İsrail qüvvələri İordan çayının qərb sahilində, xüsusən də İordaniya sərhədləri yaxınlığında hərbi əməliyyatları artırdığı müşahidə olunur, baş verən qarşıdurmalarda çoxlu sayda ölü və yaralı var.
İsrail qüvvələrinə qarşı müqavimət də var, iki gün əvvəl 3 İsrail polisi silahlı hücum nəticəsində öldürülüb.
İsrail İordan çayının qərb sahilində gərginliyə görə İranı ittiham edir. Lakin bu ititham elə də inandırıcı deyil. Çünki birincisi, Mahmud Abbasın nəzarətində olan bölgədə Həmas, İslami Cihad kimi İrana yaxın qrupların tərəfdarı azdır və silahları yoxdur, ikincisi, İranın burda çox gücü olsaydı, ötən 11 ay ərzində İsrailə qarşı istifadə edərdi. Nəhayət, Mahmud Abbasın İranla münasibətləri o qədər də isti deyil və İranın belə bir cəhdi olsaydı güman ki, Mahmud Abbas da buna qarşı çıxardı.
Ehtimal olunur ki, İsrailin gözlənilmədən İordan çayının Qərb sahilində, muxtariyyət bölgəsində əməliyyat keçirməsi daha çox sülh planını pozmağa, münaqişənin sərhədlərini genişləndirməyə hesablanıb.
Livanda ikinci cəbhənin açılmasının yubanması, digər tərəfdən, Qərb ölkələri, xüsusən də ABŞ Livanla müharibə olmaması üçün İsrail ordusuna təzyiq etməsi son günlərə qədər Livanla mühairbə ehtimalını arxaya atdı. Bu səbəbdən də hökumət Rammalaha daha çox diqqət ayırmağa başladı.
Üstəlik, ordu və hökumət arasında gərginlik artır. Bu ayın əvvəlində Quru Qoşunları komandanı general-mayor Tamir Yadai istefaya gedəcəyini elan etdi. Ötən ay isə Netanyahunun müdafiə naziri Yoav Qalant, Baş Qərargah rəisi Herz Halevini və Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet əks-kəşfiyyat agentliyi) rəhbəri Ronen Barı istefaya göndərəcəyi ilə bağlı xəbərlər ordu ilə hökumət arasında gərginliyin pik həddə olduğunu göstərirdi.
Məsələ ondadır ki, generallar hökumətin ikinci cəbhə açmaq və 11 aydır davam edən nəticəsiz Qəzza əməliyyatından sonra yeni müharibəyə başlamağı əlverişli hesab etmir. Müharibəni atəşkəslə bitirmək istəməyən Netanyahu “ikinci cəbhə”ni “daxildə”, yəni muxtariyyət ərazisində açır. Çünki burda əməliyyatlara təkcə ordu deyil, həm də polis və radikal silahlı məskunlar da qatılır.
İordan çayının qərb sahilində başlayan əməliyyatlar Qəzza atəşkəs danışıqlarına zərbə vurmaqla yanaşı İsrailin yeni əraziləri ilhaq etməsinə imkan yaradır. Bu isə daxildə hələ də çox güclü olan radikal sağçıları qane edir. Başqa sözlə, Netanyahu hakimiyyəti daxildəki dəstəyini qorumuş olur, həm də atəşkəs tələblərindən yayınmış olur.