Husi raketləri İsrail üçün nə vəd edir?

  • 17.09.2024
  • 61 baxış

Yəmən husiləri bazar günü ilk dəfə İsrailin mərkəzini raketlə vurub atıb. Rəsmi məlumata görə, raket ölkənin mərkəzində insan yaşamayan boş əraziyə düşüb. Tələfat yoxdur. Yayılan videoda isə boş ərazidə yanğın baş verdiyi görünür. 

İsrail hökuməti hadisəyə görə husilərə “ağır cavab veriləcəyini” bəyan edib. Ancaq indi daha çox müzakirə olunan raketin təxminən 2 min kilometr uçaraq Qırmızı dənizdə ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə sistemləri və İsrailin “Dəmir Qübbə” və digər ultramüasir raketdən müdafiə qurğularını yarıb keçməsi oldu. 

Yəmən ordu sözçüsü general Yəhya Səri İsrailə hipersonik raket atdıqlarını və bunun bir başlanğıc olduğunu deyib. Eyni zamanda yaxın zamanda İsraili yenidən hədəfə alacaqlarını bildirib. 

Qeyd edək ki, Yəmənə nəzarət edən husilər Qəzzaya hücuma cavab olaraq İsrailə müharibə elan edib. Husilərin atdığı bir neçə raket və dron İsrailə düşüb, o cümlədən bu ilin martında Eliat limanına, iyulda isə dron Təl-Əvivə düşərək bir nəfərin ölümünə səbəb olub.

ABŞ, Böyük Britaniya və Avropa İttifaqı Qırmızı dənizə hərbi gəmilər göndərib və bir neçə dəfə Yəmən ərazisini bombalayıb. ABŞ ordusu husilərin raket və dron mərkəzlərinə ağır zərbə vurulduğunu açıqlayıb. 

Husilərin atdığı raketin 10 dəqiqəyə İsrailin mərkəzinə düşməsi həm də növbəti hücumlarla bağlı ciddi xəbərdarlıqdır. O da məlumdur ki, Husilərin təkbaşına bu cür müasir raketlər istehsal edə bilməz, onlara yeni texnologiyalar İran tərəfindən verilib. Ancaq istənilən halda husilərin İsrail ərazisini vura bilməsi Yaxın Şərqdə müharibənin yeni bir mərhələyə keçməsinə işarədir. 

Bu hadisədə əsas olan heç də raketlərin İsrail ərazisinə vurduğu ziyan, yaxud tələfat deyil. Husi zərbələri ərəb-müsəlman regionunda İsrailə qarşı silahlı müqaviməti alovlandıra və 7 oktyabrda sonra ciddi zədə alan İsrailin toxunulmaz obrazını zədələyir. Son 50 ildə İsrail on atılan hər daşa cavab olaraq onlarla mərmi və raket atıb, öldürülən hər israilli üçün yüzlərlə düşmən öldürə biləcəyini sübut etməklə ərəb ölkələrində qorxu atmosferi yaradıb. Lakin indi psixoloji “qorxu divarı” Yaxın Şərqin militan silahlı qrupları tərəfindən dağılır. Üstəlik müharibənin coğrafiyasının genişlənməsi İsrail və müttəfiqləri üçün ciddi çətinlik vəd edir. 

Təsadüfi deyil ki, Həmas artıq bəyanat yayaraq raket zərbəsini təqdir edərək Fələstin xalqına qarşı zorakılığa “təbii reaksiya” adlandırıb. Yəmən, İraq, Livandan İsrailə qarşı artan hücumlar Həmas üçün xüsusi əhəmiyyət kəsb edir, müqavimət potensialını artırır.

Digər xəbərlər