyası Beyrutda binanı bombalaması nəticəsində Hizbullahın elitar hərbi birləşməsi olan “Ridvan” briqadasının komandiri İbrahim Aqil və onunla birlikdə 15 komandirin, həmçinin 35 mülki sakinin də öldürüldü. 

Hizbullah baş katibinin müavini Şeyx Nəim Qasim İsraillə müharibədə yeni mərhələyə daxil olduqlarını, açıq hesablaşmaya başladıqlarını bildirib. Dünən Hizbullah İsrail ərazisinə 150 raket atıb. Raketlərdən bir qismi Hayfa şəhəri və ətrafındakı sənaye bölgəsinə düşərək yanğınlara səbəb olub. Son bir ildə ilk dəfə Livanda bu qədər geniş miqyaslı bombardmanlar baş verib.

İsrail keçən həftə Hizbullahın raket və raket qurğularının məhv edildiyini açıqlasa da, dünən 2006-cı il müharibəsindən sonra ilk dəfə İsrail orta rayonlarını, həmçinin “Ramat David” hərbi hava bazasını vurub. Bazaya 15 ədəd 175 kiloqram döyüş başlığı daşıyan 333 m-lik “Fadi-2” raketləri atılıb. İsrail HHM bunlardan yalnız 8-ni zərərsizləşdirə bilib. Bu, qarşıdakı həftə ərzində İsrail və Hizbullah arasında qarşıdurmanın şiddətlənəcəyini göstərir. 

İsrail baş naziri Benyamin Netanyahu Hizbullahı bildirib ki, bombardmanlar Livan-İsrail sərhədindən köçmüş israillilər evlərinə dönənə qədər davam edəcək. Ancaq son bombardmanlar göstərir ki, yaxın zamanda bu mümkün olmayacaq. 

Ümumilikdə son iki həftədə baş verənlər onu göstərir ki, Hizbullah içərisində güclü casus şəbəkəsi qurmuş İsrail qruplaşmaya ağır zərbə vurmaq və hava zərbələri ilə Hizbullahı zəiflətməyə çalışır. 

İsrail ordu komandanlığı Livana quru əməliyyatından bəhs etməyib. Bu da o deməkdir ki, hazırda İsrail Hizbullahın hərbi obyektləri və komandirlərini məhv etməyə çalışır, quru əməliyyat isə yalnız qruplaşmaya ağır zərbə vurulduqdan sonra baş verə bilər. Daha əvvəl də qeyd edildiyi kimi, ərazi üstünlüyü və döyüş təcrübəsini nəzərə alan İsrail komandanlığı Livana quru əməliyyatına risk etmir. 

Son həftələrdə Hizbullahın raket və silah anbarlarına endirilən zərbələrdən sonra dünən İsrail ərazisini vurması, digər tərəfdən, peycer və ardınca ratsiya partlayışları Hizbullahı zəiflətsə də, görünür ki, qruplaşma əsas gücünü hələ də qoruyub saxlayır. Bu isə o deməkdir ki, bombardmanlar bu həftə də davam edəcək, quru əməliyyatı isə sonrakı mərhələyə qalacaq.

Digər xəbərlər