Tramp Fələstinə sülh vəd edir

  • 04.09.2024
  • 51 baxış

ABŞ-da prezidentliyə namizəd, eks-prezident Donald Tramp prezident Bayden və vitse-prezident, prezidentliyə namizəd olan Kamala Harrisi Qəzzada baş verənlər görə ittiham edib. Tramp bəyan edib ki, Qəzzada girovlarla bağlı böhranın davam etməsinin səbəbi K.Harrisin zəifliyi və nə etdiyini bilməməsidir, əgər o prezident olsaydı 7 oktyabr böhranı baş verməzdi. 

Əlbəttə, prezident seçkilərinə 2 ay qaldığı bir vaxtda namizədlərin bir-birini ittiham etməsi normal haldır.

Trampın ABŞ-ın hazırkı administrasiyasını Qəzza məsələsində ittiham etməsində həqiqət payı yox deyil. Çünki həqiqətən də Vaşinqton qətiyyətli hərəkət etsəydi Qəzza müharibəsi böyüməz, israilli girovların həyatı bu qədər təhlükədə olmazdı. Tərəflər arasında atəşkəsə nail olmaq və girovların azad edilməsinə nail olmaq mümkün idi. Nəzərə almaq lazımdır ki, müharibənin ilk aylarında girovların yarıya qədəri azad edildi və o zaman daha çox insan hələ sağ idi. Üstəlik ABŞ qətiyyətli müdaxilə ilə müharibənin uzanmasının qarşısını ala bilərdi. Ancaq Bayden administrasiyasının ləng, qətiyyətsiz hərəkəti nəticəsində müharibə və Qəzzada fəlakət bu həddə çatdı. 

Lakin, Trampın iddiasının ikinci hissəsi, yəni onun özünün faciənin qarşısını alacağı ilə bağlı iddiası əsaslı deyil. Birincisi, Trampın bununla bağlı hər hansı “yol xəritəsi” yoxdur. Digər və ən əsası isə bundan əvvəl 2017-2021-ci illərdə prezident postunu tutan Trampın Yaxın Şərq siyasəti heç də uğurlu olmayıb, əksinə, regionda münaqişə daha da dərinləşib. Donald Tramp prezidentliyinin ilk ilində, 2017-ci ilin dekabrında özündən əvvəlki ABŞ prezidentlərinin siyasətinin əksinə gedərək Qüds (Yerusəlim) şəhərini İsrailin paytaxtı kimi tanıyıb və ABŞ səfirliyini bu şəhərə köçürməklə bağlı qərar qəbul edib. Bununla da kifayətlənməyib, 1967-ci il “6 günlük müharibə” zamanı İsrail tərəfindən işğal olunmuş və BMT tərəfindən hələ də işğal ərazisi kimi tanınan Colan təpələrini İsrail torpaqları kimi tanıyıb. Bununla da radikal sağçı İsrail siyasətçilərini başda Beyamin Netanyahu olmaqla daha da cəsarətləndirib, sülh ümidlərini dəfn edib. Nəticədə Fələstində gərginlik daha da artıb, sülh danışıqları prosesi faktiki olaraq pozulub. 

Bu səbəbdən də Trampın Fələstinə sülh gətirəcəyi ilə bağlı çıxışları ən kiçik tənqidə tab gətirə bilmir.

Digər xəbərlər